XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - Quyu dibindəki işıq Sudan çıxarılmış balığın mənzərəsi
YAZARLAR 06:49 / 04.07.2021

Son vaxtlar tez-tez xatırlayıram onu. Və tez-tez də demək olar ki hər səhər. Onun ruhu üçün əlimi göyə açıram, dua edirəm. Bir az da incikliyimi dilə gətirirəm. Məni tez tərk etdiyinə, ömrünün ən gözəl çağında sözünün qol-budaq atdığı bir zamanda dünyadan köçməsinə təəssüflənirəm...

Söhbət Vahid Əlifoğlundan gedir... Ruhumun, ürəyimin, fikirlərimin dostundan, qardaşından, sirdaşından gedir... O Vahiddən gedir ki, düşündüklərini, yaşadıqlarını söz gülləsi kimi birbaşa vururdu adamın alnına. Bər-bəzəyi sevmirdi, kiməsə xoş getmək üçün danışmırdı, yazmırdı. Hətta mənim özümə də, ailə üzvlərimə də deyirdi ki, «Əbülfətin nə ölümü var Bakıda. Niyə gəlib bu qaçqın şəhərciyində oturmur böyrümdə?» Mən Vahidlə bağlı saatlarla danışıb, kitab-kitab xatirələr yaza bilərəm. Amma bu gün məqsədim bu deyil.  İçimdə öləziyən bu işığın son çırpıntısını bir balaca şölələndirmək, nəfəs vermək üçün əl-qol atıram, çabalayıram. Bu işdə köməyimə çatan Vahiddi. Vahid şeirlərinin birində yazır ki, «Qaldı Məlikməmməd, qaldı quyuda...»

Hə, qaldı doğurdan da çox məqamlar, çox hadisələr, çox xatirələr, çox yaşamlar... Qaldı bir də tumurcuq sevgilər.  Onların hər biri haqqında nə qədər düşünürsən düşün, nə qədər variantlar ağlının ucundan keçirirsən keçir, heç nə dəyişmir. Çünki dəyişməyə təpəri, istəyi, həvəsi yoxdu. Lap konkret desəm, heç nəfəsi də qalmayıb. Dodaqlarına əl boyda  biri güzgü yaxınlaşdırsan, bəlkə hənirini duya bilərsən. Bunu da etmək heç də asan deyil. Bəlkə o heç özü bunu istəmir və yaxud da bu hərəkət onu bir az da özünə qapadar, bir az da çəkib uzaqlaşdırar... Bax, bütün bu bəlkələr və saymadığım məqamlar ardı-arası kəsilməyən suallardı. Elə suallardı ki, cavabını vermək iki başqa sualı da ortaya çıxarır. Həmin suallardan birincisi: - Niyə əl çəkmirsən?-dir. İkincisi: -  Sən özün başdan-ayağa problem olduğunu dərk etmirsən?-dir.

Yəqin ki, diqqətlə oxudunuz bu sualı. Əgər diqqətlə oxuyub bir anlıq xəyala daldınızsa, onda mən də sizə qoşulub o xəyalı çözəcəm. Çünki çözəcəyim xəyal mənim yaşamımın, bütövlükdə, öz həyatımın ayrı-ayrı anlarıdı, ştrixləridi. Sənin ovcundan aralanan barmaqlarının üstümə səpdiyi cücərtiləridi. Bunu başqa cür də yazmaq istəyirdim, amma yazmadım. Yazmadım ki, bütün başqa cürələrini oturub sən də fikirləşəsən, sən də qoşulasan bu xəyala və görəsən ki:

 

Gül ləçəyi tək didilir,

Ürəyim səssiz, səmirsiz...

Günü də bir-bir bitirir,

Həm şikəst, həm də təmirsiz...

 

Nə işim işə bənzəyir,

Nə də yazdığım şeirə...

Gücüm də çatmır zamanı -

Qaytarım bir az geriyə!..

 

Fikrimdə hava limanı,

Buludu yaran təyyarə...

Tərk etdin sevgi ümmanı –

Sən, əl çatmayan səyyarə!..

 

Gül ləçəyi tək didilən,

Ürəyin ahı göz yaşı...

Bax, budur göydən görünən –

Ruhumuz durub yanaşı...

 

***

Adətən istənilən addımı atanda tərəddüd və yaxud götür-qoy etmək normal sayılır. Amma mən bu hissdən bir az uzağam. Çünki edəcəklərimi mənə daha çox ürəyinlə, ruhun diktə edir. Əgər ürəyin, ruhun nəyisə istəyirsə, sadə şəkildə desək, quşu hansısa budağa qonubsa, onları da, məni də ordan ayırmaq mümkün deyil. Məhz ürəyin, ruhun diktəsindən sonra ağlım işə qarışır. Bu üçlük son qərarı verir. Bu son qərara qədər isə keçən zaman kəsiyi ömrün bəlkə də ən böyük hissəsidi və yaxud da ömrün özüdür. Deməli, bu mənada məni necə, hansı formada qınamağın heç bir çətinliyi də yoxdur. Və bəlkə də bundan asan iş də yer üzündə mövcud deyil. Axı duyğusal insanları yaşadan da, öldürən də ürəyi ilə ruhudur. Yerindən, məqamından asılı olmayaraq ürəyin, ruhun zədələnməsi kimi fərəhlənməsi də normaldır. Bəlkə də bir Allah yazısıdı. Müqəddəs kitabın hansısa bir sözüdü, sətridi. Və mən də ruhumu da, ürəyimi də sənlə Tanrıya bağladığımdan heç vaxt necə zədələnəcəyimi, hansı ağrıya, hansı zərbəyə, hansı kədərə, həmçinin hansı sevincə, hansı fərəhə, hansı vüsala qovuşacağıma özümü hazırlamıram. Bunlardan da heç sığortalanmamışam. Gələn ağrı-acı ilə, sevinc, fərəhi də qarşılayan ürəyim, ruhum olub. Odur ki, səni, eləcə də bir çox dostlarımın dediyi kimi, mən daha çox kədər axtarmışam. Olmayanda da onu özüm üçün yaratmağa çalışmışam, bir məqamdan başqa. O məqam da...

Vahid Əlifoğlu vurğulayırdı ki, Məlikməmməd üçün quyuya kəndir atıb onu çıxarmaq istəyən bir dost, bir doğma tapılmadı. Burda söhbət nağıl qəhrəmanı Məlikməmməddən getmir. Həyatdakı Məlikməmmədlərdən, lap elə Vahiddən, həm də məndən gedir. Biz ürəyimizin, ruhumuzun işığını qaranlıq quyuda közərdə-közərdə sevgi yaşayırıq... ümid göyərdirik, vüsal arzulayırıq, fərəh sevdasında çabalayırıq. Amma...

 

Ay ruhumun and yeri,

Qiblə dediyi mələk...

Sənə səcdədə durur –

Gecə-gündüz bu ürək!

 

Ay ömrümün işığı,

Hər anımın yazanı...

Oxuyur haqq aşığı –

Üzü göyə Azanı.

 

Ay dünyamın mənası,

Ümidin, nəfəs payı...

Canım hər gün qurbandı –

Sənə, telinin sayı!         

***

Mənə görə, (bəlkə də yanılıram- Ə.M.) dünyada ən dözümlü canlı dəvədi. Yəqin elə dözümünə, dəyanətinə görə onu çox seviblər. Və yeri gəlmişkən xatırladım ki, müdriklər arzu, istək formasında «dövlətdə dəvə» deyiblər. Dəvə dözümü mənim düşüncəmdə, mənim söz meydanımda Son Nəfəsdi.  O elə bir nəfəsdir ki, candan çıxanda ruhu da özüylə aparır. Çox qəribədir ki, o nəfəsə qədər  ruhun hansısa bir udumluq hava ilə bağlılığını adam heç düşünmür. Elə ki, əl-qol süstləşir, göz qapaqları dartılır, baxış bir nöqtəyə sancılır, dodaqlar söz tutmur...onda Son Nəfəsin möcüzəsi, gücü ya çatır, ya da çatmır adamın köməyinə. Məhz həmin o məqamın bütün hissəciklərini əvvəldən sona qədər yaşayıram və bu yaşamın haqqım olduğunu, bir az da kobud səsləndirsəm, qazandığımı, layiqliyimi qəbul edirəm. Ən azından, burda bir dilə gətiriləsi gerçəklik var. O da görülən iş, edilən hərəkət, göstərilən xüsusatlardır. Bundan heç kim özünü kənar tuta bilməz. Fakt fakt olaraq qalır!...

Ömür dəyirman daşının gecə-gündüz bilmədən üyütdüyü dəndi. Özü də ələnməmiş.  Xırmandan, vəldən  necə keçibsə, necə gəlibsə o cür üyünən dən... Kənd adamları, yaşlı nəsil belə məqamları yəqin ki, unutmayıb. Xırmandan birbaşa dəyirmana aparılan dənin tamı başqa cür olur. Doğrudur, böyüklərin, dünyagörmüşlərin dediklərinə görə, xırmandan dəyirmana gedən dən aclığın, kasıbçılığın, ehtiyacın diktəsidir. Məhz bu məcburiyyətdən çıxış edərək adamlar dəyirmana üz tutublar. Bu bənzətmənin timsalında ömür necə verilibdisə, tale də necə yazılıbdısa, o cür üyünür dəyirman daşlarının arasında gecə-gündüz. Üyünə-üyünə də baxıb görmüşük ki, sevinci də, vüsalı da, kədəri də, qəhəri də hopdurmuşuq yaşadıqlarımıza. Onları ələmək gücümüz olmayıb.  Bu gücsüzlüyümüz bizi bəzən çox şeylərdən, o cümlədən də sevincdən, fərəhdən də uzaq salıb. Nə etmək, necə etmək sualının qarşısında lal durmaq, kar olmaq, kor olmaq haqqımız kimi biçilib boynumuza. İnsanın boynuna biçilən də onunla birlikdə son mənzilə gedir...

İndi dünyanın min bir dərdi, qayğısı, bəlası var və dünyanın ağıllı-ağılsız bütün adamları bu min bir dərdlə, qayğı ilə, bəla ilə üz-üzədir. Gecə-gündüz vuruşurlar. Hətta bu bəzən küləklə vuruşmağa bənzəyir... əl-qol atsın, amma nə vurduğumda, nə də onun sənə heç bir təsirini görüb hiss etmirsən. Bu obrazlı desək, yuxuya hökm çıxarmaq, xəyala divan qurmaq kimi bir şeydi. Bunu da insanlar uydurur, bu da Adəm övladının özünə təsəlli üçün atdığı addımdı, etdiyi cəhddi... Sən bunları oxuyub həmişəki istehza ilə, həmişəki kimi ürəyinə daş bağlayıb soyuqqanlı bir formada söylədiyin «nə olsun, bütün bunları niyə yazırsan, niyə deyirsən və bütün bunların mənə nə dəxli var?» məntiqi təkrarlayırsan. Başa düşürəm və hətta başa düşdüyümdən də artıq dərəcədə dərk edirəm ki, söylədiklərim gördüklərinə, eşitdiklərinə verdiyin real qiymətdi. Amma mən də deyim ki, bəs...

 

Səhər də, axşam da köhnə biçimdə,

Mən vaxt öldürürəm, vaxt da ki məni...

Təzə heç nə yoxdu köhnə içimdə –

Oxşayır o köhnə vaxtdakı məni!..

 

Gözlərim dənləyir izini yerdən,

Ayıra bilmirəm dizimi yerdən...

Qaldıra bilsəydim özümü yerdən –

Gəzərdim o Məcnun baxtdakı məni...

 

Dolaşıb baxışım öpdüyü telə,

Ruhum çoxdan verib yaxasın ələ...

Söz-sözü çəkəndə, ya elə-belə –

Xatırla, yıxdığın taxtdakı məni...

 

Sevinc arzuladım, kədər təxmini,

Yalnışa çevirdim hədər, fəhmimi...

Zaman fırladıqca qədər çərximi –

Axıt göz yaşında «ah»dakı məni.

 

***

... İndi bəlli tarixdən bu anıma qədərki bütün həyatımı kino lenti kimi fırladıram gözlərim önündə və özüm də o fırlanan kino lentinin içərisində iki əsas qəhrəmanımın biriyəm...Yox, deyəsən bir az tələsdim qərar verməkdə. Bu kino lenti adını artıq bəyan etdiyim yeni kitabımın ekran formasıdı. Kitabımın adı «Dörd divar: Allah, O və Mən»-dir. Həmin o dörd divara söykənən mən tüstülənən siqaretin tüstüsündə özümü də üzü göyə çəkilib gedən ruh kimi hiss edirəm. Çünki o ruhun ürəyini tərk etməsinə səbəb  sənin istəklərinə, sənin qərarlarına rəğmən özümdən asılı olmadan etdiklərimdi. Mən nə qədər yaşlı insanların dediyi kimi özümə Qurandan don da biçsəm, yenə haqq sənin tərəfindədi. Və sənin tərəfində olan haqqa baş əymək də mənim boynumun borcudu. Elə bu mənəvi borcun diktəsi ilə Allaha, sənə və şahidim olan dörd divara hər şeyi olduğu kimi, yaşadığım kimi söyləyirəm. Bilirəm ki, Allah olana, dediklərimə şahid tələb etmir, onun buna ehtiyacı yoxdur. Çünki ən böyük şahid də elə onun özüdür. Lakin sənə söylədiklərimə göstərdiyim münasibət mənim yaramı nə qədər dərinləşdirsə də, hələ Son Nəfəsi son yarpaq kimi qoparmayıb. Bu da o deməkdir ki, bu dörd divar həm də bir qaranlıq quyudur. Mən də o quyunun dibindəki son ümidinin qorunda isinən və o qoru işığa çevirmək istəyən bir bəndə... başqa bir formada desəm, bu hovuzdan əlini uzadıb götürdüyün, amma ovcunda çırpınan balığın durumudur. Onu yaşatmaq hüququ səndədi. Mən də bu qaranlıq quyunun dibində üzü Tanrıya baxanda, gözlərini görürəm... məndən qaçıb gizlətmək istədiyin gözlərini... hələ ki, danışır o gözlər mənlə. Onun səsini sözə çevirirəm. O sözü sənə də ünvanlayıram:

 

Güzgülənir gözümdə,

İndii sənin gözlərin...

Xumarlanıb gözümdə -

Dindi, sənin gözlərin...

 

İbadətim, biətim,

Birdi arzum, niyyətim...

Dözməyəndə heyrətim –

Dindi sənin gözlərin!

 

Bu yazın nuru kimi,

Şehdən də duru kimi...

Ömrümün «Şur»u kimi –

Dindi! - sənin gözlərin!

 

Hə, bütün qaranlıqların səhəri var. Bütün bulanlıqların duruluğu... ömrün də səhəri olduğu kimi qaranlığı da qaçılmazdı. Biz daha çox səhərlərə can atırıq. Amma səhəri verən də, onu nəsib edən də Allahdır. Söhbət məndən gedirsə, həm də Sənsən! Allahıma və Sənə ümidlərlə qaranlıq quyuda  sonuncu qoru işığa çevirməyə çalışıram...

 

                         


460 oxunub

3843 oxunub

InvestAZ