XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Akademik Çingiz Qacar vəfat etdi
Elm 12:30 / 12.06.2021

Elm   sahəsində ağır  itgi  -Azərbaycanlı  alim vəfat etdi.

Yenisəs.az-ın məlumatına görə, Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar bu gün 92 yaşında vəfat edib.

Ailə yaxınlarından aldığımız məlumata görə, alim bu gün son mənzilə yola salınacaq.

Xatırladaq ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç.Qacar 1953-cü ildə Leninqrad Politexnik İnstitutunun texniki fizika sahəsində mühəndis - tədqiqatçı fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra Ç.O.Qacar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Ç.O.Qacar institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərib.

Ç.Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərir. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirib. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışıb. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəri olub.

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Ç.O.Qacar 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

18 aprel 2014-cü ildə aka­demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.


2242 oxunub

InvestAZ