XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Arzular öləndə... Alik Dənizsevərin şeirləri haqqında
Ədəbiyyat 11:32 / 25.05.2021

Poeziya insanın əhval-ruhiyyəsinin düşündürücü, yaddaqalan məqamlarını özündə maraqla ifadə edir. Səmimi hiss və duyğular toplusu kimi şeirə dönən bu məqamlar, bədii düşüncə anları təbiətin möcüzəvi qövsi-qüzehinə bənzəyər. Bu qövsi-qüzeh yarandığı zaman poeziya yaranır.

Alik Dənizsevərin şeirlərində duyğuların, hiss və həyəcanların poetik ovqatla ifadə olunması maraq doğurur. İnsan yaşantılarına vəsilə olan arzuların, ümidlərin həyata keçməməsini o da maraqla ifadə edir:

 

O ağa bürünən arzular öldü

amma basdırmağa yeri yox, dolub

bəlkə də yaxşısı susdum

pis oldu

o gözəl sandığım

kifirdən kifir

 

indi bir-bir gələn əl edir, gedir

xəbərsiz, dinmədən

məni tərk edir

o ağa bürünən ümidlər öldü

amma basdırmağa yeri yox, dolub.

 

Ölən arzuların gözəlliyindən danışan A. Dənizsevər bu arzulardan söz açaraq onların gözəl olduğunu bildirir:       

 

o yolu yerisəm mənasız daha

yaxşı, pis söyləsəm

boşdu

unut, eh.

 

o ağdan, qaradan

məndim xəbərsiz

ölsəz də arzular-

yenə gözəldiz.

 

O ağ-qara rənglərdən xəbərsiz olsa da arzuların ölsələr belə yenə də gözəl olduqlarını bildirir. İnsanı, hələ poeziyanı özünə həmdəm seçən kəsi həyata bir də poetik əhval-ruhiyyə ilə bağlayan ən böyük yaşantı, dəruni hiss və həyəcanlar toplusu arzular deyilmi? Alik Dənizsevərin də oxuculara poetik ovqatla demək istədikləri elə budur...

Həyat haqda nə qədər danışsaq, yenə azdır. Doğum evindən son mənzilə qədər insanın gəldiyi uzun bir yol haqda dünya yaranandan danışılır. Amma yenə də bu, azlıq edir. Çünki ömür boyu gəldiyimiz yol haqda danışacağımız sözlər bitmir, tükənmir. Alik Dənizsevər də həyat haqda düşüncələrini oxucularla bölüşür:

 

Həyat bir az-bir az böyüdər səni,

hər addım başında

min yıxılarsan.

Gecələr saatın üçündə bir də

Namaza durarsan, yenə durarsan.

 

Hələ uşaqların gizlən-qaçları

Bənövşə, kim düşə, o qaç bu tutsun.

Çığır-bağırları, inciklikləri

böyüklər bir anlıq

baxsın unutsun.

 

Uşaqkən arzular, istəklər başqa cür-sadə, təbii, pak və gözəl olmurmu? Uşaqlara günahsız bəndələr deyilməsinin də kökündə elə onların saf uşaq dünyaları dayanmırmı? A. Dənizsevər də uşaqların tərtəmiz dünyası haqda şeirində bu haqda danışır:

 

O an saat-saat zaman tez keçər

Həyat sıxar səni istəməsən də.

Elə uşaqlaşar,

şıltaqlaşarsan

bir ağız Analar can-can

deyəndə.

 

Uşaqkən bildiyin Hər şey gözəldi,

böyüdün, baxdığın bu yer imtahan.

baxarkən hər şeyə gələr heyifin

çəkdiyin yük olar sənə

bax o an.

 

Elə ki, o uşaq böyüdü, əslində hər şeyin imtahan olduğunu görür. Kimi bu imtahandan əla qiymətlərlə çıxır, kimi də kafi qiymət alır və ya kəsilir, gözlədikləri, istədikləri ürəyində qalır. Həyat bu... Kim üçün yaxşı olur, kim üçünsə pis.

İnsan yaranandan onunla birgə yaranan hisslərin ən gözəli olan sevgi poeziyanı rövnəqləndirir, onu bəşəri hisslərin məcmuyuna çevirir. Alik Dənizsevərin .eirləri də bu hissdən xali deyil:

 

Səni bu hisslər  qoy qorxutmasın,

Sevgi məsafələr qət eləməkdi.

Yanında olub da uzaq olanlar

Özü də ən böyük yalan deməkdi.

 

Sevgi məsafələr qət eləməkdi, doğrudur. Amma çox vaxt o məsafələr son mənzilə qədər uzanır. Bu, əlbəttə, əsl sevgidir... Yanında olanların uzaq olması, yalana çevrilməsi bu gözəl hissə kölgə salmırmı? Onu çox vaxt xoşbəxtlikdən uzaq, bəzən bəsbəxtliklə identik etmirmi?

 

Qorxutma özünü, adicə sözdü,

Beş hərf sevgidi, nədir bu sevgi?

Yanında olub da min can deyənlər

Səni təriflədi bir yolda bəlkə.

Bu gülüş, özü də saxta gülüşdü,

Uzaqlıq, sevgilər, o məsafələr

hər gün bir az, bir az köhnəldi, düşdü,

sənin o gözündən düşənlər kimi.

 

Alik Dənizsevər lirik qəhrəmanının sevgisinə uzaqlığın, məsafələrin mane olmağa çalışdığını poetik ovqatla vurğulayır...

 

O, bəzən sevginin də yalan olduğunu düşünür:

 

Zamanla sadəcə keçən gün oldu,

Açılan yaralar bir yol sağalmaz.

Sevgilər bəlkə də özü yalandı,

Ya da ki, insanlar üzü dönükdü.

Sevərsən, yenə də mənası olmaz.

 

İnsana çox vaxt retrospektiv duyğular aşılayan, onu düşündürən və bu hissin gözəlliyinə inandıran sevgi mənasız çalarlarla özünü büruzə verəndə bunun əsas səbəbi insanların üzü dönüklüyü olur. A. Dənizsevər də poetik ovqatla oxuculara bundan söz açır...

 

 

Onda bildim ki,

sevməkdən çox sevilməlisən,

bir söz üçün gündə min yol ölməlisən.

Axtar, tap, tələsmə yazmağa,

Nə zamanım var

gördüyüm yuxuları yozmağa,

onda bildim ki,

məndən keçənlərin

"Sağ ol”unda unuduldum

görməməzliyə vurduqlarımı

oldu da hər içimə atdıqca

udum, udum

hər gün bir az,

bir az içdim.

Onda bildim ki,

Bir dərdlik də ola bilər insan...

 

A. Dənizsevər insanın hər dərdi udum-udum içinə atdıqca onun bir dərdlik də ola biləcəyini epitet-bədii təyin vasitəsilə  oxucuların nəzərinə çatdırır. Bu isə yenə də səbrli olmağın faydasını poetik ovqatla ifadə edir...    

Otuz ilə yaxın erməni qəsbkarlarının tapdağı altında olan Qarabağımız nəhayət, Ali Baş Komandanımız İlham Əliyevin və igid əsgərlərimizin sayəsində işğaldan azad olundu. Torpaqlarımızın azad olunması üçün igid oğullarımız canlarından, qanlarından keçdilər. Şəhidlərimizin, qazilərimizin xalqımıza bəxş etdiyi bu tarixi qələbə dünya durduqca yaşayacaq və onların adını yaşadacaq...

Bu tarixi qələbə hamımızı sevindirdi və həmişə sevindirəcək. Tariximizdə, mədəniyyətimizdə, ədəbiyyatımızda da yaşayacaq qələbəmiz poetik nümunələrdə həmişə əks olunacaq. Alik Dənizsevər vətən haqda yazdığı şeirdə bu məqamlara diqqət yetirir:

 

Vətəni içində böyüdənlərin

Sevdası o gündə Şəhidlik oldu.

Qorxutmaz nə eniş, nə yoxuş onu,

Bu özü Müqəddəs, içməli yoldu.

 

Bu yolu keçib də  içənlər bilir,

Şərbət tək içilir ölüm gələndə.

Oğul şəhidliyi, arzular gülər,

Bayrağı o yerdə min yüksələndə.

 

Əlbəttə, o,  bayrağın enməyəcəyini bilir və bunu poetik əhval-ruhiyyə ilə oxucuların diqqətinə çatdırır:

 

Yox, enməz o bayraq, enməz heç zaman,

Oğullar canından bu yolda keçdi.

Ana şəhidliyi arzulayanlar

Şəhadət şərbətin o gündə içdi.

 

Alik Dənizsevərin poetik dünyasına qısa səfər etdik. İnanırıq ki, o, poeziya ilə dərindən maraqlanacaq və yaradıcılığına daha böyük entuziazmla davam edəcək...

 

 Xuraman Hüseynzadə


3390 oxunub

InvestAZ