XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Fəxrəddin TEYYUB: Bilməmişəm ürəyimin qədrini...
Ədəbiyyat 11:21 / 05.06.2021

Ruhların sevinən günüdü bu gün

 

Ana, gözün aydın, şad xəbərim var,

Daha qarlı qış da bahardı bizə.

Qəhrəman oğullar, igid oğullar,

Aldı Qarabağı, qaytardı bizə.

 

Qismətdən, taledən bəzən küsdün də,

Səhərlər su verdin arzu tağına.

Dua eləyərdin namaz üstündə,

Vətənin, torpağın tam olmağına.

 

Açılıb ürəyi çölün, düzün də,

Hər yanı şirindi, pətək balıdı.

Günəş gülümsəyir göyün üzündə,

Bu gün «Xarı bülbül» festivalıdı.

 

Şükür, ümid açdı axır gözünü,

Qələbə çələngin tutub əlində.

«Nənələr» bəzədi Cıdır düzünü,

Nəğmə oxudular sənin dilində.

 

Hər əsgər keçilməz dağ aşır indi,

Tapdı öz yerini qara da, ağ da.

Ruhun Qarabağda dolaşır indi,

Ruhun namaz qılır, «gövhər ağa»da.

 

Göydən nur yağacaq ev-eşiyinə,

Ruhların sevinən günüdü bu gün.

Zəng edib demişəm son beşiyinə,

Gələr məzarına muştuluq üçün.

 

13.05.2021.

 

***

Təbin kölgəsi...

 

Xalq şairi Musa Yaqubun əziz xatirəsinə

 

Oğlum budur dedi dünyanın işi,

Bu gün səhər çağı, söküləndə dan.

Qəlbində heykəli ucalan kişi,

Şair Musa Yaqub köçdü dünyadan.

 

 

Həsrətin ocağı könlüm başında,

Saralan bağçamı, solan çiçəkmi?

Görən bu dünyanın qara daşında,

Ruhun çiçək kimi göyərəcəkmi?

 

Sevmirəm dünyanın hər işini, yox,

Dərdin üzü bozdu, hər səhər gəlir.

Sevinc qatarının sərnişini yox,

Bəd xəbər dalınca bəd xəbər gəlir.

 

Külək qamçıladı son baharını,

Qızılgül dərilməz, kolda qalacaq.

Kim silər vələsin göz yaşlarını,

Çinarın gözləri yolda qalacaq.

 

Alça saçın yolur, barı pərişan,

Bilmirəm ürəyi açılar haçan?

Butanın üstündə arı pərişan,

Bəs balı pətəyə kim aparacaq?

 

Məndən demirəm ki, bir dilək istə,

Qəbrinə gül səpim, gülə batasan.

Necə ağı deyim məzarın üstə,

Bəlkə laylay çalım, bir az yatasan.

 

Ələ qələm almaq mənə ar gələr,

Misram qaçaq düşər, yerində olmaz.

Dünyaya hələ çox Musalar gələr,

Təbinin kölgəsi birində olmaz.

 

07.05.2021.

***

 

Darıxmaq

 

Kədər toxumunu necə əkim mən?

Deyirdim bu günüm bəlkə ağ gəldi.

Uşaqlar şəhərdə, bağda təkəm mən,

Qəlbimə qəribə darıxmaq gəldi.

 

Bir az gül-çiçəklə danışdım səhər,

Elə bil qırılan qoşa qanaddı.

Mənim xəyalımın gəzdiyi yerlər,

Necə də ögeydi, necə də yaddı.

 

Kimsə yox yanımda danışa, dinə,

Deyə qov başından dumanı, çəni.

Baxdım bu dünyanın boz sifətinə,

Soyuq baxışları üşütdü məni.

 

Hər uğur səninki olsa bayramdı,

Yarı sənə çatır, yarı özgəyə.

Əkdiyin ağacın əlində ramdı,

Bəzən qismət olur barı özgəyə.

 

Niyə doğmalardan uzağam, dedim,

Arzumun yarpağı solmamışdı heç.

İlk dəfə özümə yazığam dedim,

Mən belə ümidsiz olmamışdım heç.

 

08.03.2021.

***

Yolunda

 

Bilməmişəm ürəyimin qədrini,

Xərcləmişəm gedənimin yolunda.

Qalamışam ocağını vədəsiz,

Ölənimin, itənimin yolunda.

 

İçimdədir bu göy, bu yer, ərz deyir,

Çörək tapmaz hər inadkar, tərs deyir.

Sədaqətdən gecə-gündüz dərs deyir,

Taleyimdə bitənimin yolunda.

 

Gözündəki yaşı gilə-gilədi,

Meyli bağda ağacadı, gülədi.

Azadlığı əldən gedən kölədi,

Əsir düşüb bədənimin yolunda.

 

Gah acı, gah şirin ömür sürüb o,

Ölüm-itim, qan-qada da görüb o.

Öz borcunu səngərində verib o,

Şama dönüb vətənimin yolunda.

 

11.03.2021.

 

***

Şair sevməlidir ölənə kimi...

 

Alın yazısıymış səni görməyim,

Elə görən kimi vurulmağım da.

Eşqin dərəsində çəni görməyim,

Sel kim çağlayıb durulmağım da.

 

Əsdi ürəyimdə gənclik küləyi,

Ağaran saçımı unutdum niyə?

Yerin yaraşığı, göyün mələyi,

Mən necə göz yumum bu gözəlliyə?

 

Mənim bir taxtım var sevgi dağında,

Qismətim üzümə gülənə kimi.

Sevmək günah deyil ahıl çağında,

Şair sevməlidir ölənə kimi.

 

Gecələr sirrimi bir Aya verdim,

Gecələr uzandı yol əvəzinə.

Sənə ürəyimi kirayə verdim,

Məhəbbət istədim pul əvəzinə.

 

Kimsə oxuyacaq vəsiyyətimi,

Mənə yer verməsin heç kəs yanında.

Basdırın gecikən məhəbbətimi,

Nakam sevgilərin qəbristanında.

 

15.05.2021.

***

Gecə nağılı...

 

Ay göyün üzündə ocaqdı, oddu,

Salar işığını dağlar belinə.

Zirvə elə bil ki, dədə  Qorquddu,

Şəlalə kəmərin bağlar belinə.

 

Yamaclar, təpələr pir sandığıdı,

Arzumun tacıdı qalxdığım yoxuş.

Dərələr dağların sirr sandığıdı,

Baharın yaşını çəməndən soruş.

 

Bulağın açılan gözünə bir bax,

Kirimək bilməsin qoy ağlayan sel.

Dalğalar yol açır kötükdən qabaq,

Sükutun səsidir bu çağlayan sel.

 

Ucları nizə tək göyləri dələr,

Qayalar min ildi yaraşığında.

Ürəyin açılar, ruhun dincələr,

Dağları seyr elə Ay işığında.

 

22.05.2021.

***

Əzgil ağacı

 

Yaşıl dünyam, xoş gördük,

Boyuna boyum qurban.

Tutum budaq əlindən,

Qoy öpüm, doyum, qurban.

 

Duruşun qız duruşu,

Ədana əda çatmaz.

Barını az eyləmə,

Özgəyə, yada çatmaz.

 

Barın necə şirindi,

Pətəyin balı kimi.

Bəm-bəyaz ləçəklərin,

Körpə dəsmalı kimi.

 

Külək dəyir xətrinə,

Sən yenə də gülürsən.

Yarpaqların ruhumu,

Yelpikləyir, bilirsən?

 

08.04.2021.

 

***

Var olun

 

Çörək tapmaz bir gün üzə ağ olan,

Bəxtəvərdi arxasında dağ olan.

Uğurumun ümmanında boğulan,

Bədxahlarım, paxıllarım, var olun.

 

Ocaq sönsə, isitməsə köz məni,

Həniri var, isidəcək söz məni.

Bağrınıza basırdınız siz məni,

Bədxahlarım, paxıllarım, var olun.

 

İlinizi, ayınızı bilmirəm,

Arzunuzu, payınızı bilmirəm.

İtirmişəm, sayınızı bilmirəm.

Bədxahlarım, paxıllarım, var olun.

 

Səxavəti olan adam öyünməz,

Bir yerinə beş versə də, deyinməz.

Ürək kinlə, küdurətlə döyünməz,

Bədxahlarım, paxıllarım, var olun.

 

Günah elə təbimdədir, suçum var,

Beş aldığım yadımda yox, üçüm var.

Bu dünyada mənim sizə borcum var,

Bədxahlarım, paxıllarım, var olun.

 

13.03.2021.



2926 oxunub

InvestAZ