XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Zəka Vilayətoğlu - 50
Ədəbiyyat 11:39 / 09.07.2021

Bu il 50 yaşının xoş anlarını yaşamağa başlayan şair, yazıçı, bəstəkar və həm də sevilən müğənnimiz Zəka Vilayətoğlu özünün yeni şeirləri ilə «Ədalət»in oxucularının görüşünə gəlib. Biz tələsmədən, amma hər kəsdən öncə dostumuzu – Zəka Vilayətoğlunu təbrik edir və onun şeirlərini böyük məmnuniyyətlə oxucularımıza təqdim edirik.

AĞLADIM

Nə zamandır, görməmişdim,

dağları gördüm, ağladım!

Hər daşına, qayasına,

üzümü sürdüm, ağladım!

 

Daşyarpızı qoxusuna,

quşların şən oxusuna,

bayıldım, düşdüm ovsuna,

gülünü dərdim, ağladım!

 

Bu daş, vətən, bu dağ, vətən,

bu çağlayan bulaq, vətən,

yaxın vətən, uzaq vətən,

sevincim, dərdim, ağladım!

 

Bir əzəmətdi, qüdrətdi,

mənə ucalıq öyrətdi,

Tanrım, bu, nə məhəbbətdi,

Könlümü verdim, ağladım!

 

 

 

BU EŞQ

Canımı yandırıb yaxır,

başımın bəlası bu eşq!

Yaş olub gözümdən axır,

başımın bəlası bu eşq!

 

Uzanır əlim, çatmayır,

yanır ciyərlər, çatlayır,

Gözlərim yuxu yatmayır,

başımın bəlası bu eşq!

 

Gördüm, bu həvəsdə məni,

qoyub duman, sisdə məni,

döndəribdir, süstə məni,

başımın bəlası bu eşq!

 

Təzə bal kimi sırlanır,

könlümdə qalıb xarlanır,

ah, başım dönür, fırlanır,

başımın bəlası bu eşq!

 

 

 

 

 

 

 

 

 

 

ZALIM ŞAH

Yaman sıxdın ürəyimi,

gözlərimdən yaş süzüldü!

O daşlaşan ürəyindən

yollarıma daş düzüldü!

 

Bilməm, sənə dostam, yadam,

de, axı neyləyim, adam?

Məni yerimdən oynadan,

o bənzərsiz qaş-göz oldu!

Ümidləndim aya, ilə,

bəlkə tale üzə gülə!

Ömrümə qalsa da hələ,

bu möhnətlə yaş yüz oldu!

 

Gözəllik, şahlıq taxtısa,

taxtdakı, zalım şahdısa,

aşiqliq bir günahdısa,

vay, anam, vay, baş üzüldü!..

 

 

SEVGİMİN ADI

Sevirəm dağı da, dənizi də mən,

Sevgim ürəyimdə bölünübdür tən.

Bu dağ da vətəndir, dəniz də vətən,

Heyranam Tanrının əsərlərinə!

 

Eşq ilə, duyğuyla bəllidir kimlik,

Dağ, dəniz sevdalı mən deyiləm ilk,

Dağ bir ucalıqdır, dəniz dərinlik,

Ucalıq eşqilə endim dərinə!

 

Dağın yaraşığı çiçək, duman, qar,

Nazla çiçək dərən o vəfalı yar!

Dənizin qoynunda min möcüzə var,

Hər kəs vaqif olmaz onun sirrinə!

 

Xülasə, sevgimin adı dəniz, dağ

Bir də doğulduğum bu Ana Torpaq!

Düşərsə xəzana, saralar yarpaq,

Ruhumla bağlıyam, mən hər birinə!

 

DUYĞULAR

Gecə yuxusundan oyanıb səhər,

yuyur üz-gözünü yağış suyuyla.

Baxıb pəncərədən seyr edirəm mən

yeni bir uğurlu gün arzusuyla!

 

Həyat çox maraqlı filmdir, film,

cavanlıq, qocalıq - ikicə bölüm.

Onsuz da son ucda gözləyir ölüm,

üzülmək nə lazım, xof, qorxusuyla?

 

 

Tanrı çox verəndə azı düşündüm,

oldum hər qismətdən razı, düşündüm.

Qışda üşüyəndə yazı düşündüm,

döyündü ürəyim, xoş duyğusuyla!

 

GÖZƏLDİR

Ağı da pis deyil, amma

Şərabın alı gözəldir!

Boş, mənasız danışandan

Adamın lalı gözəldir!

 

Yar sevsən, sev göyçəyindən,

Ağlı, eşqi gerçəyindən

Çəksə cökə çiçəyindən

Arının balı gözəldir!

 

 

Könlüm laçın, ruhum laçın,

Hey istərəm qanad açım.

Şərəflə ağaran saçın

Gözəldir, çalı gözəldir.

 

Öz hökmü vardır hər anın,

Ruhum fövqündə, zamanın

dəymə könlünə Zəkanın

Halı, əhvalı gözəldir!

 

 

SORUŞDUM DAĞLARDAN...

Gədəbəydə doğulmuş, Qori Seminariyasında təhsil almış Çar naçalniki, erməni daşnaklarına və bolşevizmə qarşı amansız mübarizədə qəhrəmancasına həlak olmuş Məcid ağa Şəkibəyovun xatirəsinə

 

Soruşdum dağlardan, Qaçaq Məcidi

Dedi: "Aslan idi, şir idi, Məcid!

Qartal duruşluydu, şahin baxışlı,

Cəsur ərən idi, ər idi, Məcid!

 

Bu dağın, bu düzün ağası idi,

Həqiqətin, düzün ağası idi,

Dediyi hər sözün ağası idi,

Dosta sədaqətdə bir idi, Məcid!

 

Türk oğlu bəllidir, coşan qanından,

Düşmən yel olub da ötməz yanından,

Elin dar günündə keçdi canından,

Yağılar üstünə yeridi Məcid!

 

O, uca dağların yaraşığıydı,

Vətən sevdalısı, yurd aşiqiydi,

Məcidə Məcidin gülləsi qıydı,

Yandı bir şam kimi, əridi Məcid!

 

Tarixdə silinməz izi izi görünür,

Ay kimi nurlanır, üzü görünür,

Zəka, hər söhbətdə özü görünür,

Ölməyib, əbədi diridi, Məcid!”

 

 

BU EV

Bu ev atama bənzəyir,

atam bu evə bənzəyir!

Bu ev anamın bəzəyi,

anam bu evi bəzəyir!

 

Uca dağlardır qardaşı,

yaşıl bağlardır sirdaşı,

sanki çatılıbdır qaşı,

bir doğma adam gözləyir!

 

Ocaqdır, odu yandırmaz,

nə də üşütməz, dondurmaz,

bu evdən kimsə gen durmaz,

Hər an uzaqdan səsləyir!

 

Anam bu evin nəfəsi,

atam bu evin haqq səsi,

ayrıdır onun nəşəsi,

onsuz heç ürək dözməyir!

 

 

 

 

ŞEİR YAZMAQ

Şeir yazmaq, sevgidir,
eşqdir, eşqə yanmaqdır!
Bir yaz günü bağçada
şən ötüşən quşların
cəh-cəhinə yuxudan
ləzzətlə oyanmaqdır!
Şeir yazmaq, nurlanmaq,
Günəşə can atmaqdır,
Ürəyinin nurunu
Gün nuruna qatmaqdır!
Şeir yazmaq, gecələr
şirin yuxusu ərşə
çəkilmək, calanmaqdır!
Yay günündə, dumanlı,
çisginli dağ döşündə
şehli çəmənliklərdə
iliklərinəcən həzzlə,
o ki var, islanmaqdır!
Şeir yazmaq, uğursuz
bir eşqə acı-acı,
səssizcə ağlamaqdır!
Uzaqdan eşidilən
azan səsinə uyub
Sevgi ilə, sevinclə
Tanrıya qovuşmaqdır!
Şeir yazmaq, söz ilə
anidən sehrlənmək,
sözlə ovsunlanmaqdır!
Ruhən, qəlbən bir şirin
ağrımaq, sızlamaqdır!
Şeir yazmaq, yamyaşıl,
uzun vadi boyunca,
pay-piyada yol alıb
uzağa yollanmaqdır!
bir muma dönüb, söz-söz
əriməkdir, yanmaqdır!
Şeir yazmaq, sakitcə
öz içinə çəkilib
hamıdan uzaq, xəlvət,
qəfil tənhalaşmaqdır!
Su kimi durulmaqdır,
su kimi saflaşmaqdır!
Şeir yazmaq, sözlərdə
güzgülənmək, daranmaq,
yaraşıqlı olmaqdır!
Özünə qayıtmaqdır,
özünü tanımaqdır!
Şeir yazmaq, dərindən,
için-için darıxmaq,
Çırpınaraq, göylərə
ruhən qanadlanmaqdır!
Şeir yazmaq, dünyadan
qopub təcrid olmaqdır!
Yenidən doğularaq,
böyümək, boy atmaqdır!
Şeir yazmaq, duyğular,
hisslər ucalığında
dönüb Tanrılaşmaqdır!

 

 

 

QƏZƏL

Bal isən, bal kimi qal, heç zəhər olmaq sənə düşməz!

Gah elə, gah da belə, birtəhər olmaq sənə düşməz!

 

Görmüşəm mən səni hər dəm nur ilə, fərəh ilə, yar,

Nə kədər, nə qəm, nə də ki qəhər olmaq sənə düşməz!

 

Sadəlik çox yaraşır, həm özünə, həm adına, bil,

Bu xüsusla kənd ikən sən, şəhər olmaq sənə düşməz!

 

Sən ki bir Ay ulduzlu, sevgi dolu nurlu gecəsən,

Üzü boz, göyləri tutqun səhər olmaq sənə düşməz!

 

Bu halınla o qədər qiymətlisən, dəyərlisən ki,

Zəkadan ayrı, uzaq ləl-gövhər olmaq sənə düşməz!

 

 

PESSİMİST ŞEİR

Salaməleyküm, Tanrım,
Necəsən, nə var, nə yox?
Bizdə aləm qarışıb,
bilən yox, kim ac, kim tox!

Sənin verdiyin ömrü
Beləcə yaşayırıq,
Sən necə istəyirsən,
eləcə yaşayırıq!

Sənlik deyil, bəlkə də
bizə belə deyirlər!
Bu qarışıq ölkədə,
Düz olanı əyirlər!

Hərdən bir baş çək bizə,
Gör kim acdır, kim susuz!
İnsanlar enir dizə,
şərəf, şan olub ucuz!

Sənindir bu Göy, bu Yer,
Sənindir cümlə aləm!
Eşit, səsimə hay ver,
Yetişsin sənə naləm!

 

ÖMÜRDƏN

Ömür dəniz kimi təlatümündə,

İllər dalğa-dalğa keçir ömürdən!

Çiçək təravətli qönçə günləri,

Seçir bircə-bircə, seçir ömürdən!

 

Hanı, bahar hanı, hanı, yaz hanı,

Kim poza bilər ki, Tanrı yazanı?

Daha qarşı gəlir, payız xəzanı

Gənclik qaranquş tək köçür ömürdən!

 

Tanrım, bu, məndən əl, bu, səndən ətək,

Hərdən əllərini kürəyimə çək,

Qocalıq əyilib, bulaq suyu tək

İçir udum-udum, içir ömürdən!

 

SEVƏSƏN

İstəsən ki, məhəbbətin bal dada,

Gərək sən də arı kimi sevəsən!

İnsafdırmı, yar yarını aldada,

Vaxtında get, vaxtında gəl evə sən!

 

Çox sevinsən, altından bir dərd çıxar,

Mərd olanlar hər oyundan mərd çıxar.

Hərdən balın içindən də qurd çıxar,

Çox görmüsən, muma düşən güvə sən!

 

Qarışanda rəng də yorur adamı,

Dedi-qodu, cəng də yorur adamı,

Dinlə məni, ay Allahın adamı,

Çox da uyma, əyləncəyə, kefə sən!

 

 

YARIŞIR

 

Ürəyimi eşqə qurub Yaradan,

Gecə-gündüz saat kimi çalışır!

Saniyəsi, dəqiqəsi çınqı tək

düşür cana bir od kimi alışır!

 

Eşq dedim də, nə düşündün bir desən?!

Haqqı danış, nahaq demə bir də sən,

Unutma ki, sən "Eşq" adlı pirdəsən!

Zənn etmə ki, ağlım çaşır, qarışır!

 

Suyu yoxsa, yağış yağa, sulanmaz,

Bir bulaqdır, ha bulandır, bulanmaz,

Viranədə bayquş kimi dolanmaz,

Ruhum mənim Yerlə, Göylə yarışır!

 

 

 

DEYİM

Sən elə gözəlsən, elə gözəl ki,

Bilmirəm hurimi, mələkmi deyim?!

Nə deyim, adına yaraşan olsun,

Sinəmdə döyünən ürəkmi deyim?

 

Ucalıq deyəndə düşürsən yada,

Mislin, bərabərin yoxdur dünyada

Layiqsən ən uca, ən təmiz ada,

Sənə şirin arzu, diləkmi deyim?

 

Uludan ulusan, qədimdir yaşın,

Elə vüqarlısan, ucadır başın!

Ləldir, cəvahirdir torpağın, daşın,

"Yox özgə cənnətə gərək”mi deyim?

 

Adına Gədəbəy deyib babalar,

Qoynunda xürrəmdir ellər, obalar.

Sanki çiçəklərdən toxuyub bahar

Dağların başında çələngmi deyim?

 

 

VARSA

Güclüsən, fərəhlisən,

Arxanda dağlar varsa!

Səni bu ulu yurda,

Bağlayan bağlar varsa!

 

Təpər var hələ dizdə,

Gəz, dolan dağda, düzdə!

Gülər könül də, üz də,

Yanar ocaqlar varsa!

 

Ürək bu yerdə şaddır,

Sevinci ayrı daddır.

Üşümək sənə yaddır,

İsti qucaqlar varsa!

 

 

Sənindir bu yer, bu göy,

Sənindir bu ulu köy,

Könlüncə əzizlə, öy,

Sağ olan sağlar varsa!

 

EŞQ ADLI DİNƏM

Uca zirvədəyəm, ruhum qanadlı,

Dağlarda dumandır, yağışdır, mənəm!

Burda bir sehr var, bir gözəllik var,

Çətin, bu zirvədən ayrılam, enəm!

 

Dağ çayı səs salıb dərələr boyu,

Sanki bu gecənin toyudur, toyu!

Hər yandan saflığın ətrini duyub,

Nəğməylə süslənir, çağlayır sinəm!

 

 

Şehli çəmənlərdə görüb izimi,

Burda tanıyıram özüm özümü,

Bu yerdən almışam gücü, dözümü,

Gərək hər kədəri, hər qəmi yenəm!

 

Tanrının səsi var qulaqlarımda,

Sevinc naxış salıb yanaqlarımda,

Bir dua səslənir dodaqlarımda,

Mən bir sevgi adlı, eşq adlı dinəm!

 


2741 oxunub

InvestAZ