XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Öz çörək payını ehtiyacı olanlara verən şəhidimiz
MƏMLƏKƏT 11:08 / 31.03.2021

Vətən əziz və müqəddəsdir. Və bu Vətən torpağını göz bəbəyi kimi qoruyan, bu yolda canından keçməyə hazır olan, ömür yollarında əvəzsiz qəhrəmanlıqlar göstərən, tarixə silinməz izlər yazan, xariqələr yaradan övladlarını Vətən və xalq heç zaman unutmur. Onların adları və qəhrəmanlıqları yaddaşların ən dərin güşələrində özünə əbədi məskən salır. Çünki taleyi Vətəni sevmək, onun yolunda şəhid olub əbədiyyətə qovuşmaq hər oğula qismət olmur. Vətənə hədsiz məhəbbət, onun müqəddəs varlığına sitayiş məhz oğulları canından keçmək istəyinə aparıb çıxarır. Oğullar canlarını fəda edir, cavan ömürləri ilə vidalaşırlar. Onların əziz, unudulmaz xatirələri isə əbədi olan Vətənlə bir yerdə yaşayır, yaddan çıxmır.

Belə tale daşıyan vətənpərvərlərdən biri də Məmmədov Məhəmməd Abbas oğlu idi. Məhəmməd Məmədov 7 noyabr 1998-ci ildə Ağcabədi şəhərində anadan olub. 2005-ci ildə Ş.Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-cı ildə adı çəkilən məktəbi başa vurub. 2017-ci ilin yanvarında hərbi xidmətə yollanıb. 2018-ci ilin iyulunda ordudan tərxis olunub, doğma Ağcabədiyə qayıdıb. Bir xeyli Ağcabədidə, Bakıda çalışıb. Bakıda işləyən Məhəmməd müharibənin yaxın zamanda başlanacağını əvvəlcədən duymuşdu. O, bilirdi ki, əvvəl-axır, torpaqlarımızı düşmən tapdağından azad etməliyik. Bu işğal altında olan doğma yerlərimizi düşməndən təmizləməli, alnımızdan o ləkəni birdəfəlik silməliyik.

Məhəmməd hər axşam evlərinə zəng edir, bərk-bərk tapşırırdı ki, birdən orduya çağırış gələr, məndən gizlədər, ya da gecikdirərsiniz.

Ön cəbhəyə getmək istəyi ilə ürəyi döyünən Məhəmmədin sonda səbri tükəndi. Sentyabr ayının 29-da könüllü olaraq iki gün əvvəl başlayan Vətən müharibəsinə qatıldı. Minaatan Məhəmməd Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən gərgin döyüşlərdə fəal iştirak etdi. 7 noyabr 2020-ci ildə Qubadlıda düşmən mərmisinin qəlpəsi ondan yan keçmədi. Məhəmməd yaralansa da, son nəfəsinədək vuruşdu və şəhid oldu. Bu igid, qorxmaz əsgər Ağcabədi Şəhidlər Xiyabınında dəfn olundu.

Məhəmmədgilin ailəsi ilə yaxından tanış oldum. Evləri elə onun vaxtı ilə oxuduğu 2 saylı məktəbin qarşı tərəfindədir. Qardaşı Əlizamin Məhəmməd ilə bağlı xatirələrini dilə gətirəndə kövrəldi:

"Qardaşım üzdə çox şən, zarafatcıl olsa da, qəlbinin dərinliyində ancaq özünün yaxından gördüyü, tanıdığı bir kədərli, nisgilli yeri var idi. Çox qəribə xasiyyətə malik idi. Özünü şən, qayğısız göstərsə də içəridən nəsə onu sıxırdı, əzirdi. Mən bunu onun müharibədən qabaq tez-tez etdiyi zənglərindən başa düşdüm. Hiss etdim ki, o, rahat olmur, ürəyi işğal altında olan torpaqlarımızın yanındadır. Bir Allah bilir ki, müharibə başlananda necə sevindi. O, bizim qalib gələcəyimizə ürəkdən əmin idi. Cəbhəyə gedəndə heç həyəcanlanmadı. Gülə-gülə, sevinə-sevinə getdi. Sanki bir toya, bayrama gedirdi... Çox sadə, təvazökar, düşüncəli insan idi. Məndən yaşca kiçik olsa  da, 13-14 yaşlarından məktəbdə oxumaqla bərabər işləyir, evə pul gətirirdi. Valideynlərimizə, ailəmizə maddi cəhətdən çox köməklik edirdi. Özünü çox yorma, işləmə deyəndə cavabı o olurdu ki, kişi evə qazanc gətirməlidir. Məhəmməd zəhmətkeş, halal bir insan idi.”

Anası Gülmirə söylədi ki, onun uşaq şıltaqlığına, dəcəlliyinə dözə bilmirdim. Bircə onu deyirdim ki, sən kimin adını daşıdığını unutma. Məhəmməd adına layiq ol. Oğlum həqiqətən də bu ada layiq oldu. Şəhid oldu. Bircə təsəllim var ki, o, Vətən uğrunda həlak oldu. Torpaqlarımız indi azaddır. Bunun özü hər şey deməkdir.

Məhəmmədin uşaqlıq dostu, müharibədən əvvəl onunla birgə Binə çörək zavodunda çalışan Rauf Talıbovun dedikləri:

"Məhəmməd yaşına uyğun olmayan bir yetkin oğlan idi. Yaxın dost idik. Dərdimiz-sərimiz bir olurdu. Onunla söhbət edəndə adam kamilləşir, həyata tam başqa gözlə baxırdı. Çox sədaqətli, etibarlı, mərd dost idi. Dost yolunda hər bir çətinliyə dözürdü. Biz Binə çörək zavodunda çox da işləmədik. Məhəmməd bu az müddət ərzində zavodda öz davranışı, hərəkəti, söhbətləri ilə hamının dərin hörmətini qazanmışdı. O, hər şeyi, bizim görə bilmədiklərimizi də görürdü. Gözündən heç nə yayınmazdı. Olduqca diqqətli idi. Bir dəfə içəridə, zavodda işləyərkən pəncərədən zavodun qapısının yanında duran ana ilə balaca oğlunu gördü. Nə fikirləşdisə, tez iki isti çörək aparıb onlara verdi. Bizə hər gün işin axırında zavoddan 2 çörək pay verirdilər. Məhəmməd də həmin gündən öz çörək payını o, ehtiyacı olan ana və uşağa verirdi... Məhəmməd haqqında xatirələri danışmaqla qurtarmaz. Bir deyil, beş deyil. Təkcə onu deyə bilərəm ki, ürəyi çox böyk idi. Yumruğundan dəfələrlə böyük. Vətənimiz, torpaqlarımız barəsində söhbət düşəndə köksünü ötürərək, Bircə müharibə başlasa, hər şey düzələr” deyərdi...

Müharibə həqiqətən də başladı. Və Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər ordumuz düşmən üzərində parlaq qələbə çaldı. Bu qələbəyə biz Məhəmməd Məmmədov  kimi qorxmaz igidlərimizin axıtdığı qan bahasına nail olduq. Şəhid Məhəmmədin ölməz xatirəsi odur ki, heç zaman, heç kim tərəfindən unudulmayacaq, bu vətənpərvər əsgərin adı hər yerdə həmvətənləri tərəfindən anılacaq.”

Adil MİSİRLİ,

Ağcabədi.



3871 oxunub

InvestAZ