XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Xatirəyə dönmüş ömür...
Ədəbiyyat 10:23 / 16.05.2021

Burdan bir atlı keçdi,
Atın oynatdı , keçdi,
Gün kimi şəfəq saçıb,
Ay kimi batdı keçdi.

Ürəyimdən keçən fikirləri qələmə alanda yadıma düşən ilk söz böyük şairimiz Səməd Vurğunun aşağıdakı misraları oldu:


Bir də baxırsan ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi – gedərik, sən yaşa dünya!

Bəli, doğrudan da belədir! Dünyanın vəfaslzlığı insan ömrünü yolun yarısında kəsir. Dünyaya gəlirik, yaşayırıq, qurub – yaradırıq və birdən də qürub edib batan günəş kimi yox oluruq.Əbədi qalan isə vəfasız dünyadı. Aşıq Bəsti demişkən: dünya vəfasız, hiyləgər və "cadugər” dir.

Məleykə boyludu, şirin ləhcəli,
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi aldadar səni,
Cavanlıq donunda qalan bu dünya.


Bu fikirləri bütün insanların ömür yoluna şamil etmək olar. İnsanlar gəlib – gedir dünya isə öz yerində, öz məhvərində hərəkət edir. Kimin gəlib – getməsi onun üçün önəmli deyil. O öz hayında, nizamını pozmadan irəliyə doğru hərəkətindən qalmır. Hey gedir, gedir...Sonu görünməyən bir yolla rəvan və ahəstə.
İnsan taleyi enişli – yoxuşlu, şirinli – acılı dolanbac yollara bənzəyir. Bu yolların hər bir cığırında insan ömrünün təlatümlü anları canlanır. Bəzən bu anlar sevincli və bəzən də kədərli olur.
Ziyəddin müəllimin də ömür yolu o qədər də xoş keçməmişdir. Ömrünün xoşbəxt çağlarında erməni cəlladları bir milyon iki yüz mindən artıq Azərbaycanlılarla bərabər onu da yurd – yuvasından didərgin salmış, tale yüklü ömür yolu onun da qəm – qüssə içərisində yaşamasına səbəb olmuşdur. Nə qədər çalışsa da, doğma yurduna qayıda bilmədi. Vətən – Qarabağ həsrəti ilə gözlərini əbədi yumdu.
Həyat yollarından söz açdığımız Qarabağ həsrətli ziyalımız Respublikamızın əməkdar jurnalisti, Qarabağ müharibəsi veteranı, "Qızıl qələm”, Zərdabi adına, Osman Mirzəyev adına, "Dan ulduzu”, Araz Ali Ədəbi, Ali Media mükafatlarına layiq görülmüş Ziyəddin Kamal oğlu Sultanovdur. O Kolanı elində Zallar dağının ətəyində yerləşən Ağdam rayonun füsnükar təbiətli Almədətli nümayəndəliyinin Mollalar kəndində ziyalı ailəsində, dünyaya göz açmışdır. Bakı Dövlət Universitetinin (Keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin) jurnalistika fakültəsini bitirdikdən sonra "Gənclik” nəşriyyatında, "Azərbaycan gəncləri” və "Kommunist” qəzetlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1984-cü ildən əvvəlcə "Kommunist”, sonra isə "Xalq qəzeti” nin 2020-ci ilə qədər Qarabağ üzrə bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. 50-ilə yaxın bir dövrdə yazıb – yaradan Z.Sultanov olduqca maraqlı bir yaradıcılıq yolu keçmişdir. Bu uzun illər ərzində onun bir – birindən gözəl, rəngarəng, mövzu cəhətdən müxtəlif səpkili qələmə aldığı əsərləri oxucuların ürəyinə sərinlik, xoş əhva l-ruhiyyə və bəzən də kədərli anlar gətirmişdir. Onun "Məni də sevən var”, "Ömür keçdi, gün keçdi”, "Qarabağ gündəliyi”,”Qarabağın qara günləri”, "Xocalı faciəsi”, "Burdan bir atlı keçdi”, "Ağdərədən gələn var”, "Əsirlər, itkinlər, girovlar”, "Kəklik”, "Ölüm sevinməsin qoy”, "Xatırla məni”, "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...”, "Gəlin gedək Qarabağa” və sair kitabları işıq üzü görmüşdür. Yarım əsirə yaxın yaradıcılıq yolu keçən Z.Sultanovun peşəkar jurnalist – publisistik yazıçı imzası həmişə mətbuatda yer almış və bir – birindən maraqlı yazıları ilə nəzər – diqqəti özünə cəlb etmişdir. Yaralı Qarabağın yaralı övladı olan Z.Sultanov ömrünün 30 ilə yaxın bir dövrünü Vətən həsrətilə keçirmişdir.
Mən Ziyəddin müəllimi gənclik illərindən tanıyıram və biz bir eloğlu kimi bir – birimizlə yaxın dost olmuşuq. Xalqımızın müdrik bir deyimi var: "Qardaşını tanıyırsanmı deyir, yoldaş olmamışam”. Bu deyim olduqca sərrast və yerində söylənilmiş fikirdir. Mən Ziyəddin müəllimlə 2005-ci ildən 2020-ci ilə qədər ADPU-nun Ağcabədi filialında müəllim kimi çiyin – çiyinə birlikdə çalışmışam. Bu on beş il ərzində daha da yaxından qaynayıb – qarışdıq və ən yaxın dost olduq. Bir – birimizə Xalaoğlu deyərək müraciət edirdik. Z.Sultanovun səmimiliyi dostların, yoldaşların, tanışların, qohumların qayğısına qalması və hətta hər an onların hayına çatıb dayaq durması məndə ona qarşı xüsusi məhəbbət yaratmışdı. Onu da söyləyim ki, biz həm də qonşu kəndliyik və elə demək mümkünsə, biz bir çayda çimmişik, bir bulaqdan su içmişik. Birimiz Xaçın çayının sağ sahilindən o birimiz isə sol sahilindənik. Xaçın çayı da bizi bir – birimizə bağlayırdı. Maraqlı söhbətləri ilə həmişə məni özünə cəlb edərdi. Onun mətbuatda çap olunan bütün yazılarını hər zaman maraqla izləyər, oxuyar və fikirlərimi ona bildirərdim. Deyərdi ki, Xalaoğlu sənin fikirlərin mənə yazıb – yaratmaq stimulu verir.
Mən düşünürəm ki, Z.Sultanov hansı bir mövzunu qələmə almışdırsa, onu can yanğısı, alovlu bir dillə danışmışdır. Hər bir detalı xüsusi yanaşma tərzi ilə canlı lövhə kimi vermişdir. Yaralı Qarabağla bağlı yazdığı bütün əsərlərin mövzusunu həyatın özündən almışdır. Sadəcə o hadisələri yeni poetik ruhda, yeni biçimdə canlı nəfəs verərək səmimi, şirin duyğularla nəql edir. Bu da oxucuda yeni mənəvi oyanış yaradır. Qələmə aldığı Vətən övladlarının həyat səlnaməsi onun qələmindən süzülüb gələn şəffaf bulaq suyu kimi dupduru, təmiz, incə təravəti ilə süzülərək insanların ürəyinə məlhəm olur, onları özlərinə məftun edə bilir. Səmimi hissilərini aydın şəkildə göstərir. Z.Sultanovun yaradıcılıq ampulasının genişliyi, mövzu dairəsinin rəngarəngliyi onun əsərlərinin xarakterik xüsusiyyətləridir. Doğma Qarabağ üçün hərarətlə döyünən ürəyi hər an yurddaşlarını oraya səsləyir. "Gəlin gedək Qarabağa” əsəri də onun Vətənə məhəbbət həsrətinin haray səsidir. Bu haray Z.Sultanov ürəyində qövr edən ürəkləri parçalayan ah – naləsindən qopan qəmli mahnıların sədası Qarabağ səmasına yayılır. Kükrəyən bu Vətən həsrətli nisgil ürəkləri qəm alovuna qərq edir, onları sarsıdır.
El – obasında iz qoyub gedən sənətkarlarımızdan olan Ziyəddin Sultanov öz əsərlərində xalqının həyatından yaratdığı müəyyən fraqmetlərlə yeni səhifələr açaraq getdi. Aşağıdakı el bayatısında deyildiyi kimi:
Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

Bizə bir həqiqət də məlumdur ki, Z.Sultanov Qarabağ torpağının hər daşında, hər qayasında izi görünən söz ustadlarındandır. Yaradıcılığında yaralı Qarabağa erməni cəlladlarının gətirdiyi bütün fəlakətləri sadə xalq dilində sənətkarlıqla oxucularına söyləyir. Hər kəsi Qarabağ olayları ilə yaxından tanış edir, yaddaşları təzələyir: Özü, isə yaddaşların fonunda torpağa qovuşur.
İnsan dünyada qızıl gül kimi açılır və solub gedir. Ziyəddin müəllimin ömrü də qızıl gül kimi açdı və soldu:


Qızıl gül olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.


Yerin behişt olsun Xalaoğlu! Dünya durduqca səni sevənlərin qəlbində əbədi yaşayasan. Amin! Sənin Qızıl gül ətri verən arzuların Zallar torpağının səmalarını hər zaman bürüsün, ürəklərə təravət bəxş etsin. Fikirlərimi bitirə bilmirəm, sözlər getdikcə çözələnir, xatirələr baş qaldırıb oyanır, hey yazmaq, yazmaq istəyirəm. Sözlər bitib tükənmir ki, tükənmir... Ötən anlar qövr edərək baş qaldırıb məni səsləyir, hey səsləyir... Haraya bilmirəm...
Qızıl gül kimi dünyaya ətir səpən insanların bu dünyadan köç etməsi ürəklərə süstlük, qəm – kədər gətirsə də, onlar ölümləri ilə ölümsüzləşirlər. Ötən illərə boylanarkən onlar xoş xatirələrlə yad edilir... Düşünürsən ki, nə yaxşı silinməz iz qoymuş insanlar var, yaxşı həyat sönüb külə dönmüş ocağa bənzəyər. Ancaq onu da demək olar ki, Qızıl gül solub getsə də, onun kökündən yenisi pöhrələyir, xoş ətri ilə səmalara yeni həyat bəxş edir. Ayrılıq insanlara kədər gətirsə də, amma bu kədər fonunda Qızıl gülün qoyub getdiyi ətir insanlar yaşadıqca yaşayır, ayrılıq və ölümün sevinməyə haqqı olmur...
Sözümü ölməz şairimiz Hüseyn Cavidin aşağıdakı misraları ilə bitirirəm:

Fələyin yazdığını mən poza bilsəydim həmən,
Onu arzumla məramımla yazardım təzədən,
Dünyadan sürgün edərdim əzabı, dərdi, qəmi,
Şadlığı, nəşəni bayraq tək asardım göyə mən.

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi filialının

dosenti, AYB və AJB üzvü.

20.04.2021.


3367 oxunub

InvestAZ