XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Vaqif Şükürov yazır: - Belə məkan idi mənim Laçınım.
Ədəbiyyat 20:10 / 14.06.2021


Deməli, Şuşanı keçib Laçına getmək istəyirsən, eləmi! Onda yam-yaşıl  meşələr alacaq qoynuna səni. İlan kimi qıvrılrmiş yollarla şütüyən maşın silkələyəcək səni. Yazda getsən çiçəklərin ətri məst edəcək səni, yayda getsən ayna bulaqlar güləcək üzünə. Əyilib su içəcəksən, sərinlik hopacaq ürəyinə, "oxay” deyəcəksən öz-özünə. Dağ ucalığı görəcəksən, qaya sərtliyinə baxacaqsan. Bəzən də dağların döşündə salınmış yaşayış məntəqələrini görüb deyəcəksən, bu nə mənzərədir görürəm, yoxsa nağıllar dünyasına düşmüşəm. Gecələr sənə elə gələcək ki, medalyondu asılıb bu yerin boynundan.

Bəli, əziz öxucu Laçının mənzərəsi əsil nağıldı. Ay, ulduzlar adama o qədər yaxın görünür ki, san ki, əlini uzatsan çatar. Meşələr təbiətin çiyninə atılmış yapıncını xatırladır. Bu yapıncının altında yaşıl köynəkdir çəmən elə bil. Dərələr Laçının belinə bağlanmış kəmərə oxşayır. Bu torpağın hörüyüdür elə bil. Arzusu quş kimi səkəndi bu yer. Bax belə, bax belə məkandı bu yer.

Belə bir məkanda yaşayırdı laçınlılar. Bir tərəfdən nağıllaşmış təbiət artırırdı insanların ruhunu, digər tərəfdən isə bu təbiətin üzərinə əbədi qonmuş xoş gün, səadət. Ona görə də insanlar burada yaşamağı çox sevirdilər və çox da yaşayırdılar. Əbəs yerə demirlər ki, dağda yaşayan adamlar sağlam və uzun ömürlü olurlar. Burada  insanların yediyi bütün növ ərzaq məhsulları, meyvə-tərəvəz dərmansız və təmiz olurdu. Laçının özünə məxsus təbiəti olduğu kimi, özünə məxsus da relyefi var. Laçın dağları gözəlliyi qədər də zəhimlidir.

Laçınlılar qurub-yaratmağı çox sevirlər. Adamlar bağlı-bağatlı məhlələrdə tikdikləri yaraşıqlı, rahat evlərdə yaşayırdılar. Elə bir ailə olmazdı ki, yayda onun başqa bölgələrdən qonağı olmasın. İyul-avqust aylarında insanlar açıq havada oturanda da pencəklə əyləşirdilər. Rayonun bütün zonalarına avtobus marşrutu vardı. Kəndlərdə mədəni-maarif, səhiyyə, məişət, rabitə və s. xidmət sahələri fəaliyyət göstərirdi.

Mingəçevirin işığı bütün kəndlərdə bərq vururdu. İnsanlar radio və televizorun qarşısında oturub istədikləri verilişlərə baxırdılar. Rayon mərkəzində xalq teatrı, musiği məktəbi, üç orta, bir orta texniki-peşə məktəb, mədəniyyət evi və s. fəaliyyət göstərirdi. Laçının görməli yerlərindən biri də tarix-diyarşünaslıq muzeyi idi. Muzeydə nümayiş etdirilən sənəd və əşyalar rayonun tarixini öyrənməyə kömək edirdi. Laçınlıların Sovet hakimiyyəti uğrunda mübarizəsindən başlayaraq, Böyük vətən müharibəsinədək göstərdikləri qəhrəmanlıq muzeyin eksponatlarında parlaq surətdə əks etdirilirdi. Ümumiyyətlə, rayonda adamların istirahəti üçün hər cür şərait yaradılmışdı. Bədbəxt Ermənistana gedən qaz xətti Laçının ərazisindən keçirdi. Rayonun kəndlərinə qaz xətti çəkildikdən sonra adamlar yaşayış evlərini istilik sistemi ilə qızdırırdılar. Buranın toyları da maraqlı keçirdi. Qarabağın adlı-sanlı, tanınmış xanəndələrini gətirirdilər toylara. Yas mərasimlərini islamı dəyərləri, dinimizi mükəmməl bilən adamlar aparırdılar. Rayonda və mahalda tanınan Molla Mehti, Molla Müseyib, Molla Əli məclislərdə İslam Dinini elmlə elə əlaqələndirirdilər ki, gənclər də onların söhbətindən bəhrələnirdilər.

Keçmişdə savadlıları barmaqla göstərilən Laçın başdan-başa savadlılar məkanına çevrilmişdi. Bu gün də Laçın rayonunun orta məktəblərini bitirən gənclər ölkəmizdə və Dünyanın ali məktəblərində təhsil alırlar. Laçının alimləri tək Azərbaycanda deyil, Dünyanın inkişaf etmiş ölkələrində də tanınır, elmi konfranslarda, simpoziumlarda tribunalardan səsi gəlir. Laçının təkçə Minkənd kəndindən 40 yaxın alim yetişib. Hələ 1890-cı ildə bu kənddə rus-tatar məktəbi fəaliyyət göstərmiş, məktəbi bitirənlər isə xarici ölkələrdə ali təhsil alıb, müxtəlif sahələr üzrə dünyada tanınmışlar. Yeri gəlmişkən deyim ki, bu kəndin adının yaranması ilə bağlı xalq etnologiyasında deyilir ki, əmir Teymur 999 kəndi işğal edib, mininci kəndi də alandan sonra bu kəndi min kənd adlandırır. Minkənd orta məktəbini bitirən gənclərin əksəriyyəti dəqiq elmlər üzrə təhsillərini davam etdirirlər. Hətta bu kənddə elə ailələr var ki, onlardan iki-üç nəfər elmlər namizədi və ya elmlər doktorudur. Misal üçün, Əli Cəfərovun oğlanlarından Maarif Cəfərov Azərbaycan Dövlət Universitetində çalışır, elmlər doktoru, professordur. Qardaşı Zəfər Cəfərov Azərbaycan Texniki Universitetinin dosentidir. Ailənin böyük oğlu Arif Cəfərov ali təhsilli inşaatçıdır, böyük tikinti təşkilatlarından birinə rəhbərlik edir. Dövlət başçısının fərmanı ilə "Tərəqqi” medalı ilə təltif olunub. Qızı Almas xanım əməkdar müəllim kimi valideyinlərin hörmətini qazanıbdı. Əli müəllimin özünün riyaziyyata aid iki kitabı nəşr olunubdur. On dörd nəvəsinin hamısı magistraturanı bitirib. Burada çalışan müəllimlərin əksəriyyətinin fəxri adları var. İndi də məktəbə vaxtı ilə buranın məzunu olmuş, ölkə başçısının fərmanı ilə "Tərəqqi” medalına layiq görülmüş İlqar Şahverdiyev rəhbərlik edir.

1924-cü ildə Laçın təşkil olunanda, rayon mərkəzi seçmək üçün gəlmiş rəhbər işçilər deyirlər ki, İrana və Ermənistana gedən yol burdan keçdiyi üçün rayon mərkəzi bura olmalıdır. Gözəl havası, allı-güllü yaylaqları, soyuq bulaqları, gəzməli-görməli yerləri valeh edirdi insanı. Bu yerlərin gözəlliyini çəkməyə bir rəssam ömrü də çatmazdı. Əsərləri ilə insanı valeh edən xalq rəssamı M.Rəhmanzadənin yaradıcılığının bir hissəsi Laçına həsr olunmuşdur.

Laçın qədim və müasir dövrün ənənnələrini yaşatmaqla, təkcə gözoxşayan füsünkar təbiəti ilə yox, həm də keçmişdə yaşamış və indiki ziyalıları, tarixi şəxsiyyətləri ilə məşhurdur. Xalq cümhuriyyəti yarananda ilk hərbi nazir, sonralar Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanov, qardaşı, Laçının qorxmaz, igid oğlanlarını başına yığıb Qarabağa gedən Andranikin qoşununu Zabux kəndi yaxınlığında darmadağın etmiş Soltan bəy, 1918-ci ildə Dağlılar Respublikasının Xalq Maarif naziri, Azərbaycan Demokratik Respublikası Maarif Nazirinin müavini, sonra maarif və dini etiqadlar naziri, 1943-cü ildə isə Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləmiş Nurməmməd Şahsuvarov, Almaniyada təhsil alaraq, Hamburq institutunda işləmiş, orada elmlər doktoru, professor elmi dərəcəsi alan, Azərbaycanda tibbi kadrların hazırlanmasında xüsusi xidmətləri olan Mürsəlbəy Şahsuvarov, Zəngəzur qəza xalq maarif şöbəsinin müdiri olmuş, Laçın rayonunun bir çox kəndlərində gözəl, yaraşıqlı məktəblər tikdirmiş, xalqın maariflənməsində böyük işlər görmüş Müseyib İlyasov və bir çox başqalarının adını çəkmək olar.

Xalq yazıçısı Süleyman Rəhimov hələ o dövrdə yazırdı: "Məşhur Qori seminariyasını bitirən, Şuşada açılan Darül müəlliminin ilk təşkilatçısı və müdirlərindən olan, sonralar Zəngəzur Qəza Maarif şöbəsinin müdiri vəzifəsində çalışan Müseyib İlyasov bir fəda-mücahid kimi hərəkət edir, dağ obalarının hamısında maarifin, mədəniyyətin yayılmasına çalışır, sözün əsl mənasında, cəhalətə qarşı çarpışır!

Gələcək nəsillərə örnək olacaq igid ərənlər, tarixi şəxsiyyətlər yetişdirib bu torpaq, o, torpaq ki, orada bizim babalarımızın, atalarımızın, əzizlərimizin məzarları yerləşir. O, torpaq ki, otuz ilə yaxın bir dövrdə bizim üçün əlçatmaz olmuşdu. Laçıının tarixi abidələrindən qədim alban kilsəsi, tağbənd körpülər, qəbirüstü daşlar və s. müxtəlif sivilizasiyaların izlərinin daş yaddaşı kimi qiymətləndirilir. Laçın hündür dağlar, geniş çəmənliklər, firuzə donlu yaşıllıqlarla əhatə olunmuşdur. Rayonun ərazisindəki çoxsaylı buz bulaqlar yay ayları qonaqlı-qaralı olurdu. Həmzə bulağı, Əli bulağı, Əzətin bulağı, Buz bulaq, Ağ bulaq, Qənbər bulağı, Qoşa bulaq, Dəhnə bulaq, Sarı bulaq, Qiblə bulağı, Gur bulaq və onlarla başqaları 30 ilə yaxın dövrdə nəmli gözlərini yollara dikərək laçınlıların yenidən onların yanına qayıdacaqları günün həsrətindədilər.

Dünyadan Laçın həsrətilə gedən, məlahətli səsilə hamının sevimlisi olmuş "Laçınım mənim” mahnısı ilə laçınlıların qəlbini ovunduran, ağlayan, çağlayan Həkərinin ah-naləsini sanki Dünyaya çatdırmaq istəyən Məhəbbət Kazımov oxuduğu həmin mahnının bir yerində deyir:

"Ağlayan, çağlayan həkəri həsrəti,

Sevincim, kədərim Laçınım mənim.”

Bəli, otuz ilə yaxın bir dövrdə Həkəri çayı ağladı, çağladı, coşdu, kükrədi, sahili aşdı. Sanki, bununla demək istəyirdi ki, hazırkı Dünyada haqq-ədalət, qanun, insaniyyətlik, vicdani təmizlik və s. yoxdur. Mənbəyini Laçın dağlarından alan Həkəri bu gün füsunkar təbiəti ilə insanı valeh edən bu yerlərə yaraşıq verir. Qucağını illərdir həsrətində olduğu sakinlərinin üzünə açaraq gəl-gəl deyir onlara.

Rayon mərkəzinin özündə bir neçə marşrut avtobusu vardı. Bütün kəndlərdə yaşayış üçün hər cür şərait yaradılmışdı. Açığını desək bəzi adamlar elə hesab edirdilər ki, böyük şəhərlərdə, çoxmərtəbəli binalarda yaşamaq, hər şeyi mağazadan almaq daha rahat, daha yaxşıdır. Hətta gileylənənlər də olurdu. Belə yerdə ataların bir sözü yada düşür: "Köhnə yurdun qədrini təzə yurdda bilərlər!

Dövlət səviyyəsində Laçına qayıdanda hər şeyi yenidən başlayacaq laçınlılar. Rayonun Kəlbəcərlə sərhəddində Beynəlxalq aeroportun tikilməsi hər iki rayona turist axınına və bu sahədən milyonlarla gəlir götürülməsinə səbəb olacaq. Həm də bu zonada yaşayan adamlar bəhrələnəcəklər bundan.

Adam bu dünyada qismətinə düşəni yaşayır. Heç kim öz alın yazısının müəllifi deyil. Tanınmış filosoflardan biri deyir ki, talehdən qaçsan da, qismətdən qaça bilməzsən. Görünür laçınlıların qisməti beyləymiş. Tarix ən böyük hakimdir. O, hər şeyi zamanı çatanda öz yerinə qoya bilir, sahmanlaya bilir, necə deyərlər, yağı yağ, ayranı ayran edir. Burada məşhur bir tyürk şairinin fikri yada düşür: "Zülmün topu, topxanası varsa, haqqın da bükülməz qolları var. Herakl deyirdi ki, "xalq öz doğma divarları uğrunda döyüşdüyü kimi, ədalətli qanunlar uğrunda da döyüşməlidir.”

Azərbaycanın igid oğulları otuz ilə yaxın bir dövrdə düşmən tapdağı altında qalmış torpaqlarımızı canları, qanları bahasına azad edib tarix yazdılar. Hələ Dünya tarixində görünməyib ki, bir dövlət başqa bir dövlətin iyirmi faiz torpağını işğal etsin, otuz ilə yaxın bir dövrdən sonra həmin torpaqlar azad edilsin. Bəli, bu gün qürur hissi ilə deyə bilərik ki, bu ancaq türk oğlanlarının, Azəri türklərinin hesabına oldu. Tarix sübut etmişdir ki, türk oğlu ölümdən qorxmur, onun gözünə dik baxır. Dünya fatehlərindən biri, Fransanın hökmüdarı Napoleon Bonapart deyirdi ki, mənə türk əsgəri verin bütün dünyanı zəbt edim.

Eşq olsun belə oğullara! Şəhidlərimizin adı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır. Onlar cəmiyyətimizin qürur mənbəyidir, sevincidir, qeyrət, zəfər zirvəsidir. Şəhid sözünün tərcüməsi yoxdur. Torpaqlarımızın azad olunmasında Laçının da igid oğulları şəhid olub. Birinci və ikinci Qarabağ müharibəsində yüzlərlə laçınlı gənc şəhidlik zirvəsinə yüksəldi. Beş milli qəhrəmanı bu gün də laçınlılar yad edirlər.

Laçın həm də yeraltı və yerüstü sərvətləri ilə məşhur idi. Burada civə, dəmir filizi yataqları, tikinti materialları, müalicə və mineral sular mövcud idi. Laçın rayonun ərazisində 15 çalardan çox mərmər yataqları, qırmızı palıd, dərman bitkiləri, meşələrdə müxtəlif meyvələr və s. vardı. Yaylaqları yüz minlərlə qoyun sürüsünü gizlədirdi qoynunda. Minkənd zonasında olan "Qara” göl yaylağı, bu gölün adı ilə bağlıdır. "Qara” göl böyük bir ərazini tuturdu. Bu gölün suyu dibindən çıxıb, dibindən də axırdı. Ermənilərin isə yaylaqlarında suyu yox idi. Bir dəfə bu bədbəxtlər Laçın rayonunun yaylaq sakinlərinə deyirlər ki, icazə verin bizim heyvanlar da bir cığırla gəlib burdan su içsin. Bizim adamlar da etiraz etmirlər. Bu minvalla bədnam ermənilərin də mal və qoyun sürüləri göldən su içir.

Göldə müxtəlif növ balıq olurdu. N.S.Xruşov SSRİ-nin rəhbəri olanda ermənilər həmin gölü xəritəyə salıb dedilər ki, gölə gələn cığırın tuşundan, gölün yarısı bizimdir. Beləliklə, ermənilər "Qara” gölün yarısına sahib çıxdılar.

Yuxarıda deyildiyi kimi, keçmişdə və sonralar da Laçının qeyrətli, igid, qorxmaz, ölümün gözünə düz baxan, vicdanı təmiz, mənəvi paklığı, əqidəsi, mənəviyyatı, nəfsinə hakim olması ilə tanınan, bu gün də laçınlıların yaddaşında qalan kişilər olub və indi də var. Onların hamısının adını çəkmək mətbuatda mümkün olmadığını yəqin onların yaxınları başa düşüb məndən inciməzlər. Hüseyn Abdullayev, Həsənalı Baxışzadə, Məmməd Məlikov, Həzi Həsənov, Hüseyn Həsənov, Aydın Şahverdiyev, Həsənxan Həsənov, Qasım Dostuyev, Əliş Tanrıverdiyev, Bahadur Qarayev, Lətif Məhərrəmov, Rəhim Rüstəmov, İskəndər İskəndərov, Tofiq Nəcəfov, Məhərrəm Şahsuvarov, Umud Məmmədov və adları burada çəkilməyən adamların övladları, nəvələri də bu gün onların yolunu davam etdirirlər. Bu insanların üzbəüz tənqid etdiyi adamlar da onların qərəzsiz tənqidlərindən incimir, səhvlərini düzəldirdilər. Bu insanlar özü bütöv adamlar idi. Boğazdan yuxarı danışmaq onlara xas deyildi.

İndi də bir çox laçınlının yaddaşında qalan bir məsələni qısaca yada salmaq istəyirəm. Keçmişdə başqa yerdən Laçına göndərilmiş partiya komitəsinin birinci katibi rüşvət almaqla məşğul imiş, bunu da hamı bilirmiş. Bir gün rayon partiya komitəsinin bürosunda adını bilərəkdən çəkmədiyim bir nəfər oğru baçısı partiya sıralarına qəbul edilir. Büro üzvlərinin hamısı həmin adamı oğru başçısı kimi tanıyırmış. Həmin vaxt raykomun büro üzvü olan, indi də adına Azərbaycan Ensiklopediyasında rast gəldiyimiz Rza Mirzəyev partiya biletini qoyur birinci katibin stolunun üstünə. Katib soruşur ki, nə demək istəyirsən? Rza Mirzəyev deyir ki, mən filankəs olan partiyada olmaq istəmirəm.

Bax bu idi əsl kişilik, sözü üzə demək.

Əziz oxuyucu, səni yorduğuma görə bağışla məni. Mən uzunçu deyiləm, görünür, doğulub boya-başa çatdığım yerlərin həsrətidir ürəyimdən keçənləri ağ vərəqə yazıram. Gün o gün olsun ki, Laçın haqqında bildiklərimizi, yazılarda oxuduqlarımızı oraya yenidən qayıdıb gözlərimizlə görək.

Yollar təkcə getmək üçün deyil, insanlar bu yolla həm də geri dönürlər.

Bax beləcə əziz oxucu! Ömrümüzün nə vaxt gəlib keçdiyini hiss etmirik. Bir də gözümüzü açırıq ki, ömrün yarıdan çoxu keçib. İlləri, qərinələri arxada qoymuşuq, üzümüzü göy üzündəki buludlara tutub Tanrıya şükür edə-edə ömür karvanımızı bu gündən sabaha sürükləyirik. Bizlərə qalan isə zaman olur, zamansa öz hökmünü zamanında verir.

 

Vaqif Şükürov

Laçın şəhər sakini, birinci Qarabağ müharibəsi veteranı


 


3980 oxunub

InvestAZ