Şuşaya hər səfərdən sonra ora gedənləri sosial şəbəkələrdə və saytlarda gedə bilməyənlər topa tuturlar, xüsusilə də jurnalistləri və ziyalıları. Və topa tutanlar da elə jurnalistlər və ziyalılardı.
Növbəti topa tutulan ATV-nin əməkdaşı Zaur Baxşəliyevdi. Və uzun bir siyahı yazırlar ki, niyə filan şuşalılar (söhbət şuşalı jurnalistlərdən və ziyalılardan gedir) dura-dura Zaur Baxşəliyevi Şuşaya aparıblar.
Əvvəla, Zaur Baxşəliyev də Şuşada doğulub, şuşalıdı və bütün Qarabağın ağrı-acısını da yaşayanlardan biridi. Bunu da verilişlərində həmişə izləmək olur. Yəni Şuşaya getmək onun da haqqıdı.
Və təbii ki, Zaur Baxşəliyev kimi digər şuşalı jurnalistlərin və ziyalıların da Şuşaya getmək haqqı var.
İkincisi, həmin jurnalistlərin təmsil olunduğu media orqanlarının rəhbərləri bu barədə Prezident Aparatına müraciət edibmi? Etməyiblərsə, şikayət etməyə haqları yoxdu. Ediblərsə, nə cavab alıblar?
Üçüncüsü, az qalıb. Şuşaya çəkilən yol tezliklə bitəcək, ondan sonra Şuşanı su yoluna döndərəcəyik.
Dördüncüsü, tezliklə Ağdam-Şuşa yolu da açılacaq, Ağdamdan 20-25 dəqiqə sonra Şuşadasan. Bu yol 37 kilometrdi.
Ağdamın Ağdam vaxtı yarış gedirdi – kim bu yolu daha tez gedər? Yadımdadır, rekord rəhmətlik rejissor Aydın Dadaşovun qardaşı Ayaz Dadaşova məxsus idi: 18 dəqiqə.
O da yadımdadır ki, Qarabağın böyük ziyalısı, Xankəndi Pedaqoji Universitetin dekanı rəhmətlik Süleyman Zeynalovun oğlu Rafiq Zeynalov bu rekordu təzələmək istəyəndə maşını ilə dərəyə yuvarlanmışdı və Allahın mözücəsi baş vermişdi. Daşaltı çayına gedib düşən avtomobildən sağ-salamat çıxmışdı, yalnız bir qolu qırılmışdı.
Darıxmayın, həmin yarışların yenə şahidi olacağıq.
Və dostlar, siz də darıxmayın. Allah qoysa siz də tezliklə nə vaxt ürəyiniz istədi Şuşaya gedə biləcəksiniz.
Ağdamlılar borş yemək istəyəndə Xankəndinə gedərdilər və ən yaxşı borşu da Avtovağzaldakı yeməkxanada verərdilər.
Və mənim də könlümdən İsa bulağından su içməkdən çox Xankəndindəki Avtovağzalda borş yemək keçir.
Bəs sizin?