XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



“Elə bilirdim, şeir yazmışamsa, dünyanı fəth eləmişəm...”
MÜSAHİBƏ 15:43 / 18.05.2021

Dünya yaranandan bəri insan ürəyinə yol sevgidən və sevgini ifadə eləyən sözdən keçir. Qonağımız həkim-kardioloq və şair kimi bütün ömrünü ürəyə həsr eləyən Qalib Şəfahətdir. Qalib Şəfahət Azərbaycan Yazıçılar birliyinin üzvü, bir neçə kitabın müəllifidir, əsərləri qardaş Türkiyə və İranda dərc olunub.

 

- Xoş gördük, Qalib müəllim! Sizi necə təqdim edək: həkim Qalib, yoxsa yazar Qalib?

- Siz necə görürsünüz, elə də təqdim edin.

- Öncə təxəllüsünüzdən başlayaq. "Şəfahət” həkimlikdən qaynaqlanır? Sizi Qalib Şəfahət edən nədir?

- Hə, çox maraqlı sualdı. Yəni bütövləşdirən. Bəlkə də indi bütövəm. Orta məktəbdə oxuduğum illərdə şeir yazırdım. Özüm haqqında böyük xəyallarda idim. Elə bilirdim ki, şeir yazmışamsa, dünyanı fəth etmişəm, bir təxəllüsüm kəmdi. Başladım özümə təxəllüs axtarmağa. Fikrim də həkim olmaq idi. Axtarışım nəticə verdi, "Şəfahət” təxəllüsünü seçdim. Yəni, şəfa verən, sağlamlıq bəxş edən mənasında. Həm həkim kimi, həm də yazar kimi bir-birini tamamlaması üçün.

- Maraqlıdır. Siz həm də kardioloqsunuz. Qalib həkim, ürəkləri müalicə etməklə yanaşı, qəlblərə yol tapmaq, ruhları oxşamaq sizin üçün çətin deyilmi?

- Qəlblə ürək eyni məna kəsb edir. Ona görə yolum asandır. Asan yol seçmişəm...

- Bu cavabdan hər iki işinizi də çox sevdiyinizi anladım. Gəlin, ömür yolunda bir az əvvələ qayıdaq. Siz bu istedadı ilk dəfə özünüzdə nə vaxtdan hiss etmisiniz? İlk qələm təcrübəniz yadınızdadırmı?

- Şeir yazırdım, amma, gizli saxlayırdım. Çalışırdım əvvəlcə mətbuatda görünüm. Hamı məni mətbuat vasitəsilə tanısın. Digər şeirlərin talehi o qədər də yadımda qalmayıb. İnsan özünü dərk etdikcə daha yaxşı tanıyır. İlk mətbu şeirim "Yollar məni” olub. Gədəbəy rayonunda çıxan "Tərəqqi” qəzetində çap etdirmişəm.

- Deməli, ilk addımlarınızı doğma torpağınızda atmısınız. Doğma el-obanızdan başlayıb, qardaş ölkələrə qədər yol getmisiniz. Qardaş Türkiyədə işıq üzü görən "Kırık merdiven” adlı nəsrlər toplusunun ön sözündə "şeirlərindən daşan üslubu nəsrə çevirən yazar” kimi təqdim olunmusunuz. Sizcə, yazarı nəzmdən nəsrə aparan səbəb nədir?

- Hə, hər şeyin başlanğıcını doğma torpaqdan götürmüşəm. O uca dağların arasında hər şey yaxın görünürdü. O ruhu, o gücü ordan almışam. hələ də o gücü ruhumda daşıyıram. Mənim həm şeirlərim, həm nəsr əsərlərim qardaş Türkiyədə və İranda işıq üzü görüb. Bir neçə kitabım çıxıb. Mən nəzmdən nəsrə, nəsrdən nəzmə keçmirəm. Özümü necə ifadə etməyi bacarıramsa, elə oyam. Əsas yaradıcılıq, bədii mətndir.

- Gədəbəyin təmiz havasından, gözəl təbiətindən, sərin bulaqlarından süzülən saf mənəviyyat şeirlərinizdə və əsərlərinizdə öz əksini tapıb. Qalib bəy, əsərlərinizdə heç sizə görə ziddiyyətli bir obraz varmı? Yaxud, "bu obraz mənim üçün idealdır” deyə biləcəyiniz bir obraz? Belə bir əsəriniz varmı ki, orada özünüzü tapasınız?

- Bunu görmüsünüzsə, təşəkkür edirəm. Bütün şeirlərimdə və nəsr əsərlərimdə ziddiyyətlər olmalıdır. Ziddiyyət əsərin sujet xətti olmalıdır və o ziddiyyətlərdə yazar doğmalıq tapmalıdır. Əgər o əsəri mən yazmışamsa, orda mən özümü itirə də, tapa da bilərəm. Əsas odur, oxucu orda məni görə bilsin.

- Çox maraqlı cavabdır. Bəs Qalib bəy, gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Gələcək planlarım xoş ümid və arzu ilə irəliyə doğru addımlamaqdır.

- Biz də sizə bu yolda sağlam can, bol uğur və qələminizin iti olmasını arzulayırıq. Söhbət üçün təşəkkürlər.

- Mən də sizə və oxuculara təşəkkür edirəm, var olun.

 

 

Söhbətləşdi: Nəzakət Bağırova

Bakı Slavyan Universiteti

Beynəlxalq Münasibətlər və Regionşünaslıq, Jurnalistika

Fakultəsinin I kurs tələbəsi


3909 oxunub

InvestAZ