XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Vaqif Aslan: Kiş kəndi
Ədəbiyyat 16:02 / 05.07.2021

Kiş kəndi

 

Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi!

Halal süfrə, duz - çörək, zəhmət kəndi, iş kəndi!

 

Marxalın, Xan yaylağın, Atuçan yaylağın var.

Qaynar, Damarçşın kimi çayın var, çaylağın var.

 

Döşəyin gül-çiçəkdir, yastığın dağ döşləri...

Yaradana bəllidir bu dünyanın işləri.

 

Sakhunlar da səndədir, Sığnaq da, Pir qaya da.

Əlin çatır günə də, ulduza da, Aya da.

 

Sənindir Qızılbərə, Laskının talası da.

Bu Gələrsən-Görərsən - bu Qızlar qalası da.

 

Qaladüzün, Şamlığın, öz aləmin var sənin.

Çalmuğun, Süddü axın, Qocakəmin var sənin.

 

Ərşpirim Baba səndə, Cumay Ocağı səndə.

Qızın gözəli səndə, oğlun qoçağı səndə.

 

Dirilik çeşməsidir Baydar bulaq, Həmzələr.

Cilvələnir sularda axıb gedən qəmzələr.

 

Mənim məbədli kəndim, ocaqlı, pirli kəndim.

Daşıyla, qayasıyla sehirli, sirli kəndim!

 

Məhəllən var Doxuntək, Cour, Maflar, Gavantək.

Başının üstündə göy çil-çıraqlı tavantək.

 

Tayirlər, Dərə məhlə, Salayşağı, Yanıxlar ...

Bəlgəsi, nişanıyla, yanığısıyla tanıqlar.

 

Bədələr, Tatarşağı, Doduşağı, Duluzlar...

Var olsun bu nəsillər, var olsun bu uluslar!

 

Hekayətdir ayrıca Vələmmədlər, Layişlər...

Sayıb sadalamaqla qurtarmaz ki, bu işlər.

 

Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi!

Səni necə sevməsinVaqif Aslan əfəndi?

***

MƏN

(Tüklüyü ilə öyünən Nüsrət Məmmədov üçün)

Oğuz mənəm, qıpçaq mənəm,

qarlıq mən.

Bu uruklu, bu turuklu

varlıq mən.

Kumuk, xakas, barabin mən,

tarlıq mən.

*

Mən -Məshəti, Qaraqalpaq,

Oryat , Meşaram.

Mən -Qaqauz, mən- Karaim,

Çuyam,.. yaşaram.

Mən -Qu kişi, mən - Kumandin,

Suyam,.. daşaram.

*

Siu da – mən, Dakota da,

Mayya da hələ.

Ey Ərata, ey Günana,

işıq, nur ələ.

Mən Teleut, Qaşqay, Xalac,

Əfşaram elə!

*

Mən bir dünya ağacıyam,

ocağam, pirəm.

Tanrıkutam, o bir olan

Tanrımla birəm.

Köklərimdə - həyat suyu,

kölgəmdə - İrəm.

*

Qol-budağım tandan tünə

çatar, əzizim.

Məndən keçər zaman adlı

qatar, əzizim.

Mən özüməm Qırğuz, Qazax,

Tatar , əzizim.

*

Pestin kiji, Noqay, Saqay,

Aba - mən.

Kaçin, Saka, Apaçi mən,

Tuba - mən.

Türk oğul-mən, türk ata - mən,

baba – mən.

*

Mən tərpənsəm,

Yer tərpənər, Göy tərpənər

yerindən.

İnsan bacı, insan qardaş,

dur, nəfəs dər

dərindən.

Türkəm mən!

Börksüzlərə börkəm mən!

Kürksüzlərə kürkəm mən.

Türkəm mən!

Türkəm mən!

***

*

Olar

 

Dost ilə dost arasında

Söz də olar, sov da olar.

Ürəyində varsa əgər

Tov olmayan tov da olar.

 

Ağ sinədə qara xallar...

Şərh istəməz çox suallar.

Göydə tutar əhli-hallar

Ovçu olsa, ov da olar.

 

And olsun bu yerə-göyə

Qaldım səni öyə-öyə.

"Qaçma-gəldim” deyə-deyə

"Qaç” da olar, qov” da olar.

 

***

*

 

RƏSUL RZA - nı oxuyarkən

 

Səhər gündüzləriylə...

Axşam gecələriylə...

Kənd doru-doqqazları...

Şəhər küçələriylə...

İnandığı adamlar

Neçə-neçələriylə...

Dünya novruzqabağı

Çillə-beçələriylə

Sıxdı Rəsul Rzanı.

*

Əyni köynəkləriylə...

Gözü eynəkləriylə...

Əli əlcəkləriylə...

Beli pencəkləriylə...

Ömrü gerçəkləriylə...

Çölü dəbdəbələri...

İçi göynəkləriylə...

Dili neynəkləriylə

Sıxdı Rəsul Rzanı.

*

Musəvi Musasıyla...

İsəvi İsasıyla...

Biri uzundrazı...

Birisi qısasıyla...

Müslim sadəlövhlüyü...

Konfusi kəsəsiylə...

Dostlar dostcanlığıyla...

Düşmənlər qisasıyla

Sıxdı Rəsul Rzanı.

*

Hakim fərmanlarıyla,

Həkim dərmanlarıyla.

Dedi-qodu yapanlar

Irman-dırmanlarıyla.

Hazır kökə tapanlar

Dənsiz xırmanlarıyla

Yerüzü haqq-nahaqdan

yanan ormanlarıyla

Sıxdı Rəsul Rzanı.

*

Gözü sostərəzinin

gözünə sığışmadı.

Sözü sostənqidçinin

sözünə sığışmadı.

Sıxıldıqca sıxıldı

özünə sığışmadı.

Öz –özündən səksənib

ayıldı Rəsul Rza.

Qaranlıqda işıqtək

yayıldı Rəsul Rza.

 

***

*

Uzaqlara baxan insan

Uzaqlara baxan insan!

Uzaqlar yaxınmı sənə?

Şirin-şirin xatirələr

Eyləyib axınmı sənə?

 

Uzaqlara baxan insan!

Baxışında gül açılıb.

Elə bil ki, gül üzündən

Elə bu gün tül açılıb.

 

Uzaqlara baxan insan!

Yadına nəsə düşdümü?

Püşk atmışdın bir zamanlar...

Sevdiyin kəsə düşdümü?

 

Uzaqlara baxan insan!

Baxışından qayıdarsan.

Uzaqlarda gördüyünü

Yəqin, bizə ayıdarsan.

 

Uzaqlara baxan insan!

Uzaqlara apar məni.

Bəlkə, elə o yerlərdə

İtirənlər tapar məni.

Aparmasan, əllərindən

Zaman yağlı kökə kimi

qapar məni.

Nə atam var, nə də anam...

Kim yoğurub yapar məni?

 

Uzaqlara baxan insan!

Uzaqlar yaxınmı sənə?

Mən də gedim uzaqlara,

Uzaqdan baxımmı sənə?

Gözlərinin işığında

Əriyim, axımmı sənə?

 

***

*

Zəlimxan Yaqubu yuxuda gördüm...

Zəlimxan Yaqubu yuxuda gördüm...

Evi də var idi bağlar içində.

Yuxuda olsam da, ömür yaşadım

Mehriban, səmimi çağlar içində.

 

Zəlimxan Yaqubu yuxuda gördüm...

Söykənib balkonun məhəccərinə

Sağını, solunu seyr eləyirdi.

Qabaqda maşınlar şütüyürdülər...

Ötən günlərinə baxırdı sanki,

Ömrünün yolunu seyr eləyirdi.

 

Zəlimxan Yaqubu yuxuda gördüm...

Təkcizgi vərəqdə şeiri var idi.

Amma bitməmişdi yazdığı şeir.

Olanı elə o misralar idi.

 

Zəlimxan Yaqubu yuxuda gördüm...

Necə var idisə, eləcə idi...

Sağdı, salamatdı, coşqundu, kürdü...

Daha nə deyim ki? - Beləcə idi!

 

***

*

 

 

 

 

 

Qadın

Dağıdır saçını dəniz küləyi...

Uzaq üfüqlərə baxırsan, qadın.

Sən öz sinəndəki sevən ürəyi

Elə hey yandırıb yaxırsan, qadın.

 

Dənizə açırsan sevən qəlbini...

Sən ki asta-asta ləpələnirsən.

Elə bil, çırpılıb qayalıqlara

Qayıdıb üstünə səpələnirsən.

 

Özündən-özünə yağırsan, qadın.

Üzündın, gözündən axırsan, qadın.

 

Daha xatirələr, boy vermir sənə...

Bir anlıq boğulan kimi olursan.

Gözlərin uzağa dikilir yenə...

Təzədən doğulan kimi olursan.

 

Gəlinlik donunu geyib əyninə

Bəlkə də, özünü seyr eləyirsən.

Daha bu düz-dünya gəlmir eyninə

Könlünü-gözünü seyr eləyirsən.

 

Dağıdır saçını dəniz küləyi...

Uzaq üfüqlərə baxırsan, qadın.

Sən öz sinəndəki sevən ürəyi

Elə hey yandırıb yaxırsan, qadın.

 

***

*

 

Gül səndən, şeir məndən

 

And olsun, düz deyirsən

Bağ səndən, seyr məndən.

Göstər səxavətini

Gül səndən, şeir məndən.

 

Əzizim, bu-bahardır.

Gör, nə gəlişi vardır.

Tumurcuq dolu bardır

Bar səndən, xeyir məndən.

 

Gül-çiçəkdə bu nədir?

Meyli ancaq döşədir.

Bənövşə bənövşədir..

Lalə də deyir məndən.

 

***

*

 

 

Səma adamıyla söhbət

 

Allaha qalıbdır dünyanın işi

Yolları qayaya, daşa dirənir.

Daşı diyirlənib başa dirənir.

Sən qərib adamsan, geri dön, kişi!

Bu işin qabağı qışa dirənir.

 

Günəşdən gəlmisən, Günəşə qayıt!

Yox, Aydan gəlmisən, çıx, Ayına get!

Marsı, Merkurini, Saturnı ayılt

Kömrük bağlanınca mənzilinə yet!

 

Qayıt, xəbər apar Veneraya da.

Nə qədər açıqdır səmaya yollar.

Şükür edəcəksən bu eraya da.

Uzaq Yupiterə yol tapsa dollar

 

Burda hər addımda bir daş topası…

Hər topa altında dərin bir quyu…

Görənin başından çıxır lopası…

Tökülür, qalmayır üzünün suyu.

 

Burda görənlərin göz vergisi var..

Burda sinə pulu, üz vergisi var.

Bura Yerüzüdür, Göyüzü deyil…

Burda dərə-təpə, düz vergisi var.

 

Allaha qalıbdır dünyanın işi

Yolları qayaya, daşa dirənir.

Daşı diyirlənib başa dirənir.

Sən qərib adamsan, geri dön, kişi!

Bu işin qabağı qışa dirənir.

 

***

*

 

Əkinçilərə

Torpağı darayıb təmizləyərlər...

Xışlaya-xışlaya sır-sığal çəkib

Oxşaya-oxşaya əzizləyərlər.

 

Əkinçi qardaşım, getmə dərinə!

Dərdi su dərdidir yanan torpağın...

Bir damcı su damdır yanan yerinə.

 

Bacarmaq, becərmək halalın olsun!

Göyərmək - cücərmək halalın olsun!

***

*

 

 

Qaçıram, qaçıram sevdiklərimdən

 

Qaçıram, qaçıram sevdiklərimdən ...

Məni bərkə çəkir, zora salırlar.

Əvvəl keçirirlər oddan, alovdan.

Sonra itələyib qora salırlar.

Qaçıram, qaçıram sevdiklərimdən ...

Məni sevə-sevə tora salırlar.

 

Qaçıram, qaçıram sevdiklərimdən ...

Qaçıram, bitirlər yolumun üstə.

Birisi sarılır ayaqlarıma,

O biri ad yazır qolumun üstə.

 

Qaçıram, qaçıram sevdiklərimdən ...

Onlar da mənimlə birgə qaçırlar.

Mənim qaça-qaça gedib-gəldiyim

Yolların başına oyun açırlar.

 

Qaçıram, qaçıram sevdiklərimdən ...

Yollara tökürəm alın tərimi.

Ölümü birinci qarşılayaram.

Ölümsüz edirəm sevdiklərimi.

 

***

 

Olsun

Sizdən bizə düşənlər

Qoy olsun, bizim olsun.

Bizdən sizə düşənlər

Olsun də, sizin olsun.

Təki öz aramızda

Olmağa izn olsun.

 

***

*

Qəribə adam

 

Qəribə bir adam gördüm

Ağlı yaşından yuxarı.

Qaldırıb əlhəd daşını

Baxır daşından yuxarı.

 

Qarışıqdır ayı, ili.

Alaçiydir hələ gili.

Ağzına sığmayır dili,

Gözü qaşından yuxarı.

 

Ibinə oğlu ibinə

Cumub nəfsinin dibinə...

Qalıb ivinə-ivinə...

Əlləriri çatmır cibinə...

Qarnı başından yuxarı.

 

Quru bilmir, yaş tanımır.

Ayaq qanmır, baş tanımır.

Öldürsən də aş tanımır

Ehsan aşından yuxarı.

 

Qəribə bir adam gördüm

Ağlı yaşından yuxarı.

Qaldırıb əlhəd daşını

Baxır daşından yuxarı.

***

*

 

Şair Əbülfəz Ülviyə

 

Xoş gəldin Şəkiyə, əziz qardaşım!

Xoş gəldin, xoş gəldi ilimiz bu yaz.

Yaşıl səmənidir torpağım, daşım.

Gəldin, şirinləşdi dilimiz bu yaz.

 

Vətəndir qaynağı imanın, dinin ...

Kökü bir, boyu bir, soyu birlərik.

Birdir vurğusu da ürəyimizin...

Torpağı, havası, suyu birlərik.

 

Ordubad, Sədərək xətirli qardaş!

Səni görən kimi özümü tapdım.

Ey Culfa, ey Sahbuz ətirli qardaş!

Söhbətimi tapdım, sözümü tapdım!

 

Şəki də - Şəkidir, saxalı Şəki...

Durur Nuhdan qalma məbədi ilə.

Dağıyla, daşıyla arxalı Şəki

Dostdur yaranışdan əbədi ilə.

 

***

*

 

Xahiş

Ana Yerdən gül istədim, gül verdi.

Üzməyə əl, danışmağa dil verdi.

Gül də sənin, əl də, dil də gözəlim.

*

Ata Göydən gün istədim...

Gün verdi.

Bir demişdim, bi yerinə min verdi.

Gün də sənin, min də sənin, gözəlim.

*

Daş əvəzi sevda düşdü

başıma.

Baxma mənim gözdən axan

yaşıma.

Səndən heç nə istəmirəm, gözəlim.

Amma bir də çıxma mənim

qarşıma.

 

***

*

Axtarıram elə hey!

 

Axtarıram səni mən.

Harda? Ədəm bağında.

Ömrümün ilk səhəri,

dan yeri, sübh çağında.

Səni Həvva kökündə axtarıram elə, hey!

Yelə dönüb əsirəm, gəzirəm kainatı

Dilimdə Həvva adı.

Gah su olub axıram,

gah dönürəm selə, hey!

Səni min illərdir ki, axtarıram belə, hey!

Canımın canı kimi...

Qanımın qanı kimi

Axtarıram... Hardasan?

Bəlkə yaxınlardasan, bəlkə uzaqlardasan?

Səni ilk Həvva kimi Göy üzündə itirdim.

Min-min Adəm ömrünü Yer üzündə bitirdim.

İndi son Adəm kimi axtarıram səni mən.

Soruş ki, deyim harda.

Şərdən, Şeytandan uzaq,

uzaq, uzaq diyarda!

***

Bu gün Şəkidə yaşayan dəyərli şairimiz Vaqif Aslanın doğum günüdür. Bu münasibət ilə sevilən şairimizi təbrik edir, can sağlığı yaradıcılıq uğurları diləyirik. Yeni şeirlərini isə oxucularımıza təqdim edirik.



7918 oxunub

InvestAZ