XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Rəfail İncəyurd yazır : - Göy yolçusu
Ədəbiyyat 16:27 / 01.07.2021


Məmməd DƏMİRÇOĞLU-70

 

Sən başda olmaqla 70-inin başında fır-fır fırranmalıydıq indi hamımız, a Məmməd. Tədbirlər silsiləsinin də müəllifi özün olmalıydın. Çeşidbəçeşid kitadların bəzək-düzəyini də özün düzüb-qoşmalıydın. Yığnaqların da çevrəsini, coğrafiyasını – bir yanı, İncə-Gəncə, bir yanı Bakı -  özün müəyyənləşdirməliydin. Axırı da Novxanıdakı bağında  "çənə” kababınnan, bağın ayağında basırdığın balonun üzərə çıxmasınnan tamamlanacaqdı. Mənim 67-im sənin 70-inin gözünə qatılacaqdı iyulun dördündə. Bütün "iyulist”ləri- Nəsir müəllimi, Rüstəm Kamalı, Nəvaini, Ramizi... özün yığacaqdın bir araya, a Məmməd.

O qədər mənasızlıqlara urcah olduq ki. Hərdən işıq gələn tərəfə gedib sevinmək də düşdü qismətimizə səndən sonra. Bircə axırı xeyirə calansın. Akifə de ki, Şuşaya gedə biləcəyik. Şuşanın sağ əli Qılınckəndinin başına.

Off, a Məmməd. Sənin harana yaraşırdı ölüm? Kimin ağlına gələrdi? İçin də, çölün də qar-qar qaynamırdımı həyat eşqi ilə bizim əlimizi üzümüzdə qoyduğun gündən bircə qırıq əvvəl?

Heç bilirsən dünya sənsiz nə qədər darıxdırıcıdı? Bəlkə bilirsən, bəlkə də bilmirsən. Biz hardan bilək ki, oralarda nə var-nə yox. Orda birlik varmı? Necədi? Ordan bizə baxırsınızmı? Baxdıqca yazığınız gəlirmi?

Son vaxtlar yaman hallandırırlar ki, çox yaşamaq çox zulum çəkməkdi, Allahın adama verdiyi cəzadı. Ağıl kəsən işdi. Ancaq, a Məmməd, qardaş canı, könüllü ölmək də heç ağıl kəsən söhbət döy. Akif demişkən: "Bu arvad-uşaq olmasa...”. Bu tale möhləti bəlkə də sizdən sonra nəsə eləmək missiyasıdı? Onu da qoysalar. İllər bir-birindən burulğannı gəlir, a Məmməd. İndi çağalardan  tutmuş ahıllara qədər hamının qorxa-qorxa dediyi pandemiya, karona kimi əcaib-qəraib sözlər, covid pasportu adlı sənəd peyda olub. "Toy eləmə, vay eləmə, ora getmə, bura gəlmə”- kimi qadağalar ağlınıza gələrdimi? Başımıza gəldi.

Nə isə, a Məmməd, səni "qəbirləri qucağında olan elə” tapşırıb gələndən beş il ötür. İndi sənin 70 yaşın var. İndi neyniyək sənsiz? Nə iş görək? Ana-ana yanmaqmı? Yana-yana anmaqmı? Yanmaqların, anmaqların sənin əbədiyyətinə dəxli yoxdu, a Məmməd. Sən əbədiyyətini çoxdan, lap çoxdan qazanmısan. Çəkdiyin portretlərin, insan mənzərələrindəki şəxsiyyətlərin (guşənişin olduğun "Ədalət” Allah şahididi) özlərinin və doğmalarının sayı sanı, irfan şeirinin fanatlarının sayı sanı, tikib-qurduqlarınin, yapdıqlarının sayı sanı, elədiyin yığnaqların istisini unutmayanların sayı sanı, yəni sonsuzadək varsan sən. Bizim sənə olan sevgimizi sevənlərin şaxəli sevgisinin sayı sanı varsan ömrün bu tayında. O tayında, Haqqın dərgahında da belədi yəqin. Yəqin ona görə ki, Allah səni sevməsəydi bu qədər istedadı sənə verərdimi? Və qəflətən, tələm-tələsik səni yanına, yanındakı əbədiyyətə çəkib aparardımı?

...Hər sənə(sizə) doğma yığnaqlarda Aslanın, Ağamalının, Şöhrətin, Nazimin, Akifin, Oktayın... sağlığını da unutmuruq. Yenə vuracağıq: badələrimizin içində bir damla xatirə, bir damla həsrət, bir damla göz yaşı... və bir udum... Və buna da min şükür. Yoxsa nə olacaqdı ki, a Məmməd. Məmməd İlqardan, Rüstəm Qazaxlıdan sənə və uşaqlara salamlar var.

70-in mübarək olsun, ORAların mübarək olsun a Məmməd.

Rəfail İncəyurd

 

 

 

Sənli 60-ında yazdığım bu yazını sənsiz 70-ində bir də xatırlamaq istədim.

 

Göy yolçusu

 

Əzizim, arkadaşım Məmməd!

60-a dildın-dilə, eldən-elə, güldən-gülə, küldən-külə, fəqət gilə-gilə gəldin. 60-ında üzünə açılan qapıya gedə-gedə, gələ-gələ, ağlaya-ağlaya, gülə-gülə gəldin. "Sabahdan axşama yol” ola-ola İncəmizdən qopub hardasa, çox-çox uzaqlarda halə quran və bir qismi də çox-çox yaxınlarda, könlünün guşəsində bərq vuran İşığa qənşər yol gəldin. Mübarək olsun.

Yol gəldin kəlamını biz ha demirik "Yollardan haqqın yolunu Sorub urfana yol gedən”ə! Nəkərayıq biz? Bu səda həmin Ulu İşığın həndəvərində qərarlaşan mələklərin nidasıdı. Biz əlimizi gözümüzün üstə, eşqimizi könlümüzün üstə qoyub durduğumuz yerdən uzaq başı: "yol getdin və 60 adlı dayanacaqda nəfəs dərib yol gedirsən”- deyə bilirik könül xoşluğuyla, arkadaş.

Cismin yer, ruhun göy yolçusu... Havaxt, harda haçalandın, arkadaş? "Bir yolçuyam yolların qəza-qədərində mən”i dərk edəndənmi? Bəlkə, yaranmadan qoşalaşdı bu yollar? Bəlkə, varlığından öncə mövcud olan ortaq başlanğıcdan yoğruldu bu yollar? Bəlkə də, özünüdərkdən açıldı Ulu İşığa can atan ruhun yolu? Heç fərq etməz. Istər qayğı dolu fəna yolu, istərsə eşq yüklü işıq yolu- biri o birinin nişanəsidi. Di gəl ki, ölüm deyilən fiziki sonluqda sonu çatan yer ömrü ömürdən sonrakı ömrün başlanğıcı olan göy ömrünün  məhvinə yol açar, sayı-hesabı bilinməyən şeytanları qara bulud kimi araya salar, göy yolçusunu Ulu İşıqdan perik salar. Bax, bu səbəbdən hər yetən göy yolçusu ola bilmir, arkadaş. Of, bu yerin amansız qayğıları... Bir tərəfdən də baxır içindən keçdiyin zamana, cəmiyyətə...  Bir də Adəm övladının qaçılmaz "Yuvamda ac balalalrım, Gecə-gündüz dən gəzirəm”- borcu.  

Şükürlər olsun ki, sən dözdün, a Məmməd. "Üzü yerə göyərdim, üzü göyə qocaldım”- desən də, yerdəki ömrünü elə qura bildin ki, göyü qoruya bildin. Çox şükür, a Məmməd. Yerin şeytanına üz verib göyün mələyini küsdürmədin. Qırılmadı göy yolun, qırılmadı, arkadaş.

Yeniyetməliyində özünü tanıdın. Könlündəki işıq selinin içindən keçən sözlərin kağıza qondu. Fəqət o dönəmdə yer üzünün – gəncliyin, arzuların, gücün, gümanın şeirini, körpə təfəkkürün şeirini yazdın. ...Yeniyetməliyində özünü tanıdın. Və ayaqların fəna torpağında büdrəyə-büdrəyə, gözlərin göy işığında böyüyə-böyüyə, gizlin-gizlin, oğrun-oğrun tanıdığın MƏN-i şeirə ismarladın.

Intəhası, içindəki işıq selinə bələnən abırın onlara sandıq taleyi bəxş elədi. Amma haqqın həbsi əbədi olmur, arkadaş. Sənin gənclik yazılarına hopmuş işıq  öləzimədi, üzərə çıxanda bir daha parladı, bərq vurdu və nə yaxşı ki, bu işığı ilkin görənlərdən biri də mən oldum. Sən hələ altmışıncı illərdən aləmi tanıya və ifadə eləyə bilirdin, sözlə mənzərə çəkirdin:  "Söyüdlər saç atar, çinarlar budaq, Ağacda oxuyan quşdu, ya yarpaq?..”,   "Ruhumda gizlicə üşütmə yatır,  Gözümdə qalıbdır üfüqün qanı...”

Səni Allahdan və özündən sonra olsun ki, ən yaxşı tanıyan da elə mənəm. Yəqin razılaşarsan: Məmməd Dəmirçoğlu həqiqətinin qırxıncı sirli otağının divarlarına yazılı-yazısız məndən yaxşı bələd olan varmı ki, arkadaş? Yəni, özün dəvət etdin məni könlün evinə. Yer yoluyla göy yolunun ayırdığı özəl dünyanın hüdudlarına harayladın bir axşam.

Nə yaxşı ki, şeirin burulğanı yazmağa başladığın erkən gənclik illərindən səni tez-tələsik alıb aparmadı. Nə yaxşı ki, canında olan qabiliyyət, hökmlər sarvanı olan və istedad deyilən tanrı payı hara getdinsə, hansı işin qulpundan yapışdınsa səni yarıtdı. Rəssam da oldun, tərtibatçı da. Dizayner də oldun, heykəl yapanlara yardımçı da. Hə yaxşı ki, belə oldu. Belə olmasaydı, ilk mübarək şeirlərini yazan vaxtdan birmənalı, birtərəfli olaraq müqəddəs şairlik xəstəliyinə mübtəla olar, indiki durumundan, indiki imkanlarından məhrum olardın, arkadaş! Zamanı bilmədən, ətrafı çözmədən keçinmək çətin məsələdir axı. İmkan və nüfuz sahibi olmayanı, sayılmayanı saymırlar vallah. Ümumiyyətlə, indi şeiri əvvəlki eşqlə, əvvəlki həvəslə oxumurlar. Elektron ünvanlarda eninə-uzununa yayımlananlar da ayrı adamlardı məncə.  Yoxsa, sənin əslindən-nəcabətindən sənə miras qalmış və yaxşılar tərəfindən qəbul olunmuş "Dəmirçoğlu kişi adamdır” hökmü təklənərdi, qəribsiyərdi vallah. Sən yer üzünün ilhamından söz-söz, misra-misra qopub göy üzünün sirri-sübhan pıçıltısına varanda artıq görüntüdə, gündəmdəydin. Çox şükür.

Doğrudan da, özünü tanımağın şah yolu özünü tanıtmaqdan keçir, arkadaş. Özünü yaxşı görməkçün özünü əhli-hallar güzgüsünə tutmalısan. Göy işığını tanıma bəndəlik döyül. Amma Göy işığını sevən bəni-insanın səni tanıması gərəklidi. Yer üzünün halal alqışları, halal duaları Göy işığına bir az da yaxınlaşdırar adamı.

Sözə tapınıb sözə könül verdin: şair dedilər, rəngi tanıyıb, sərgilədin: rəssam dedilər, daşı tanıyıb tumarladın, könül verdin: heykəltaraş dedilər, səsi tanıyıb, səsi səsə qovuşdurdun: aşıq dedilər. Bəs çox-çox uzaqlarda halə quran işığı tanıyıb içində yuvalanan işığın nuruyla işıqlanana, işıqlandırana nə deyirlər, a Məmməd?

Səni tanıyanlar səni sevdilər. Çünki, öncə sən onları sevdin. İçində sevgi olmayanları da sevdin. Dedin: binəvanın nə günahı, onu Yaradan belə yaradıb. Fəna sonluğunda adama qalan: "Rəhmətlik yaxşı adamıydı və ya gorbagorun adamlığı yoxuydu” qazancını kim bilmir ki? İntəhası, bilməknən olmağın arasında böyük məsafə var, a Məmməd.

Hər şeirini təzə-təzə, bitdə-bitdə oxumuşuq, birgə sevinib, birgə həyəcanlanmışıq. Olub ki, bir sözün üstündə iddəşmişik də. Özümüzə sözümüzə hər şeyi demişik də, yazmışıq da. İndi nə deyim ki? Indi şeirlərinə və şəxsiyyətinə fikir sərgiləyən canballı söz adamlarına səndən də qabaq, səndən də çox "Allah sizi var eləsin, sevginizə sağlıq” deyirəm. Bircə məqama baxaq. Burda dolanışığa, orda işığa gedən yollar arasında qulluqçuluq yaşamından "qul”luq dərgahına qalxan, ya da qalxmağa cəhd edən Allah bəndəsinin ömür koordinatları şeirlərin içindədi. Heç özün də fərqində olmamısan. "Səhra gülləri”ndə qoşalaşan şeirin birində deyirsən ki, "Yazdığım şeirlər qul xatasıymış, Allah, kərəm eylə, qulların yazıq.”

Yəni qul məqamına varan sən Dəmirçoğlu etiraf eləyirsən ki, yer üzündə camaata qoşulub yazdığım şeirlər, hələ o zamanda içimdə dolanan haqq işığıyla var olan qulun xatasıymış. Buna görə tanrıdan mərhəmət diləyir və dübarə dünyaya deyirsən ki, " ...Min bir dərdi bir səbrimin quludu...”

Yəni ikinci adı səbr olan Allahin qulunun adı dərdiymiş. Göyün nuruna qərq olub yerin üzündə gördüyün və görəcəyin dərd. Təkcə bu yetərli deyilmi bilsinlər ki, hardan gəlib hara gedirsən, a Məmməd?

Sənə aid olan əsas arzum "İnsan mənzərələri”ni tamamlamaqdı. 60-a çatdırammadın, üzü 65-ə Allah kömək olsun. Səni rənglər dünyasından ayırıb seiriyyət cənginə salan könlün və biz dostların sənin içini oyum-oyum oyan o biri sevdanın yanında günaha batmamışıq ki?! Bizi bu günahdan da azad elə, a Məmməd. Onsuzdan da rənglər də sənə çox-çox uzaqlarda halə quran Ulu İşıqdan və çox-çox yaxında, könlün guşəsində işaran nurdan gəlir.

Deyəsən yuxarıda axtardığım sualın cavabı ağlıma gəldi: Haqqın işığına varanlara Mövlanə, onların ətəyindən tutanlara dərviş deyirlər, sufi deyirlər, irfan deyirlər.

Əldən-ətəkdən olma, arkadaş!

Bir də ki, özün demiş:

 

Mələklər biz özümüzük,

Özümüzü tapa bilsək.

Rəfail İncəyurd


2572 oxunub

InvestAZ