XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Mirmahmud Mirəlioğlu: "Öz torpaqlarımıza həftənin cüt günləri gedə bilirik"
MÜSAHİBƏ 14:05 / 14.07.2021

Dünən Ermənistan XİN-i Şuşaya səfər etmiş səfirlərin təmsil etdikləri ölkələrin İrəvandakı elçilərinə nota verib. Notada qeyd olunur ki, guya səfirlər qanunsuz olaraq qondarma "Artsax”a daxil olub.

Yenisəs.az  xəbər  verir  ki,  KXCP-nin sədri Mirmahmud Mirəlioğlu bu nota ilə bağlı Adalet.az-a danışıb.

Döyüş hər bir sahədə aparılmalıdır, amma biz bunu qura bilmirik. Biz indi burdan ora o diplomatik hərəkəti topa da tutsaq, bunun heç bir təsiri olmayacaq. İşlərimizi daha doğru, daha dürüst etməliyik. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin diplomatları, hətta bildiyiniz kimi, Böyük Britaniyanın, Almaniyanın səfirləri də iştirak etməyiblər. Deməli, biz işlərimizi normal qurmalıyıq və onlara cavab verməli deyilik. Onlar çalışmalıdırlar ki, bizə cavab versinlər. Necə ki bu addım atılıb. Səfirlərin Şuşa səfəri çox gözəl səfərdir, amma tam uğurlu deyil. Digərlərindən də soruşmalıyıq ki, niyə getməmisiniz?

Onlar düşməndirlər, öz münasibətlərini bildirməlidirlər. Bizim diplomatik gedişlərimiz də ordumuzun qələbəsinə uyğun olmalıdır. Necə ki ordu məsələni bitirdi, diplomatiya da bu məsələni bitirməlidir. "Ədalət” qəzeti də, biz siyasətçilər də, diplomatlar da artıq başqa məsələləri müzakirə etməliyik.

Mirmahmud Mirəlioğludan erməni silahlılarının atəşkəsi pozması ilə bağlı da mövqeyini öyrəndik.

 

- Dünən axşam saatlarında erməni silahlıları tərəfindən Şuşaya atəş açılıb. Hətta "Reuters” agentliyi bir erməni əsgərinin öldüyünü də yazdı. Bu gün isə Naxçıvan mövqelərimizi atəşə tutublar. Xatırlayırsınızsa, keçən il də iyulun 14-də eynən bu cür olmuşdu. Polad Həşimov və digər döyüşçülərimiz şəhid olmuşdu. Sizcə, budəfəki erməni təxribatının sonu necə bitəcək?

- Bu xatırlatmaya görə təşəkkür edirəm. Polad Həşimovun qisasını əsgərlərimiz aldı. Şəxsən Cəbrayıl gənc əsgər olaraq özü aldı. Amma digər şəhidlərimizin – məsələn, yaxın zamanlarda şəhid olan, minaya düşənlərin qisası tam alınmayıb. Maraqlı bir detal qeyd etdiniz, "Reuters” yazır ki, bir erməni əsgəri ölüb. Yaxşı olub. Erməni əsgərinin orda nə işi var ki? Biz axırıncı erməni terrorçusunu məhv edənə qədər işlərimizi davam etdirməliyik.

İndi "siyasətçi”, "diplomat”, "siyasi ekspert”, "politoloq”larımız çıxıb deyəcək ki, bu, təxribatdır. Ay qardaş, nə təxribat? Düşmən öz işini görür, sən də öz işini görməlisən. Ya düşmənlə məsələni birdəfəlik həll etməlisən, bütün sahələrdə - diplomatik, hərbi, siyasi, ya da beləcə azərbaycansayağı gözləməlisən, onlar atəş açacaq, sən də gözləyəcəksən ki kimsə gələcək, nəsə edəcək. Belə olmaz. Bütün bu məsələlər düşmənin ölmədiyini, siyasətinin davam etdirdiyini və bizə olan düşmən mövqeyini saxladığını göstərir.

Rusdan sülhməramlı olar? Gətirib yerləşdirmişik Qarabağa. Biz icazə vermişik də, biz imza qoymuşuq da, biz dəvət etmişik də.

Bilirsiniz də, torpaqlarımıza rusların icazəsi ilə, özü də qrafiklə gedirik. Həftənin cüt günləri gedə bilirik, tək günləri gedə bilmirik. Həftə yeddi gündən ibarətdir, yeddi günün üç günü öz torpaqlarımıza rusun buraxılış vərəqəsilə gedə bilirik. Belə olmaz. Bu məsələ birdəfəlik bitməlidir. Yoxsa hələ bu xəmir çox su aparacaq.


3767 oxunub

InvestAZ