XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



Ərəb gəldi, qan düşdü
YAZARLAR 13:43 / 29.03.2021

Ərəb turistləri ətrafında növbəti mərəkə yenə də sosial şəbəkələri və mətbuatı başına götürüb. Yeni hadisə deyil, ən azından ildə üç-dörd dəfə ölkə gündəmini zəbt edir, eyni ssenari üzrə başlayır… və bitir. Eyni sərgüzəştlər, eyni reaksiyalar, qəzəbli emosiyalar, vay-şüvən, caçyoldu, sinəyaxdı. Hind filmləri kimi bayağı, amma nə sirri-xudadısa həm də baxımlı.

Mövzu iki olsa da, adı eynidi – quş ovu. Həm dırnaqlı, həm də dırnaqsız, yəni müstəqim və məcazi mənalarda.

Hamını bildiyi məşhur bir deyimin (bu barədə bir az sonra) əksinə olaraq, dünyanın ən qədim peşəsi ovçuluqdu, çünki vaxtilə insanların yeganə dolanışığı ov ovlamaqdan çıxıb. "Ov ovlamaq, quş quşlamaq” igidlərin peşəsinə çox-çox sonralar çevrilib. İndisə daha çox turizm sektoruna aiddi, elitar istirahət növü sayılır.

Azərbaycan ovçuluq potensialına görə sən deyən cəlbedici ölkə olmasa da, hər halda o qədər də "kasıb” yer deyil. Bu gün turizmin inkişafı ölkənin prioritet sahələrdən biri elan olunduğu üçün ovçu turistlərin ölkəyə gəlməsində pis bir şey yoxdu. Nə qəbahətdi, nə də cinayət. Söhbət yasaq quşların və yaxud heyvanların ovundan gedirsə, ovçudan çox buna göz yuman, şərait yaradan məmur günahkardı. Ancaq heç kim bu barədə kəlmə də kəsmir. Hamı bir ağızdan "ərəb” deyib şivən qopardır.

Adamlarda qıcıq doğuran ovçuların ərəb olmasıdı, vəssalam. Çünki indiyə kimi ov mövzusu yalnız ərəblər konteksində gündəmə gəlib. Tək istisna bir vaxtlar burda çalışmış Amerikalı "səfir-ovçu-biznesmen” Stenli Eskudero olmuşdu ki, bunun da ayrı sosial-politoloji səbəbləri var idi.

Bəs, ərəblərə bu cür qıcıq hardandı? Pullarını ödəyib ovunu edir, şair demiş, ölkədə turizmin və övçuluq sənətinin çiçəklənməsinə töhvə verirlər. Qıcıq doğuran, heç şübhəsiz, onların puludu. Kasıb toplum pullu adamı psixoloji olaraq sinirə bilmir. Kasıbın içində varlıya qarşı instinktiv olaraq gizli bir nifrət hissi gizlənir.

"Ərəb” sözü də bizim şüurumuzda zənginliyin sinonimi kimi assosasiya olunur. Hərçənd, dünyadakı ərəblərin böyük əksəriyyəti ac-yalavacdı. Əhalinin say nisbəti baxımından bizdəki zənginlər heç də onlardan az deyil. Üstəlik, bizimkilərdən fərqli olaraq öz ölkələrindəki qanunlar çərçivəsində zəngindilər. Qanunları pis olsa da belə. İşləyən pis qanunun işləməyən yaxşı qanundan daha yaxşı olması barədəki məşhur aforizmin tarixi ovçuluq qədər qədim olmasa da, təzə də deyil.

Əslində, öz yasaq ovlarını sosial mediada paylaşaraq qanunsuz əməllərini faş etdiklərinə görə ərəblərə yağlı bir təşəkkür düşür. Təkcə öz qanunsuz əməllərinimi? Hələ heç kim bilmir ki, bu quşları onlar yer sahibi olan "yerli sakin”in susqun və yaxud hansısa formalı razılığıyla, yoxsa öz xoşlarıyla ovlayıblar. Nə bilən var, nə də araşdıran. Ortada "ərəb turistləri” kimi brend bir xuruş varsa, təfərrüata nə hacət? Gözünü yum, hirsini tök.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənnin məsələyə münasibətisə məsələyə nöqtə qoymaq əvəzinə xeyli suallar yaradır: "Digər turistlər kimi ərəb turistləri də ölkəmizə gələ bilərlər. Amma istirahət zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, müvafiq orqanlar ona qarşı tədbirlər görür. Məlumatlar daxil olduqdan sonra apardığımız araşdşrma zamanı məlum oldu ki, Acınohur yasaqlığında 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarərəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin araşdırmanın gedişatlnda ərəb turistlərin bir neçə gün əvvəl həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı cərimələndilər... Sosial şəbəkələrdə əvvəlki dövrlərə aid olan, hətta ərazisini müəyyən etmək mümkün olmayan foto və video çəkilişləri paylaşılıb və iddia olunub ki, onlar həmin ərazidə baş verib. Bəzi faktlar öz təsdiqini tapdığı üçün tərəfimizdən iki ərəb turist təqribən 4000 manat məbləğində ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildi. Hazırda yasaqlıq ərazisində onların hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb, ərazidə postlar quraşdırılıb. Araşdırmalar davam etdirilir”.

İndi əsas sual bu yerli vətəndaşın kimliyindədi. Ümumiyyətlə, "yerli vətəndaş” kəlməsinin hansı kontekstdə işlədildiyi xeyli qaranlıqdı. Söbhətin yerli sakindən, yoxsa Azərbaycan vətəndaşından getdiyi məlum deyil. Adamın kimliyi niyə açıqlanmır? Ümumiyyətlə, bu ölkədə qoruq ərazisindən nə az, nə çox, 372 hektar sahəni icarəyə götürmək gücündə və ya imkanında olan sıradan bir bəxtəvər tapmaq mümkündümü? Olsa-olsa kiminsə adına götürülə bilər. Yox, əgər söhbət, ümumiyyətlə, Azərbaycan vətəndaşından gedirsə, şübhəsiz, işin içində iri məmur barmağı var və hər halda bu boyda həngamədən sonra sosial fəallar ərəb turistləri haqqında mənəvi-didaktik düşüncələr və ittihamlar üzərində gəzişməkdənsə, həmin məmurun kimliyini araşdırmaq məsələsinə fokuslaşmalıydılar.

Nazirliyin Ekoloji təhlükəsizlik xidmətinin sosial şəbəkələrdə yayılan məlumatlardan sonra ərazidə postlar qurulması və araşdırmalara başlanması barədəki fikri bir ayrı dəsgahdı. Nəzərə alsaq ki, sosial media fəalları da məsələdən ərəb turistlərinin paylaşımlarından sonra xəbər tutublar, onda aşkarlıq və səmimiyyətə görə həmin turistlərə minnətdarlıq eləməkdən başqa çarəmiz qalmır. Çünki zənginlik heç də puldan bezmək anlamına gəlmir. Ovçular "qanunsuz ov”un gözlənilən fəsadlarını əvvəlcədən "həll etdikləri” üçün arxayın davranıblar, bir az da konkret olsaq, böyük ehtimalla "cərimə” əvvəlcədən "ödənilib”.

Ərəblərin ikinci ov ovlağı "Torqovı”dı. Vaxtaşırı onların "Torqovı”dakı "quş ovu” macəraları da sosial şəbəkələrin "əsəblərini” tarıma çəkir, mentalilitetdən vurub milli qürura kimi hər nə varsa qabağımıza döşəyib ağlaşma qururuq. Yuxarıda da dediyimiz kimi bu "ov”un qurbanları tarixin əvvəlindən günümüzədək öz varlığını qoruyub saxlamış ikinci ən qədim peşənin təmsilçiləridi və hələ ki, ən sərt qanunlarla belə dünyanın heç bir nöqtəsində bu peşənin axırına çıxmaq mümkün olmayıb. Özü də deyilənlərə və yazılanlara görə həmin peşənin müəlliflik hüququ bizim qonşu xalqa məxsusdu və Strabonla yanaşı onların qədimliyini sübut eləyən ən mötəbər mənbədi.

Bu cür ov ovlaqları dünyanın bütün böyük və kiçik şəhərlərində olub, var və bundan sonra da olacaq. Onu "Torqovı”ya da ərəblər gətirməyib, "Parapet”dən keçib. Əhali çoxaldıqca müxtəlif sosial qrupların sayının artması demoqrafiyanın qanunudu və məkanın genişlənməsi həmin qanunla tənzimlənib. Ərəblər, sadəcə, köhnə bazara təzə nırx qoyublar ki, bu da qiymətlərin sıçrayışlı yüksəlişinə gətirib çıxarıb. Tələbin təklifi üstələməsi nəticəsində qiymətlərin artmasısa iqtisadiyyatın qanunudu. Qiymətlər onların ayağı dəyən hər yerdə sürətlə artır – fahişəlik biznesində də, ovçuluqda da, restoran biznesində də. Yaxşı olardı ki, muzeylərə, teatrlara ayaq açıb orda da qiymətləri artıraydılar. Amma neyləyək ki, bu cür məkanlarda vaxt itirmək bir vaxtlar bizə mədəniyyət ixrac eləmiş bu qövmün stixiyasına aid deyil.

Restoranlarda ərəblərə xüsusi qayğı göstərilməsi, menyuların ərəbcə yazılmasına, ərəb yeməklərinin hazırlanmasına ağrılı münasibət də başa düşülmür. Bazardı, biznesdi, adına da müştəri məmnuniyyəti deyilir. Nəyi pisdi? Menyunu hansı dildə, neçə dildə tərtib eləmək restoran sahibinin öz işidi. Pis olan odur ki, birinci dövlət dilində yazılmalı və bu, qanunla nizamlanmalıdı. Hərçənd, biz bunu 30 il bundan əvvəl qanunla nizamlasaq da, öhdəsindən gələ bilmirik. Qapalı özəl məkanlar bir yana dursun, bir çox dövlət qurumlarının işlək dilini, şəhərin reklamlarını, binaların qarşısındakı lövhələri qanunun tələblərinə uyğunlaşdıra bilmirik və ya istəmirik. Bu dərdin yanında menyuların dili toy-bayramdı.

Bakıya təkcə ərəb turistləri gəlmir, menyular ancaq ərəb dilində yazılmır. Amma nədənsə çanağı həmişə onların başında sındırırıq. Vaxtilə babaları bu diyara qılıncla gəlmişdi, indi özləri pulla gəlirlər. Qılıncı sinirə bildik, pulu sinirə bilmirik. Görünür, "aclıqdan belə eləyirik”. Sərlövhəyə yüngül redaktəylə çıxardığımız ifadənin əsli də elə onların babalarının gəlişiylə yaranıb: "ərəb öldü, qan düşdü”. İşğaldan sonra kimsə təsadüfdən və ya zərurətdən bir ərəb öldürəndə əvəzində onun ailəsindən və yaxınlarından beş nəfər öldürürdülər. Hər ailə bir ərəb əsgərini saxlamağa borcluydu – qonaq kimi yox, yer yiyəsi kimi, həmin əsgər evdəki zənən xeylaqlarının üzərində də mütləq ixtiyar sahibiydi. İndi onları müqəddəslər donuna bürüyüb başımızın tacına çevirmişik, şəkillərini medalyonlara taxıb yaxamızdan asırıq, pulla gələnlərisə hər fürsətdə dışlamaqdan doymuruq.

Öz gətirdikləri mentalitetdi, başlarında çatlayır. Nə öz ölkələrində yad adamı gözləri götürür, nə də pənah apardıqları ölkələrdəki mühitə qaynayıb qarışa bilirlər.

M. Cavadoğlu

 


1048 oxunub

InvestAZ