XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Şuşanın fatehi Ramiq Tağıyev ölməzdir
MƏMLƏKƏT 11:05 / 31.03.2021

Şuşa! Şuşanın Azərbaycan tarixində xüsusi yeri var, Qarabağın tacı hesab olunur, qala-şəhərdir. Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, musiqi akademiyasıdır, tarixi-mədəni abidələri ilə zəngindir. Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edir ki, Şuşa Azərbaycan şəhəridir və əhalinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarətdir. İşğal dövrünə qədər bu şəhərdə daim azərbaycanlılar yaşamışlar. Düşmən Şuşanı zəbt etməklə şuşalıların, bütün xalqımızın ruhuna toxunmuşdu. Düşmənin kəsif iyini belə qəbul etməyən Şuşa Azərbaycan əsgərinin yolunu gözləyirdi ki, onu buxovdan azad etsin.

Şuşa cəsur və qəhrəman əsgər və zabitlərimiz tərəfindən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsindən sonra azad edilib. Şuşanın yerləşdiyi çətin coğrafi şərait hərbi qulluqçularımızın işini bir qədər çətinləşdirsə də, onlar döyüş texnikasız sıldırım və keçilməz daş qayaları, meşə massivlərini aşaraq inanılmaz cəsarət və rəşadət, xüsusi peşəkarlıq göstərərək düşməni məhv etdilər, şəhərə sahib çıxdılar.

Noyabrınm əvvəlində Daşaltı uğrunda şiddətli döyüşlər getdikcə yeni məcaraya yönəlirdi. Məğlub olacağını başa düşən düşmən gülləyə və mərmiyə qənaət etmir, arası kəsilmədən atəş açırdı. Xüsusilə minamyot atəşləri təhlükəli idi. Baş leytenant Xəyyam Əzizovun manqası hər bir çətinliyə sinə gərir, nə düşmənin şiddətli atəşi, nə də qarşıda duran çətin vəzifə - Şuşa qala – şəhərin azad edilməsi üçün qəbul edilən mürəkkəb əməliyyat planı onu və əsgərlərimizi rihdan salırdı. Çünki, Şuşanın azad edilməsi düşmənin süqutu, məğlubiyyəti demək idi. Ona görə də çarəsiz bir vəziyyətə düşərək vurnuxur, nə düşmənin döyüş texnikası, nə də çoxsaylı canlı qüvvəsi əsgərlərimizin qarşısını kəsə bilirdi.

Xəyyam həlledici döyüşdən qabaq əsgər yoldaşları gizir Ramiq Tağıyevə, baş gizir Tarzən Haşımova və digər döyüşçülərə dedi:

- İgidlərim, qardaşlarım, biz bir neçə saatdan sonra Şuşa uğrunda döyüşə girəcəyik. Artıq bir neçə rayonu azad etmişik. Şuşa əməliyyatının zəfərimizlə başa çatması bizdən çox asılıdır. Qarşımızda yüksəkliklər, çətin keçilən dağ-meşə cığırları durur. Biz sıldırım qayalar üzərindən qalxaraq, qətiyyətli həmlə etməklə düşməni məhv etməliyik. Unutmayın ki, sizin Şuşanın azad edilməsində göstərdiyiniz qəhrəmanlıq barədə çox danışılacaq və yazılacaq. Vətənin gözü bizdədir. Qələbə bizimlədir.

Xəyyam Əzizovun döyüşqabağı nitqi döyüşçü dostlarınıqəti qələbəyə ruhlandırdı. Xüsusilə də gizir Ramiq Tağıyevə təsir etdi. O əsgərlərə müraciətlə dedi:

- Komandirin tapşırığı bizə verilən bir əmrdir. Bu təkcə əmr deyil, Vətən qarşısında borcumuzdur. Biz Vətən yolunda şəhid olmağa hazır olmalıyır. Qələbə çox yaxındır, biz artıq Şuşanı da alacağıq, bayrağımızı orada dalğalandırıb Vətəni, xalqımızı sevindirəcəyik, düşmənin ədalətsiz işğalına son qoyacağıq...

                                      Həlledici an gəldi

Ramiqin silahdaşlarına, can qardaşlarına dediyi sözləri onlar döyüşqabağı tapşırıq kimi qəbul etdilər...

Nəhayət, həlledici vaxt gəlib çatdı. Nə düşmənin atdığı mərmilər, nə də güllə yağışı, hər an gözlənilən ölüm qorxusu Vətən torpağının xilası uğrunda şir tək döyüşə atılmış yenilməz əsgərlərimizin qarşısını ala bildi. Əmr gəldi: "Şuşanın azad edilməsi uğrunda irəli!”.

Döyüşün şiddəti artırdı. Şuşanın alınması Qarabağın alınması, düşmənin süqutu demək idi.

Ermənilər döyüşdə böyük itki versələr də müqavimət göstərməyə cəhd edirdilər. Ancaq qəhrəman əsgərlərimizin qarşısında aciz idilər. Düşəmən snayperinin gülləsi Xəyyam Əzisovun başındakı dəbilqəyə dəysə də sovuşub kənara düşmüş, komandirin beynini silkələmişdi. Buna baxmayaraq o döyüşü idarə edir, silahı yerə qoymurdu. Çünki qələbə yaxında idi, qələbədən doğun sevinci duymağa çox qalmamışdı.

Ramiqin sərrast atəşi onlarla düşməni gəbərtmişdi. O, yaralıları döyüş meydanından çıxarır, sonra döyüşü davam etdirirdi. Ramiq Hadrut döyüşləri zamanı yaralı Tarzən Haşımovu iki dəfə xilas etmişdi. İndi isə... O, düşmən gülləsindən şəhid olmuşdu.

Silahdaşını itirmək necə də ağır idi... Şuşanın fatehi Vətənə borcunu verərək, şəhidlərimizin qisasını alaraq şəhadətə qovuşmuşdu...

                                      Can verdilər, qan aldılar

Düşmənin atdığı minomyot qəlpələri Xəyyam Əzizovdan yan ötmədi. Onun bir ayağı ampultasiya olsa da qanaxmanın qarşısı alındı, ona ağrıkəsici iynələr vurdular.

- Can, qardaş, qorxma, hər şey keçib gedəcək, - deyərək Ramiq Xəyyamı dalda bir yerə apardı. Özü isə yaralıları xilas etməkdə, onları atəş altından çıxarmağa davam etdi.

Xəyyam çox qan itrimişdi, ürəyi bulanır, hərdən huşsuz vəziyyətə düşürdü. O yenidən özünə gəldi, bir qədər özünü yaxşı hiss etdi. Görünür, əcəl zəngi hələ çalınmamışdı. Xəyyam yanındakılardan soruşdu:

- Bəs Ramiq hanı?

Döyüş dostları huşsuz halda uzannmış Ramiqə baxıb suala göz yaşları ilə cavab verdilər.

- Ramiq şəhid olub, - deyən əsgər yoldaşı Xəyyama təskinlik vermək istəsə də bunu bacarmadı.

Kəlvəz kəndində yaşayan dayısı, bacısı oğlunu özü qədər istəyən Rasim Əhədov Ramiqin şəhid olması xəbərini eşidib dedi:

- Məni özünə bu qədər niyə bağladın? Sənsizlik əbədi bir yük olacaq. Vətən, qələbə isə həmişə səninlə olacaq...

Xəyyam dedi:

- Gətirin Ramliqi mənimlə yanaşı qoyun, onsuz mən çətin ki, yaşayayam... Ramiq mənə qardaşdan da yaxın idi. Can-candan necə ayrıla bilər?

Axşam olur. Xəyyam yuxu görür. Görür ki, Şuşəa düşməndən təmizlənib. Şəhərdə onları gül-çiçəklə qarşılayıb ehtiram göstərirlər. Kimsə deyir: "Biz 27 il idi ki, sizi gözləyirdik, harada qalmışdınız, əziz qardaşlarımız?”

Oyandı. Bir tərəfi bərk ağrı verirdi. "İlahi, nə günə qaldım? İndi mən bu ayaqla hara gedim? Niyə dostlarım məni ölməyə qoymadılar, dostlarımla birlikdə şəhid olmadım? Yox, mən Ramiqsiz yaşaya bilmərəm...”

Ruhi sarsıntılar ona son qərarı verməkdə kömək etdi. Xəyyam sarğıları açdı. Getdikcə ölüm mələyi onu ağuşuna aldı, ruhu dostlarının, Ramiqin ruhuna qovuşdu...

İdris Şükürlü,

Lerik şəhəri


4081 oxunub

InvestAZ