XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Qəşəm İsabəyli: - TƏLƏBƏ YOLDAŞLARIM
Ədəbiyyat 10:34 / 12.05.2021


Tələbə yoldaşlarım yadıma düşəndə,

İlk yadıma düşən Qulamoğlu Nadir olur.

O da asta-asta qocalır – pir olur.

Vaxtilə hamı deyəndən deməzdi,

Öz qabağındakı boşqabdan yeməzdi:

–Alə, stansiya Salyan uşağı deyərlər mənə,

Bir kəllə ataram, əyilər çənən!

Bakılı balası Bahadır da var,

O da yel ötən kimi yanından,

Şübhələnir canından, –

Həkimə qaçır, dərmana qaçır,

Bütün günü ayaqüstədi –

O yana qaçır, bu yana qaçır.

Fakültəmizin məşhur futbolçusu

Nizami Hüseynov

Xasiyyər götürüb böyük Nizamidən, –

Bir adamın dalıyca yaman deməz,

Süfrədə 40 dərəcədən yuxarı "su” olmasa,

Ceyran əti olsa – yeməz.

Soruşursunuz hardandı?

Özü demişkən, Tovuzqraddandı.

Tələbə vaxtı bizdən çox

Rus sektoruyla oynayıb-gülən,

Goranboylu Qurbanov Natiq var.

Bir də ahıl yaşlarında

Keçibuynuzu bəhməzinə vurulan

Qubadlı balası Nəcəfov İxtiyar...

Gədəbəyli Aydın Qarayev yadıma düşür,

İllərlə görüşməsək də,

Feysbukda imzalarımız görüşür.

Dörd nəfər yoldaşımızsa

Ayrı salıb özünü bizdən, –

Nə kədərimizə şərik olur,

Nə pay umur sevincimizdən.

Biri Vaqifdi – rəngini də unutmuşuq,

Biri İmrandı – görsək, tanımarıq,

Bir də 50 il sifətinə həsrət qaldığımız

Gülhavayla Nurcahan...

"Can!” deyib, eşitmirik "can!”.

Xanım-xatın qızlarımız da var –

Vəfa adından Sədaqətimiz,

Ulduz adından Sürəyyamız,

Zər-ziba adından Almazımız,

Xədiceyi-Kübra adından Xədicəmiz,

Dərin dəryaların sükutu adından

Rənamız var...

Bir də kursumuzda Avropanın

Abırlı dəbiylə seçilən qızımız –

Gəncənin ziyalı balası Zarema Hacıyevamız.

İndi hamımızın kövrək vaxtımızdı...

Birinə zəng eləyib, gec cavab alanda,

Ürəymi yeyirəm,

"Allah! Allah!” deyirəm...

Hamımızın da bəs deyincə yaşı,

Boltu düşmüş "Jiquli” təkəri kimi

Laxlayan çənəsi,

Araba çarxı kimi taqqıldayan dişi,

Yun kimi ağarmış başı.

Birdən ölüm mələyi bərəldir gözünü,

Xəyal dünyasını arayıram, –

Kürdəmirli Qoçu Baxşalının oğlu Məcidi,

Tələbə yoldaşlarını

Soyadıyla çağıran Əlizadəni,

Gürcüstanlı Vəlini, Eldarı,

Qərbi Azərbaycanlı İlyası,

Sahibi xatırlayıram.

Şəkili Kaşıyev Fuad hanı?!

Dağlı balası Arif İslamzadə hanı?!

Qazaxlı qızı Leyla hanı?!

Hamısının ruhu uçub,

Ana vətənimzə qarışıb canı...

Küt-küt gözlərimi döyürəm...

Güclə:

"Allah bizdən irağ eləsin!” deyirəm.

24.04. – 11.05.2021


3955 oxunub

InvestAZ