XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



“Şəhid olmağım gəldi”
Ədəbiyyat 12:20 / 15.03.2021


Vətən torpağı o qədər müqəddəsdir ki, oğullar ondan ötrü düşünmədən canlarından keçirlər. Dünyanın ən əziz neməti olan canlarını fəda edən oğullar bu torpağın əbədi, bölünməz olduğunu bir daha sübut edir, adlarını Vətən torpağına böyük hərflərlə yazırlar. Vətənə olan sonsuz sevgilərini, qəlblərinin dərinliyində gəzdirdikləri Vətən məhəbbətini oğullar ölümləri ilə təsdiqləyirlər:

Ayaq basdığım

Vətən torpağı

Ürəyimin başından keçir...

Vətən sevgisini ürəyinin başında gəzdirən qeyrətli, vətənpərvər oğullardan biri də Ömər Rəşad oğlu Rəhimli idi. 1 fevral 2002-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində ziyalı ailəsində dünyaya göz açan Ömər hələ uşaqlıqda vətənpərvər bir oğul kimi torpaqlarımızın yarasının sağalacağına inanır, böyüyəndə onu göz bəbəyi kimi qoruyacağını söyləyirdi.

Birinci Qarabağ savaşında Hindarx oğulları qarı düşmənlə üz-üzə vuruşmuş, gənclərin bir neçəsi Vətən yolunda şəhid olmuşlar. Onların şərəfli döyüş yollarını davam etdirən Ömər də bu qəsəbənin övladlarının necə vətənpərvər, torpaqsevər olduqlarını öz igidliyi ilə bir daha nümayiş etdirdi. Müharibə başlananda o, həqiqi əsgəri xidmətdə idi. Sumqayıtda N saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsinə Ömər oktyabrın 6-da qatılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Xocavənd və Daşaltıda gedən qızğın döyüşlərin fəal iştirakçısı idi. Düşməndən azad etdikləri hər bir torpağa Ağcabədi, Hindarx, Ömər Rəhimli sözlərini öz silahı ilə yaza-yaza gedən Ömər Qubadlını azad etdikdən sonra evlərinə zəng edib, buranın dağlarının, meşələrinin necə əsrarəngiz gözəlliyə malik olduğunu vurğulayıb. Deyib ki, ölərəm, bu torpağı düşmənə vermərəm. Heyif deyil, belə torpağa düşmən ayağı dəysin. Bu torpaqlara baxanda adamın ruhu dincəlir. Cənnətdir buralar. Nə yaxşı ki, bu gözəl torpaqları qaytara bildik. İndi adam rahat ölə bilər...

Ömər yaralanandan sonra əmisi ilə telefon söhbətində bildirir ki, xoşbəxtəm, mənim də qanım bu torpağa töküldü.

Gərgin döyüşdə ağır yaralanan topçu Öməri xilas etmək mümkün olmadı. Çox qan itirdiyindən o, dünyasını dəyişdi. Vətən yolunda o, ən uca zirvəyə yüksəldi, şəhid oldu.

Ömər əsgərliyə gedəndə doğma məktəbə gəlir. Sevimli tarix müəllimi Könül Cəfərovanın sinfinin qapısını döyür. Müəllim onu görüb çox sevinir və gəlişinin səbəbini soruşanda Ömər gülümsəyir:

- "Müəllim, əsgərliyə gedirəm. Gəldim ki, görüşək. Bəlkə bir də...” Sinfin uşaqları bu zaman hamısı bir nəfər kimi ayağa qalxır və ucadan deyirlər:

Şəhidlər ölməz, Vətən bölünməz!

Ömər bu sözlərdən duyğulanır, "Nə yaxşı sözlərdir, lap şəhid olmağım gəldi”, - deyə söyləyir.

Könül müəllim sevimli şagirdi haqqında ağızdolusu danışdı: "Ömər çox tərbiyəli, ağıllı, zarafatcıl oğlan idi. Dərs zamanı həmişə Vətən ruhlu, torpaq sevgili suallar verirdi. Bir dəfə soruşdu ki, müəllim, yəni bir gün torpaqlarımız mütləq azad olacaqdır? Mən də, "Hə oğlum, mütləq. Azərbaycan oğulları torpaqlarımızı düşməndən azad edəcəklər” dedim. Sakitləşdi, "Mən də elə düşünürəm” dedi.

Bir dəfə də Mübariz İbrahimovla bağlı sual verdi. Onun haqqında geniş danışmağımı xahiş etdi. Mən də bir tarix müəllimi kimi, Mübarizin canlı örnəyini təsvir etdim. Dedim ki, Mübariz əsl vətənpərvər, qəhrəmanlıq nümunəsi idi. İndi onun apardığı mübarizəni siz, bu günki gənclər davam etdirməlisiniz. Mənimlə razılaşdı, hər bir Azərbaycan oğlunun Mübariz olmağının vaxtı yetişdiyini söylədi”.

Atası Rəşad müəllim: "Ömər fəxr etməli həyat yolu keçdi. Mən qürur duyuram ki, oğlum az ömrü ilə xeyli iş gördü. Bir Azərbaycan əsgəri kimi bir çox torpaqlarımızın işğaldan azad olunmasında igidlik və rəşadət göstərdi. Vətənə öz oğul borcunu ləyaqətlə yerinə yetirdi. Bu torpaq uğrunda qan axıtdı, canını fəda etdi.

Ömər nənəsi, babası ilə çox yaxın, mehriban idi. Həmişə onlarla dərdləşər, məsləhətləşərdi. Onun ölümünə tab gətirə bilməyən nənəsi, o şəhid olandan 5 gün sonra həyatdan köçdü. Sevimli nəvəsinə yaxın olmaq üçün dünyasını dəyişdi.

Babası Akif kişi Ömər haqqında danışanda fərəhdən dili ağzına sığmır: "Çox baməzə, zarafatcıl idi Ömər. Öz nikbinliyi, həyat eşqi ilə çoxlarından seçilirdi. Nənəsini, babasını çox sevirdi. Bizə dərin tellərlə bağlı idi. Atasına demədiklərini mənə söyləyirdi, çox şeylərdən danışır, məsləhətləşirdik. Yazıq arvad onun ölüm xəbərindən sonra yaşaya bilmədi... Ömər müharibədə də zarafatından qalmırdı: "Baba, yaxşı təzə texnikalar ələ keçirmişik, yaxın da deyilsən ki, sənə bir-iki traktor, maşın yollayım...” Hələ də onun ölümünə inana bilmirəm. Elə gözləyirəm ki, nə vaxtsa qapını açıb gülə-gülə içəri girəcəkdir. Bircə təsəllim var ki, Ömər canını müqəddəs torpaqlarımız, Qarabağımız uğrunda fəda etdi”.

... Ömər cəmi on səkkiz ilə yaxın ömür sürdü. Canını Vətən yolunda əsirgəmədən şəhidlik zirvəsinə yüksəldi. Ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunan şəhidimiz öz adını, soyadını təkcə azad etdikləri torpağa yox, həm də bizlərin yaddaşına böyük hərflərlə yazdı. Elə yazdı ki, bu yazı heç zaman pozulmayacaq, Ömərin adı qəlbimizdə əbədi yaşayacaqdır.

Adil MİSİRLİ


3709 oxunub

InvestAZ