XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Emin Piridən yeni şeir
Ədəbiyyat 09:07 / 11.07.2021

Xocalıda yazdığım şeir:

Sən azadsan!

(Savaş qazisinin dilindən)

Saçımda anamın xınası,

yolların ayaqlarımçün duası,

gözlərimdə hələ bizim olmayan uzaqlıq

deyir:

Sən azadsan!

Sən azadsan!

Ayaqlarım cığırlara yalvarır;

QARABAĞ,

biz sənin övladınıq,

ilk dəfə gördüyün övladlar.

Uzaq tut ayaqlarımızdan

bətnində gizlətdiyin minaları.

Sol düşüm üstdə

gəzdirdiyim məktəbli məktubu,

bizi zirehli gödəkçə kimi qoruyan

uşaq duaları.

körpə azrularıyla birgə döyünür

məktub altındakı ürəyim.

Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...

Burda ulduzlarla deyil,

hər minamyot mərmisiylə sayırıq

yarım qalan ümidləri,

anaların göz yaşını.

bir döyüşçü sevgilisinin

bətnində ölən arzusunu.

Günlərdir danışmırıq.

bilirəm, narahatsan, ana.

bəlkə gecələri ağlayıb,

şəklimlə ovunursan, ana.

səni Füzulidən eşidirəm, ana,

səni Cəbrayıldan görürəm, ana,

sənə Şuşadan əl yelləyirəm,ana.

Noyabrın dağ soyuğu,

Bumbuz olmuş bədənim,

barmağımda titrəyən tətiyim

və bizi qızınmağa çağırır

Şuşanın imisti ana qucağı.

Formamda şəhid qardaşlarımın qanı,

gözlərimdə 44 gecənin yuxusuzluğu,

bir az həyəcan, bir az da

sevinc tərinə qarışan geyimim.

təqvimdəki "8 noyabr”

Qarabağ torpağıyla, palçığıyla

büsbütün vətənləşən bədənimiz

bizi gözləyən Azərbaycan

meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;

Sən azadsan!

Sən azadsan!

Xocalı, Siqnax. Noyabr 2020


8396 oxunub

InvestAZ