XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



“Sağ qalan əsgər canlı Şəhiddir!”- MÜSAHİBƏ
MÜSAHİBƏ 15:18 / 05.04.2021

Həmsöhbətimiz gənc yazar, Vətən müharibəsi iştirakçısı Alpraslan Oğuzdur.

Aprel döyüşləri sinəmdə yara kimi qalmışdı

-Alparslan, müharibədə iştirak edən azsaylı qələm adamlarındansan. Müharibəyə yollanmağın necə baş verdi?


- Məni hər kəs şair,aktyor kimi tanısa da mən eyni zamanda ev təmiri və tikintisi ilə məşğul oluram. Necə deyərlər, çörəyimiz daşdan çıxır. Bir zabit dostumun evini təmir edirdim,evinin materialını yenicə almışdıq. İkicə gün idi ki, işə başlamışdım.
Dostum mənə zəng vurdu ki , xəbərin varmı, səfərbərlik elan olundu və biz yola çıxırıq. Ev sənə əmanət deyib-sağollaşdı. Lakin mən yerimdə dayana bilmədim. Aprel döyüşləri sinəmdə yara kimi qalmışdı. Tovuz hadisələri,General Polad Həşimov! İçimdəki Alparslan məni rahat buraxmırdı. Xülasə, dözə bilmədim, təmir etdiyim evin qapısını bağladım və açarı aparıb dostumun ailəsinə təhvil verdim. Və yollandım Cəlilabad Rayon Hərbi Komissarlığına.
Komissarlığın qarşısındakı izdihamı görəndə isə bir başqa qürur hissi yaşadım.
Komissarlıqda mikrafonla toplanan cavanlara səslənən zabitə yaxınlaşıb mikrofonu əlindən aldım, əsgər analarına səsləndim ,sabahın əsgərlərinə səsləndim.Narahat analara Zəfərlə qayıdacağımıza söz verdikdən sonra öz qələmimin incisi olan "Türkəm Mən” şeirini səsləndirdim və gedib cəbhəyə yollanan avtobusa əyləşdim.Saatlar sonra artıq hərbi hissədə idim.

-Döyüş yolun haralardan keçdi?


-Döyüş yolumuz Fizulidən başladı, Zəngilan, Cəbrayıl ,Qubadlı...Bu rayonları azad edəndən sonra isə növbəti tapşırıqlarımız Daşaltı,Tuğ ,Qırmızıbazar,Taqavar və s .
Qeyd edim ki bu ərazilərin çox məntəqələrinin adını bilmirəm lakin hamısı Şuşa və Xocavənd əraziləri idi.

-Yəqin ki, çətin anlar oldu döyüş tapşırıqlarını yerinə yetirərkən...

-Əlbəttə, çətin oldu.Lakin nə qədər çətin olsa da, bir o qədər də şərəfli və məsuliyyətli idi.Axı, biz 30 illik sinə dağımız olan Qarabağın azadlığı uğrunda döyüşürdük. Axı, bu möhtəşəm və Qutlu vəzifə hər adama da qismət olmur.
Mühasirəyə düşdüyümüz anlar da oldu ,susuz,ac qaldığımız zamanlar da oldu.Lakin bizim bir amalımız var idi və biz müsəlləh əsgər olaraq bu amalın ardınca şəhid də olsaq,qazi də olsaq getməli idik və getdik.
Mövzu bəhsi Qarabağdırsa bütün çətinliklərə sinə gəlmək həm namus, həm vicdan, həm də vətən borcumuzdur.

-Səninlə bir yerdə xidmət edən döyüş yoldaşlarını itirmək, şəhadətinə şahidlik etmək...


-Bu sözlə izah edilə bilməyəcək qədər ağrılı bir hadisədir.Bəzən elə anlar olur ki, qardaşın,yoldaşın qollarının arasında can verir,sənsə nə qədər də çalışsan ona həyat verə bilmirsən,onu əlindən tutub yanımda qal ,getmə deyə bilmirsən.
Əllərini nə qədər bərk-bərk tutsan da mümkün olmur və o şəhadətə yetişərək şəhidlik zirvəsinə ucalır. Onların içində evin tək oğlu,nişanlı olanı,ailəsi, övladı olanı, sevdiyi qızın şəklini sinəsində gəzdirənləri olur. Təsəvvür edin ki , dəqiqələr və ya saatlar öncə mülki həyata qayıtdıqdan sonrakı planlarını sənə danışır və bunları sənə danışarkən gözlərində bir işıq ümid və təsəlli görürsən . Lakin o ümidlər bir neçə saat sonra o əsgərin gözündə sönür,əbədi olaraq onunla birlikdə qara torpaq olur.Lakin onların cismi torpağa gömülsə də ruhu xatirələri sağ qalan döyüş yoldaşlarının ürəyinə gömülür və bizlər,sağ qalanlar, şəhid qardaşlarımızın baş daşı olaraq yaşayırıq bu dünyada, ta ki, ümrümüz bitənə və torpağa qarışanadək. Necə deyərlər, sağ qalan əsgər canlı Şəhiddir!

 

Əsgəri xilas etsə də özünü xilas edə bilmədi

-Daha çətin durumlar da olur...


-Əslində əvvəldən sona hər günümüz çətinlik və müəyyən öhdəliklə keçib. Lakin çətinin də çətini var deyirsinizsə, onda bir neçəsini sayım. Cəbrayıl rayonunu azad etmək üçün irəlilədiyimiz vaxtlarda gecədən sübh çağına qədər yol qət etdik,səhər saatlarında hava işıqlanana yaxın öz aramızda "Cəhənnəm dərəsi” adlandırdığımız çökəklikdə mövqe tutduq. Lakin erməni dığaları necə olubsa yerimizi təyin etmişdilər,yəqin ki bu dronla mümkün olmuşdu. O çökəklikdə 3-4 gün mühasirədə qaldıq. Aclıq ,susuzluq bir tərəfdən minamyot atəşi bir tərəfdən göz açmağa imkan vermirdi. Sonda qərara gəldik ki,bu mühasirəni yarmaqdan başqa yolumuz yoxdur. 3 ayrı 20 -20 qruplara bölündük, bir qrupun rəhbəri isə mən idim.
Yanımdakı zabit vəziyyətin pis olduğunu yaxşı bilirdi,ona görə də axırıncı dəfə yoldaşına zəng edib halallaşmaq üçün telefonla danışırdı.
Hiss etdim ki nəsə olacaq öhdəliyimdə olan əsgərlərə komanda verdim ki, çökəklikdə mövqe tutsunlar hər an minamyot ata bilərlər. Əsgərlər çökəkliyə doğru irəlilədi,bir neçə saniyə sonra böyük partlayış səsi eşidildi. Ayaqlarım yerdən üzüldü , olduğum yerdən biraz aralıya qayaya çırpılıb yerə düşmüşəm. Azsonra belimdəki şiddətli ağrını hiss etdim. Artıq özümə gəlirdim, səsləri eşidirdim, lakin beynimdə şiddətli uğultu var idi. Düşündüm ki, beldən aşağı hissəm yəqin yoxdur. Yoxsa bu cür ağrı olmaz. Həmin an övladlarımı düşündüm ,bir neçə saniyə sonra ayaqlarımı tərpətməyə cəhd elədim. Baxdım ki , alınır,deməli ayaqlarım yerindədir. Başımı qaldırım, geriyə baxdım, gördüyüm mənzərə dəhşətli idi. Yanımda telefonla danışan zabit başından qəlpə yarası alaraq şəhadətə qovuşmuşdu. Təsəvvür edirsiniz? Telefonla danışdığı yerdə həm də.
Bundan sonra mühasirəni çətinliklə də olsa yara bildik, gecə saatlarında növbəti zirvəni də azad etdik.
Məni hospitala aparmaq üçün gələn maşından düşərək getməyəcəyimi dedi. Tabor komandiri nə qədər təkid etsə də hospitala getməkdən imtina etdim.
Lakin sən demə həqiqətən də hərənin bir yazısı varmış. Çünki həmin maşını bir neçə dəqiqə sonra düşmən vurdu.
Daha sonra Plandağ adlandırdığımız ərazidə ermənilərin qəfil hücumuna məruz qaldıq. Həmin vaxt başqa bir dəstə də yaxınlıqda idi,onlar da başqa tərəfdən bizə kömək etməyə çalışırdı. Düşmən həmləsi nə qədər gözlənilməz olsa da niyyətləri baş tutmadı və biz onları geri çəkilməyə məcbur etdik. Həmin vaxt yenə minamyot atəşinin səsi və güclü partlayış səsi gəldi. Bu dəfə də bizə yardım üçün gələn dəstənin qərargah rəisi şəhadətə qovuşdu.
Ümumiyyətlə, müharibə itkisiz olmur, bu hamımıza məlumdur. İlk gündən son günə qədər çətinliklərlə mübarizə aparırsan, lakin çox uzatmayacam ən ağrılı günlərimizdən birini daha deyəcəm.

Qubadlı zirvələri uğrunda döyüş. Həmin gün biz çox şəhid verdik. Düzdür, erməni yenə məğlub oldu. Lakin ilk dəfə idi ki, o qədər şəhid verirdik. Səhər sübh 6 radələrində döyüş başladı ,Həbibi Füzulini, baş leytenant Bayramov Ramini, mayor Zeynalov Müseyibi,Babayev Cavadı,Hüseynli Şamili,Nadirli Kənan ,Səmədov Kamran , baş leytenant Emil Qurbanov, Əliyev Ramil,Sultanzadə Niyaməddin və başqaları şəhid oldu.
Artıq vaxt axşama doğru yaxınlaşırdı. Lakin döyüş artıq bizim xeyrimizə idi,düşmən çox sayda itki vermiş və postları qoyub qaçmağa başlamışdılar. Tabor komandirimiz polkovnik-leytenant Nail Orucov mənimlə çiyin-çiyinə döyüşürdü.
Birdən kürəyini ağaca dayaq edib aşağı çökdü. Kaskasını başından çıxarıb dərin bir nəfəs aldı. Sonra təsadüfən bir qurtum suyun olar dedi. Iakin heç nəyimiz yox idi, günlərdi zirvələrdə idik. Birdən yadıma düşdü ki,ağrı kəsici dərman qatdığım su var idi. Var ama dərmanlıdır- dedim. Lap yaxşı, ver-dedi. Həmin an meşə yanırdı deyə tüstüdən nəfəs almaq olmurdu. Ərazi cəhənnəmi xatırladırdı. Nail Orucov mövqe dəyişmək üçün komanda verdi. Biz minamyot atəşindən qoruna-qoruna mövqe dəyişərək irəliləməyə başladıq. Və yenə o səs! Minamyotun səsi qulaq dələcək qədər yaxın oldu. Tez fərqli mövqelərə atıldıq. Polkovnik Orucov yat deyə qışqırdı və özünü əsgərimizin üstünə ataraq onu itələdi. Lakin əsgəri xilas etsə də özünü xilas edə bilmədi. Nail Orucov da şəhid oldu. Həmin gün dəhşətli anlardan ibarət idi. Lakin biz yenə də Zəfər çalan tərəf olduq.

-Hansı hadisə sənə görə yaddaşında silinməz izlər buraxıb?


- Müharibənin özü zatən silinməz izlərdən ibarətdir.Şəhid qardaşlarım,yoldaşlarımı itirməyin özü ən dəri izlərdəndir. Lakin silinməz izlər onlardan qalan xatirələr və orada gələcək planlarını danışan əsgərlərin nəşini çiyinlərində ərazidən çıxarıb doğma ocağına rayonuna yola salmaq idi. Övladının sağ qayıtması üçün dua edən valideynlərin şəhid olmuş oğlunu qarşılayacağını düşünəndə bədənimdən üşütmə keçirdi.

-Mülki həyata öyrəşə bilirsənmi?

-Düzün desəm öyrəşə bilmirəm. Gecələri yata bilmirəm. Səhərə yaxın mürgüləyirəm, onda da müharibə yenidən başlayır. Yoldaşların yenidən şəhid olur. Bəzən də tərin suyun içində diksinərək ayılırsan.
 

- AYB üzvüsən. Necə münasibət oldu sənə. Ümumiyyətlə, AYB-dən kimlər müharibə iştirakçısı olub?


-AYB rəhbərliyindən Rəşad Məcid sağ olsun, gələn gündən tez-tez əhval tutur, əlaqə saxlayır. Yəqin ki ,nəsə planları var və bunu hələ də sürpriz olaraq saxlayır. Əminəm ki ,bir yazıçı olaraq AYB- nin üzvü olaraq cəbhədə olmağım Vətən müharibəsində döyüşməyim döyüşdə iştirak etməyim AYB üçün qürurverici haldır.
AYB üzvlərindən müharibədə iştirak edən məndən başqa bizim tanınan ,sevilən ,yazar-şairimiz ,dostum Emin Piri vardı. O da müharibənin ilk günlərində cəbhəyə yollanmış və müharibənin sonuna qədər döyüşmüşdü. Şükür ki, sağ salamat evinə döndü.

-Səni "Gənc Ədiblər ktəbi dövrü Ruslan Nadir kimi tanıyırdıq. Ruslan Nadiri Alparslan Oğuza çevirən nə oldu?


-Ruslan elə Alparslan sözündən götürülüb. Dayım, xalq artisti Nurəddin Mehdixanlı da tez-tez mənə Alparslan deyə sələnirdi. Düzü, xoşuma gəlirdi. Madəm ki,Ruslan əslində Alparslan deməkdir ,kökü və özü Alparslandır, niyə özümə dönməyim deyə düşündüm.Sənədlərimi aidiyyatı orqanlara göndərərək Alparslan adını götürdüm. Soyadıma gəldikdə isə ,biz özümüz olmaq üçün kökümüzü tanımalıyıq,özümüzü tanımalıyıq. Özümüz də, kökümüz də Oğuz Türküdür. O zaman Soy adım Oğuz olsun-dedim. Beləcə, Oğuz Alparslan doğuldu.

-Müharibədən sonra gələcək həyatın haqqında nələr düşünürsən?

-Keçmişi olmayanın gələcəyi olmaz. Elə ona görə də keçmişdən qalan sınıq , sökükləri təmir edib gələcəyə ümidlə addımlamağa qərarlıyam. Əvvəllər qələmlə şeir ,roman yazardım. Müharibə isə bizə silahla tarix yazdırdı. İndi o qələm yenidən silahla yazdığımız tarixi yazacaq. Vətənə layiq ola bildimsə, nə xoş mənə.
Gələcəyə ümidlə və inamla addımlamağa davam.

 

Söhbətləşdi: Emin  Piri



2800 oxunub

InvestAZ