XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



İFTİXAR :- ŞAİR HAQQINDA ŞEİRSAYAĞI DÜŞÜNCƏLƏR
Ədəbiyyat 08:01 / 02.07.2021

Bir şair haqqında söz açmaq və onun şeirlərini təhlil etmək, həm bir şair təbi qədər coşmağa, həm də, bir şeirə çevrilməyə bərabər xoşbəxtlikdir. Mən bu coşquya və xoşbəxtliyə qovuşmaq üçün bütün hisslərimlə və duyğularımla ürəyimə yol tapan bir şairin şeirləri ilə bir müddət, bir oxucu kimi baş-başa qaldım:

"Adını göyərdən dilim,

Qadını kövrəldən dilim...

Sevgini öyrədən dilim -

Hələ də deyirlər laldı...”

poetik düşüncələri nəzərdən keçirdikdən sonra,

"Ayıra bilmədən dizini yerdən,

Gözlərim dənləyir izini yerdən.

Qaldıra bilsəydim gözümü yerdən,

Gəzərdim, o gənclik vaxtdakı məni...”

Xatirələr küncündən gözlərimə tuşlanmış baxışlarla üz-üzə dayandım.

... "Gecəm şamdı - əriyir,

Bələnirəm tüstümə...

Sol gözüm çox səyriyir,

Əyilib qoy üstünə -

Gözünü!

Dan üzünün ayazı -

Sakini otağımın...

Toxundur ki, isinim -

Əlinin, dodağının -

Közünü!

Bax, bənövşə şehidi

Kirpiyimdəki nəm də...

Xəyalımın sehridi -

Görmək şəklini, həm də -

Özünü!”

lirik, romantik duyğuların kəhkəşanına vardım.

"Sevincində, qəmində

Kirpiyinin nəmində...

Hansısa bir dəmində -

Varammı?

Gülüşündə, nazında

Onun çox, ya azında...

Sənin alın yazında -

Varammı? ”

fəlsəfi, psixoloji oqat yaradan əhvala kökləndim. Və xeyli müddətdən sonra şairin şeirlərinə bir də şair nəzərləri ilə baxmağa başladım və bu nəzərlər məni şairin poeziyası haqqında danışmağa vadar etdi.

Şairin şeirlərini hər dəfə həm sosial şəbəkələrdən, həm də, qəzet səhifələrindən oxuduqca, şeirlərin hansı təbdən doğulduğunu və hansı mövzularla oxucu qəlbinə yol tapdığını həssas şəkildə müşaiət edirdim. Həm öz ruhuma təsir qüvvəsi, sözün və sözdəki lirik, romantik, psixoloji və fəlsəfi hikmətlə əhvalımda yaratdığı ovqat barədə düşünür, həm də, digər oxucuların könlünü hansı poetik ilhamla özünə yuva etdiytini bütün hisslərim və duyğularımla dərk etməyə çalışırdım. Təsəvvür edin, şeirin həm bədii-poetik səciyyəsi, həm fəlsəfi-estetik məcmuəsi, həm məzmun və mövzu genişliyi, həm zəngin söz ehtiyatı ilə cilalanan bənzərsiz özünəməxsusluğu və həm də, sözlərin alletriasiyası və simfonik musiqiyə bənzər ahəngdarlığı ürəyaçan və könüloxşayan bir nəğmə kimi ruha rahatlıq gətirir:

"...Özümə özüm qədər

Yoxdur, yaşadan kədər!

Soruşmuram ki, hədər -

Varammı?

Dünyamdakı atəş, nur,

Bir azacıq yaxın dur!..

Əlini üzümə vur -

Varammı?..”

Önəmli olan odur ki, şairin bütün həyatı boyu sakit, təmkinli, könlündə və qəlbində sükuta daha çox yer ayıran təbiəti, az sözlə böyük fikirlər ifadə etmək cəhdi şeirlərinin canına və qanına hopmuş halda oxucuya sövq-təbii rahatlıq gətirir və onu öz ovqatı ilə tilsimləyir:

"Səndə çəmən, məndə örən

Kimdi məni məndə görən?

Görəcəmmi mən də, görən -

Görmək istədiyim günü?!”

Aşağıdakı bənddə isə şairin nə qədər pünhan, nə qədər məhrəm, nə qədər ürəkparçalayan duyğularla alışıb yandığını, lakin aylar illərə calansa, içindəki onu yaşadacaq qüdrətə malik yeganə işıq sönsə də, sevdiyinə ziyan vermək istəmədən özü, öz dünyasında necə alovlandığını, qarşısındakının xəbəri belə olmadan eşqi ilə bərabər necə "öldüyünü” görürük. Tam pərvanə qarşılıq güdmədən öz eşqi uğrunda özünü qəfil oda atdığı kimi. Ədəbiyyatın əbədi mövzusu olan eşq səltənətinin əlçatmazlığında bir şair ürəyi bax beləcə, şam kimi əriməkdədir:

"Anlar illərə dönür,

İçimdə işıq sönür...

Mənimlə bir eşq ölür -

bilmirsən...”

yaxud,

"Özüməm, dörd divar, bir də ki, ahım -

Məni ovutmağa cəhd edən kimdi?..

Gedib Allaha da çatıb günahım -

Günahla ölməmi əhd edən kimdi?!.”

Şairin bu xüsusiyyəti bütün şeirlərinin "xasiyyətinə” və "xarakterinə” həzinlik, rəvan bir ahəngdarlıq, eyni zamanda, mövzuların, fərqli olsalar belə, bütün hallarda bütövlük və yetkinlik, lokaniklik və konkretlik, həm də yüksək bədii ifadəsi ilə ürək çalan, ürək alan, bir başa ruha siraət edən həssasiyyəti ilə seçilir:

"Yaşayıram... yaşamaqsa əgər bu -

Mən anlara bölə-bölə ömrümü...

Həsrətinlə savaşdayam, günlərlə -

Paylaşıram, belə-belə ömrümü...

Bürünübdü taleyimdə gün "ah"a

Bilirəm ki, çox batmışam günaha!

Sənin üçün əl açaraq Allaha -

Nəzir dedim gülə-gülə ömrümü!..”

Haqqında söz açdığımız, könlü məlhəmlə dolu olan şair qardaşım Əbülfət Mədətoğlu hələ körpəliyindən Qarabağımızın ən dilbər guşələrindən olan Tuğ kəndinin bulaqlarından içdiyi suyun, dağlarından və meşələrinin füsünkar təbiətindən aldığı bədii kamilliyin yükü və çəkisi ilə ağır, ləngəri böyük olan bir şair ömrünü öz həzin və dərin şeirləri ilə oxucusuna məcun kimi təqdim edir. Ürəyəyatımlı şeirləri ilə oxucusu qarşısına çıxdıqca şair, hər dəfə sanki imtahan verirmiş kimi dərin məhəbbətlə oxucusunun fikirlərinə ehtiram göstərir. Təbii ki, bu ehtirama görə Əbülfət Mədədoğlunun şeirləri hər dəfə onu oxucusuna bir ayrı məhəbbətlə sevdirir. Oxucunun sevgisi, şairin uca Yaradana həsr etdiyi, ona olan eşqininin tərənümmünə çevrilən "...ancaq O” şeirndə daha parlaq şəkildə sezilir, çünki belə bir poeziya nümunəsi bir oxucu kimi mənim də könlümü həssas şəkildə fəth etmişdir:

... "Ocağım, odum, közüm

İlk, həm də ki, son sözüm...

Məni yaşadan dözüm -

ancaq O!”

yaxud,

"Haqqın yerdə zərrəsi

Ruhun şehli - tər səsi!

Ürəyimin pərdəsi -

ancaq O!”

Allahı ürəyinin pərdəsi kimi incə, məhrəm duyğularla tanıyan, dərk edən şairin təxəyyül arealının geniş arenası bizi bu böyük ürək sahibinə qəlbən bağlayır. Əbülfət Məmətoğlu o qədər həssas ürək sahibidir ki, Allahına olan segisi ilə yanaşı, Azərbaycan ədəbiyyatının ustad hesab etdiyi görkəmli nümayəndələrinə də öz məhəbbətini izhar etməyi özünə borc hesab edir:

"Boylanıb dünyaya sübh, dan üzündən

Sildim gözlərimin al qan üzündən...

Mənə sitəm edən bir can üzündən -

Ruhuna səcdəyə enirəm, Ustad!

İndi Qarabağa dönürəm, Ustad!

Ağac kölgə salıb, çiçək şeh əmib,

Tumurcuq budaqda çoxdan behlənib...

Ürəyim payızdan yaman şəklənib -

Sarala-sarala sönürəm, Ustad...

Üzü Qarabağa dönürəm, Ustad...

Yollar ot bitirib, qanqal göyərdib...

Tikan xatirəmi didib - kövrəldib...

Ahı varlığıma elə öyrədib -

Çəkdikcə heçliyə çönürəm, Ustad...

Üzü Qarabağa dönürəm, Ustad!

Gəlirəm əliboş - dili də sözsüz

Üstümə bir ovuc dupduru söz süz!

Tay qala bilmirəm ya "döz!", ya "dözsüz" -

Bağışla, qarşında dinirəm, Ustad!

Ruhuna diz çöküb dönürəm, Ustad!”

Baxın, sözün əsl mənasında ustad şair olan, doğma Qarabağımızın havası və havacatı ilə daim cöşaraq şeir-irfan məclislərində həm şeirləri ilə, həm də şəxsiyyəti ilə bütün məclisi öz işığında tilsimləyə bilən unudulmaz Şahmar Əkbərzadənin ruhuna xitabən yazdığı bu şeirdə, Mədətoğlu ustad Şahmar müəllimə öz sevgisini necə ürəkdolusu məhəbbətlə bəyan edir və Şahmar Ələkbərzadə şəxsiyyətini doğma Qarabağ – Vətən miqyası ilə eyniləşdirir. Bu eyniləşməni mən də ürəkdolusu alqışlayıram. Çünki az zaman içində doğmalarım qədər sevgi ilə bağlandığım, lakin hələ işığına ürəkdolusu qızına bilmədiyim, tanıdığım gündən etibarən heç vaxt unutmadığım böyük insan, böyük şair, Azərbaycan ədəbiyyatını Azərbaycanın hüdudlarından kənarda, həm də ən qüdrətli sənətkarlar önündə şərəflə təmsil edən, onları heyran qoyan o nəhəng sənətkar – unudulmaz Şahmar Ələkbərzadə ürəyimdə öz zirvəsini elə yüksəltmişdir ki, o yüksəklik əbədi olaraq könümdə və könüllərdə yaşayacaqdır. Və Mədətoğlunun xoşbəxtliyi də ondadır ki, məhz əlahiddə qüdrət sahiblərinə həmişə bağlı olduğunu eşqlə etiraf edir. Məhz ondandır ki, o, oxucu ürəyinə bənd-bənd hakim kəsilir, məhz bu amil ona oxucu sevgisini, şeirdən şeirə, ildırım sürəti ilə qazandırır. İllah da, könlü Vətən sevgisi ilə alovlanan şeirlərində şair daha böyük yanğı ilə diqqət çəkir. Çünki Vətən də, eşqlə bağlı olduğumuz qüdrətdir, müqəddəs, ilahi varlıqdır! Bu xüsusda, "Sən də...” şeirində Vətənə olan sərhədsiz sevginin içində daim alovlanan və yağı düşmənin xarabazara çevirdiyi yurd yerlərimizin ağrı-acısının gətirdiyi dərd üstünə dərd qalayan ovqatını öz yanğısı ilə ürəyimizə hədəfləyir:

"Korun-korun, öz odumda yanırdım,

Öz odumu tək özümün sanırdım...

Qibləm! – deyib, Qarabağı anırdım -

Sən də gəlib duz çilədin yarama...”

Ancaq şairin "Vətən səsləyir” şeri bizi tamam başqa ovqata kökləyir. Qələbə, zəfər ruhu ilə könlümüzü ilhamla qanadlandırır:

"Atlanmış Ağatlıdı,

Qaranlığı yarır O!

Yeldən də qanadlıdı –

Şuşamıza varır O!”

Bu şeirdəki əhval, zəfər qələbəmizin müjdəsini gətirirmiş kimi oxucu könlünün bütün yanğılarını söndürür və oxucunun ürəyinə təskinlik məlhəmi səpir.

Otuz il doğma Qarabağa, onun ən dilbər guşələrindən olan gözəllər gözəli Tuğ kəndinə bütün varlığı və ruhu ilə həsrət çırağının közərən işığından boylanan, daim həsrətlə od tutub yanan Əbülfət Mədədoğlu qələbə sevincini öz poetik duyğuları ilə "Bu günü” şeirində belə hayqırır:

"İllə, ayla gözlədim

Günlə, sayla gözlədim...

Qışla, yayla gözlədim –

Bu günü!

Dərd-ələmlə gözlədim,

Vaxt - sələmlə gözlədin...

Mərd qələmlə gözlədim –

Bu günü!

Para yurdla gözlədim,

Son umudla gözlədim!

Bir Boz Qurdla gözlədim –

Bu günü!”...

Göründüyü kimi, başqa şairlərimiz qədər Əbülfət Mədədtoğlu üçün də Vətən mövzusu bütün mövzuların fövqünə yüksəlir. Otuz il hər gün gözləri önündə bir xəyal olaraq Tuğdakı od tutub yanan kənd evinin ilğım mənzərəsinin tablosundakı cərəyan edən ürəkyaxıcı yanğı ilə yaşayan, acılarla dolu dərd daşıyan Əbülfət Mədədoğlu Vətən haqqında yanğısız və sızqısız danışa bilmir. Illah da, dediyimiz kimi, göz və qan yaddaşının bir guşəsində daim od tutub yanan, yandıqca inləyən, sızlayan ata evinin alovunu gözləri ilə seyr etmiş bir şair üçün bu dərd ən ağır yüklə dolu, nüvə partlayışı qədər çılğın bir dərddir. Məhz ona görə də Əbülfət müəllimin şeirlərində bu mövzu çox ağrılı şəkildə doğulur. Bu ağrılarla yaşayan şair üçün Vətən uğrunda şəhid gedən doğmalarımızın taleyi, onun şeirlərində öz təcəssümünü ürəkparçalayan şəkildə,

ən ağrılı formada tapır. Təkcə şəhid ovladlarımızın deyil, onları döyüşə uğurlayan və şəhidlik zirvəsinə qalxdıqlarını yalnız göz yaşları ilə təsəlliyə çevirən qəhrəman analarımızın da ağrı-acılarını şair öz kövrək duyğuları və ürək yanğısı ilə nəzmə çəkir."Şəhid anası” şeirində olduğu kimi:

"Yuxusu pərən düşüb,

Fikirləri yumaqdı...

İşi göz yaşı ilə -

Çöhrəsini yumaqdı -

Şəhid anasının...”...

Övlad itkisi qədər can yandıran daha dəhşətli bir alov ola bilməz. Bir xalq , bir millət üçün Vətən itkisi nə deməkdirsə, bir ana üçün də övlad itkisi məhz eyni mahiyyətə malikdir. Dərdi, dərddən daha əsvəl sandığı Vətən məvhumuna qurban verən Şəhid anasının dözüm duyğularını "göz yaşı ilə - çöhrəsini yumaq...”la təskinlik zirvəsinə yüksəldən Mədətoğlu, Azərbaycan anasının monumental obrazını ədəbi mühitin fövqünə yüksəldir və onu poetik tabloya çevirir. "Torpaq” şeiri ilə isə şair, bir başqa poetik tablo rəsm edir və bu poetik tabloda torpaq eşqi, torpaq ehtirası – torpağa ümummilli sevginin təzahürünə çevrilir. "Torpaq uğrunda ölən varsa, Vətəndir” fəlsəfəsi, Mədətoğlunun "Bax, elə bu yolla özünə dönür – Şəhid qanı ilə suvarılmış torpaq!” poetik təcəssümündə özünü tam şəkildə isbat edir:

"Od kimidi torpaq –

xışmalasam

ovcum yanacaq...

Və sonra da

barmaqlarımın

ucundan

pardaxlanmış

qan damacaq....

Od kimidi torpaq -

əl uzadıb,

üz sürtüb,

öpməzdən öncə

özün də bax –

gör necə titrəyir, əsir...

Ürək -

sanki, yarpaqdı, yarpaq...

Bax, elə

bu yolla

özünə dönür –

Şəhid qanı ilə

suvarılmış torpaq!”

Bu cür yüksək bədii keyfiyyətə malik könül oxşayan şeirləri ilə baş-başa qaldıqca, şairin poeziyasına dalıb gedirsən və ayrılmaq istəmirsən...

Əlbəttə ki, Əbülfət müəllimin şeirləri və yaradıcılığının digər tərəfləri haqqında çox geniş və əhatəli söhbət açmaq mümkündür. Onun çoxşaxəli yaradıcılıq arealı buna imkan verir. Mən sadəcə, nə zamandır içimdə boy vermiş və vərəqlər üzərinə tökülməyə tələsən duyğularımı, hisslərimi şeirsayağı şəkildə ifadə etməyə çalışdım və hesab edirəm ki, bu kiçik yazı ilə yalnız şair dostumun yaradıcılığının tək bir cəhətinə ekskurs etdim, şeirlərinin bəzi nümunələri ilə dərdləşdim, söhbətləşdim və bəzi yarpaqları haqqında düşüncələrimi əziz oxucularla bölüşdüm. Oxuduqca görürsən ki, Əbülfət müəllimin şeriləri dərin bir ümmandır və o ümmana baş vurmağına dəyər. Əziz oxucu, sizləri də o ümmana baş vurmağa dəvət edirəm. O ümmanda çox mətləblərin şahidi olacaqsınız, görəcəksiniz ki, vətənpərvər ruhu, sakit təbiəti, zəngin poetik təxəyyülü, dostcanlığı, istiqanlılığı, sözübütövlüyü və məhz bu kimi insana xas olan mühüm cəhətləri ilə şair cəmiyyətdə öz sanballı yerini tutmuş və rəğbət qazanmış bir sənətkardır.

Bu kiçik yazı ilə qələm dostum, tanınmış şair Əbülfət Mədətoğlunu əziz oxucu ilə mənim baxış bucağımda görüş astanasına gətirdiyimdən məmnumluq hissi keçirir, demək istəyirəm ki, Əbülfət Mədətoğlu məhz həm sadalanan xüsusiyyətləri, həm də yazdığı poetik lövhələriinin məzmunu, fikir tutumunun səviyyəsi, poetik səciyyəsi və ümumən yaradıcılıq kredosu ilə öz sanballı obrazını yarada bilmişdir. Bu obraz Azərbaycan şairinin mükəmməl obrazıdır.

Əziz şair qardaşım, gün o gün olsun ki, səninlə Tuğda, illərdir həsrətini çəkdiyin ata evində görüşmək nəsibimiz olsun! Vətən eşqi ilə alovlanan şeirlərini, öz dilindən məhz ata evinin ocağı başında eşidək! Artıq müzəffər ordumuz bu həsrətə son qoymaq üçün bizə zəfər qələbəsi nəsib etmişdir. O gün çox yaxındadır! Tuğ üçün çırpınan, Azərbaycan sevdası ilə döyünən şair  ürəyinə eşq olsun!





İFTİXAR

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


6747 oxunub

InvestAZ