XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Vaqif BƏHMƏNLI - Şeirlər
Ədəbiyyat 13:50 / 28.02.2021


1. Bir az söz..

Bir ay məhbəsdə

Canımın kəlmə, söz günü

gizli marağa çəkildim.

Qır-qızıllı payız günü

bir ay qırağa çəkildim.

Ağaclar oldu, mən oldum,

bir də buludlu göy üzü.

Min yol boşaldım, doldum –

kiməm; baş açmadım, düzü!

Fəhm elədim ecaz var

hər enimdə, qalxımda

Suya döndü sevdalar,

dostlar batdı ilğımda.

İlahi söz həvəsiylə

can əritdim əlcə-əlcə.

Qurtuldum söz məhbəsindən

bir ayım bitdi beləcə...

Düşkün cana çarədi həb –

öz başım, öz əlim oldu.

Gözdən axan yaş mürəkkəb,

barmaqlarım qələm oldu...

2020

Yazı prosesi

(Yarızarafat)

Sözdü canın cövhəri –

dam qururam, doğrusu.

Bir sümüyəm, bir dəri –

can yoruram, doğrusu.

Söz ki, gəldi dilimə

qələm batır əlimə,

tablayıram zülümə;

gül dərirəm, doğrusu.

Qəhr olur gülün çoxu,

Ərşə çəkilir yuxum.

Gözümə dəsmal sıxıb

qəm sərirəm, doğrusu...

Göylərlə tən duranda

Yaddan çıxır Quran da...

Şeiri başa vuranda

yüz vururam, doğrusu!

2017

Dərd bazarlığı, yaxud yazı ərəfəsi

Ağırlaşıb yenə yüküm,

dərd gəzirəm... bircə büküm...

İçimdəki hökkültünü dərhal kəsəndən al gətir.

Batmayıb ki, qardaş, mahal;

mahalda dərdlər halbahal...

Nə ondan al, nə məndən al,

nə də ki, səndən al gətir!

Baxma xara, ya tirmədi,

qəm şalı hörmə-hörmədi...

Məmməddəki girdirmədi, yüyür Həsəndən al gətir!

Mən xəstə, sən can həkimi –

tişə götür, yar sinəmi...

Taxt üstündə nanə kimi şahlar əsəndən al gətir.

Anla qəmin əzbərini,

ölən ölüb, tut dirini...

Qana batmış əllərini qanla yusan da, al gətir!

Kədər saçan sərvətini əldə saxlamaqdı çətini...

Heç olmasa surətini "Xidmət-Asan”dan al gətir!

Dərd hara, nadan haradı? –

dərd qanana dərd çaradı!

Lalənin qəlbi qaradı, rəngi süsəndən al gətir!

Axtar qəlbi oxlananı, köksü çarpaz dağlananı...

Tap bazarı bağlananı,

bəxti küsəndən al gətir!

Kimə deyirsən diz çöküm;

mənə dərd tap bircə büküm...

Göy üzündə boyun büküb daim susandan al gətir!

2020

2.Bir az fikir...

Nöqtə

Xoşbəxtlik –

doğulmamaqdı,

xoş halına doğulmayanların!

Doğulanlar fani,

doğulmayanlar haqqdı...

Amma, yenə -

inan mənə,

doğuldunsa şükr et,

batma yasa,

səbrini bas və yaşa!

Bir çöp də istəmə

dostdan, yaddan

Bir xiyar tumu da umma,

inan amma

vücudundakı bostan –

yəni kəllə çanağındakı

müdrik süddaş,

sümüyündəki ilik,

damarındakı qan... özün bir qırağa,

yeddi arxadönəninə çatar –

hesab et Günəş çıxar,

hesab elə Ay batar!

Bir bax;

valideylərinlə sənin aran

vergül ləkəli...

Amma eşq, amma eşq –

üstündə və təkində,

sonunda və ilkində

sərhəd dirəyi kimi

nida... dikəlir;

nidalar arasındadı can!

Nidalar arasında nidadır insan!

Etibar əyri tərəzidə,

"dost” sözü - donqar mötərizədə...

Bəs sən özün,

sən özün nəsən?

Sən özün –

hər kəlməsi zədən-zədən

sınıq salxaq bir cümləsən;

sonunda nöqtə...

Yaşa, nöqtə!

Var ol, ata! Var ol, ana!

Sizdən məni yaradana

bir nöqtə borcluyam mən!

2017

Zəmanə uşaqları

Bizim zəmanəmizin mötədil uşaqları,

ötədil uşaqları, şitdən-şit uşaqları...

Bizim zəmanəmizin əl-ətək uşaqları,

boş pətək uşaqları, quru lək uşaqları...

Bizim zəmanəmizin tetatet uşaqları,

sosialset uşaqları, internet uşaqları...

Bizim zəmanəmizin qəzəb, kin uşaqları,

can girgin uşaqları, didərgin uşaqları...

Bizim zəmanəmizin ən qansız uşaqları,

vicdansız uşaqları, heç şansız uşaqları...

Bizim zəmanəmizin tellənən uşaqları,

əllənən uşaqları, çöllənən uşaqları...

Bizim zəmanəmizin gecəquş uşaqları,

heçətuş uşaqları, bir quruş uşaqları...

Bizim zəmanəmizin hörmətsiz babaları,

züryətsiz anaları, qeyrətsiz ataları...

2020

Şərq-Qərb

1.

Adı bir olan eşqin mövcuddur iki halı –

Qərbli üfiqi sevir, Şərqli sevir şaquli.

Şərqli dünyaya verməz üzdəki qara xalı,

Goracan sevməlidi Şahsənəmi Şahqulu.

Səmavi eşşək kimi Qərbli dartır çulunu,

Buludu balış sanır, eşqdi gözünə dəyən.

Goracan sevməlidi Şahsənəm Şahqulunu;

Bir əlində aftafa, birində gümüş ləyən.

Onu orda aldadır, buna burda kəf gəlir,

Paslı qaba qulp qoyur misterlər misgər kimi.

Bir əlində qəməlti, birində aş kəfkiri -

Şərqli cəhənnəmə də gərək gedə ər kimi!

2.

Dərin nədi, gen nədi – dörd cəhəti tanımaz;

Sevgi telli ürəkdə rübabdan da incədi.

Aşiq Şərqlini doğra, ufuldamaz, qanamaz,

Şərqlidə eşq işgəncə, Qərblidə əyləncədi.

Dərdin bəxtiyarlığı guya susub neylərdə,

Şərq öndəydi keçmişdə, indi Qərb birincidi.

Şərqin didik xalçası Qərbin muzeylərində

ilmə, butası gizli dərkolunmaz incidi.

Zaman suyu əndərir dəyirmanın pərinə

Şərqlinin göz yaşları Qərblinin sevincidi.

Qərbli yol qarışdırıb, getmək olmur dərinə;

Balalar üzə durub ataları incidir.

Şərq gərnəşir; keçmişi kabablı, dolmalıdı,

Bu nədir ki, sübutlar yüzlərcədi, mincədi.

Tarix unudulursa daha nə olmalıdı?-

Kösöylər od üstünə, küllər dibsiz küncədi!

Şair nitq irad edir yaralılar adından,

saplanan xəyanətin tiyəsi quluncadı.

Qərb Şərqi elə sıxıb, adı çıxıb yadından,

Dada yetmir Daş dövrü, Dəmir ismi, Tunc adı...

2019

Hal-qaziyyə

Lap olsun sağ və solu kor yoxuş –

yolçu izindən güc alıb qalxır.

Lap çıxsın yağı ürcahına tuş –

igid dözümdən güc alıb qalxır.

Tanrı yəhərləsə də köhləni –

bükməz ilğımlara çöhrəni!

Baxma ki, avazları köhnədi;

şair sözündən güc alıb qalxır!

Bəlli qisməti vardır hərənin –

xilqətlər qismətdən törənir!

Ağac torpaqdan çəkir şirəni,

insan özündən güc alıb qalxır.

Ən sonuncu səbrinə dirənir,

qalır şumlar altında təzə-tər,

çovğun-tufanda qara bürünür,

toxum gözündən güc alıb qalxır!

Cövlana haqqı var; dəli kimi...

coşğundu dağların seli kimi –

Mizrabın zərbi qırsa da simi

aşıq sazından güc alıb qalxır!

Tale dörd yana artır, yozulur,

Gün gəlir, gülgün ömür toz olur

Çox olan çoxluğundan pozulur,

Azlar azından güc alıb qalxır.

Heçdi dövranın şahanə taxtı,

Müddət də, fürsət də baxtabaxtdı...

Haqqın divanında sorğu vaxtı

Mərhum bezindən güc alıb qalxır!

2020

Keçmiş

Xatirə - çınqıl sanı...

köksə sığmır, çat verir,

Keçmiş qaynadır qanı,

altıma Qırat verir.

Dad dirilir damaqda,

doşab teşti mət verir.

Nənəm aşı tabaqda,

babam şişdə ət verir.

Üzlü pendir, dələmə...

şoru tamam şit verir.

Qurd qovuram,

əlimə

sərt çomağı it verir.

Hər an yaxında Tanrı –

şans açır, limit verir.

Çör-çöp yığanda Tanrı

kükürdlü kibrit verir.

Umudum ulduz sayı,

arzularım dit verir.

Anam iynə saplayır,

bacım güll çit verir.

Azaldır göynəyimi,

keçmişlər qüvvət verir;

Körpəlik köynəyimi

geyirəm... ləzzət verir!

2019

Nəfəs

Üfüqə oxşardı sinə qalpağın,

Allah fəza verib, qəfəs verməyib...

O, sənin nəyindi? –

nəfəs almağın,

Bəs sonra nəyindi? –

nəfəs verməyin!

Nə var, Tanrı verib... de, hansı haqla

gəzirsən, bəxt ömrün harasındadı?!

Nəfə nə qalırsa, nəfəs almaqla,






9193 oxunub

InvestAZ