XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



Aqil ABBAS: MƏRDLƏRİ QOVAN NAMƏRDLƏR…
YAZARLAR 13:35 / 20.02.2021

(HEÇ VAXT ONLARI  ÖZ SIRALARINA QATA BİLMƏZLƏR)

Deməli, idarə olunan bir trol dəstəsi var. İdarə eləyənlər  vəzifələrindən  getdilər, dedik, bəlkə bir az sakitləşərlər. Xeyr, bir az da artırıblar. Görünür, ya vəzifədən  gedənlər  hələ arxalarından  çəkilməyib, ya da hələ də vəzifədə olanları var.  Yəqin ki normal da «əmək haqqı» alırlar. Olsun.

Bu trol dəstəsi harda dövlətçiliyə  qulluq edən, Möhtərəm  Prezidentin  siyasətini  dəstəkləyən, xalqın az-çox rəğbətini  qazanmış bir işıqlı ziyalı var pusquda yatıb gözləyirlər ki,  hansısa bir kanalda, hansısa bir qəzetdə, hansısa bir saytda çıxış eləsin və bunlar da hücuma  keçsinlər, onları susdurmağa çalışsınlar.

Ən çox  hücuma məruz qalanlardan biri də mənəm. Sosial şəbəkədə yoxam və onlara da cavab verməyə nə vaxtım var, nə həvəsim, nə də onların  səviyyəsinə enmək istəmirəm.  Söyürlər,  qarğış tökürlər və bilmirlər ki, Allah haqsız qarğışları (ümumiyyətlə, Allah  qarğışı  sevmir – haqlı və ya haqsız) alqışa çevirir.

Ən çox da mənə irad tuturlar ki, sən Ağdam üçün, Qarabağ üçün və bu millət üçün nə eləmisən?  Və ya söyürlər ki, Birinci Qarabağ savaşında niyə bir nəfər  sənin nəslindən  vuruşmayıb, niyə şəhid  olmayıb? Oğlanların hardaydı və sair və ilaxır…

Ağdam üçün, Qarabağ üçün, bu millət  üçün nə etdiyimi yazmaq fikrim  yoxdu. Nə etdiyimi ağdamlılar da bilir, qarabağlılar da, millət də. Sadəcə olaraq, and yerim olan Həzrət Əlinin bir sözünə əməl edirəm: «Sağ əlin verdiyini  sol əl  bilməməlidir».

Belə bir atalar sözü də var: «Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər». Gənc yaşlarımda mən bu  ata sözünü başqa cür  ifadə eləmişdim  əsərlərimin  birində: «Balığı at dəryaya, heç Allah da bilməsin, özün ki bilirsən». Yəni ki  elədiyin yaxşılığa görə Allaha  minnət qoyub  heç nə istəmə.

Gələk  Birinci Qarabağ savaşına, nəslimin şəhid  verib-verməməsi və ya vuruşması  məsələsinə.

Bu suala cavab vermək istəyirəm.

Bir bacımın həyat yoldaşı polis kapitanıydı, müharibə başlayandan  səngərdəydi, Ağdamın Qərvənd kəndi uğrunda gedən döyüşlərdə də şəhid oldu. Övladı da  o, şəhid olandan  sonra doğuldu, atasının  üzünü görmədi qızı. Ölümündən sonra da Ulu Öndər onu «Azərbaycan Bayrağı» ordeni ilə təltif etdi. Ağcabədi rayonunun Avşar kəndindən idi. Nəşini də ölümündən 5-6 ay sonra ala bildik: Əkbər Alıyev. Övladını da mən böyütmüşəm, oxutmuşam.

Başqa bir  yaxın qohumum, şair  Zakir Fəxrinin  qardaşı universitetin  hüquq  fakültəsinin  4-cü  kursunu  atıb müharibəyə getdi.  Ağdamda Naxçıvanik uğrunda gedən döyüşlərdə mühasirəyə düşmüş 20-dən çox döyüşçü yoldaşını BTR-lə döyüş meydanından  çıxarıb yenidən mühasirədə qalmış qardaşlarını xilas etmək üçün Naxçıvanikə qayıdanda  BTR-ni vurmuşdular. Sonra da BTR-in sürücüsü   döyüş yoldaşı ilə birlikdə əllərini-qollarını  məftillə bağlayıb  yandırmışdılar.  Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə hər ikisinin nəşini  götürə bildik. Onları öz qucağımda yük maşınına  qoydum və  Ağdam  məscidinə  gətirdik. Heç müsəlman qaydası ilə yuyub kəfənləyə də bilmədilər, necə vardı eləcə də tabutda  dəfn elədik.

Mənim  ata nəslim Ağcabədinin Bayat kəndində yaşayır.
Əmim nəvəsi  Rada Abbasova (indi müharibə veteranlarıyla bağlı hansısa bir QHT-nin rəhbəridi) Eksperimental xəstəxanada tibb  bacısı idi, Bakıda da rahat ev-eşiyi. Getdi Ağdamda döyüşə. Güllə altına girib  yaralıları hospitala  daşıyırdı. Nə vaxt görüşürdüm qanın içindəydi. Və o qədər ixtisaslaşmışdı ki, tibb bacısı  ola-ola birbaşa səngərdə cərrah kimi yaralıları əməliyyat  edirdi.

Radanın qardaşı Cahandar Abbasov da Ağdamda döyüşürdü. Birinci Qarabağ müharibəsi qazisidi.

Başqa bir əmim oğlu Çingiz  Abbasov Ağdamda döyüşürdü. Bədəni də güllədən deşmə-deşmədi. Əlildi.

Bir qardaşım var – Elşən Abbasov həm Əfqanıstan  müharibəsi veteranıdı, həm də Qarabağ. Hazırda pensiyaçıdı.

Əmim oğlu Əyyam Abbasov – ən ağır sahədə çalışıb, istehkamçı olub, həm də istehkamçıların tağım  komandiri. Hazırda ordudan tərxis olunub, pensiyaçıdı.

Xalam oğlu Rövşən Rüstəmov – Ağdamda kəşfiyyat rotasının komandiri idi. Kəşfiyyat zamanı ağır yaralanmışdı, Bakıya vertolyotla gətirdilər. Müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdı. Atəşkəsdən sonra Hərbi Komissarlıqda çalışırdı, hazırda  ehtiyatda olan zabitdi.

Döyüşlərin qızğın vaxtında Rövşən Rüstəmovun qardaşı Bakir Rüstəmov Ağdam polisində işləyirdi. İşləmirdi ey, bütün  polislər  kimi  çiynində avtomat döyüşlərdəydi. Atəşkəsdən sonra Daxili İşlər Nazirliyi onun əməyini qiymətləndirib vəzifəcə və rütbəcə yüksəltdi. Polkovnik rütbəsində müharibənin ağrı-acılarından ürəyindən infarkt  olub rəhmətə getdi. Yeri behişt olsun.

Xalam qızı Tahirə Allahverdiyeva (yuxarıda adlarını  çəkdiyim  qardaşların bacısı) – hospitalda tibb bacısı idi.

Övladlarımın «dayı» dedikləri Qorxmaz İbrahimli –  Məmməd Arazın qardaşı oğlu. Universiteti atıb Şuşaya, Laçına döyüşə getmişdi. Hətta bir dəfə Kirsdə mühasirəyə düşmüşdü. Laçın  alayının  komandiri, polkovnik Arif Paşa ağır bir döyüşlə onları  sağ-salamat mühasirədən çıxara bilmişdi. Allah Arif Paşanın ömrünü uzun eləsin. Sözgəlişi, mən Qorxmazla  Arif Paşanın alayına həmin vaxt silah-sursat göndərmişdim. Hazırda Aydınlar Partiyasının sədr müavinidi.

Bir bacımın əri Məhəmmədəli Əliyev MTN-də çalışırdı. Şuşanın Qaladərəsi kəndi uğrunda gedən döyüşlərdə, eləcə də Göygöl rayonunun Azad və Kamo kəndləri uğrunda gedən döyüşlərdə rütbə yoldaşları ilə birlikdə vuruşurdu. Sonra polkovnik rütbəsinədək yüksəldi və hazırda ehtiyatda olan zabitdir.

Və Birinci Qarabağ  savaşında  müharibə başlayandan atəşkəsə  qədər Füzulidən tutmuş  Ağcabədi, Ağdam, Tərtərə qədər səngərlərdə olmuşam, döyüşçülərin arasında. Cəbhəyə Zakir Fəxri ilə bərabər ərzaq daşımışıq, silah-sursat daşımışıq.

Və Birinci Qarabağ savaşında atəşkəs imzalananda övladlarımın 9-10 yaşı vardı. Ağdama bomba töküləndə oğlanlarımı da  qoltuğuma vurub gedirdim Ağdama. Dostlar qınayırdılar ki, bu uşaqları bura niyə  gətirirsən? Deyirdim, özləri  əl çəkmir.

İkinci Qarabağ savaşında mənim övladlarım ikisi də güc  strukturunda  çalışır – biri Daxili İşlər Nazirliyində, biri də Fövqəladə Hallar Nazirliyində hərbçidi. Və onlar döyüşə getmək istəyirdilər. Amma nazirliyin əmrinə  tabe idilər, özbaşına deyildilər. Nazirlik əmr versəydi təbii ki, döyüşə  getmək onların təkcə  vətəndaşlıq yox, həm də bir hərbçi kimi borcları idi.

İkinci Qarabağ savaşında, 44 günlük müharibədə Füzulinin, Ağcabədinin, Ağdamın və Tərtərin döyüş bölgələrindəydim. Hospitalları, xəstəxanaları gəzirdim, yaralılarla, onların ailələri ilə görüşürdüm, şəhidlərin dəfnində iştirak edirdim. Valideynlərinin  yanındaydım. Və nə cür onlara  xidmət edirdim, bunu da özüm bilərəm.

Və İkinci  Qarabağ savaşında mamam nəvəsi, özü də prokuror oğlu olan, ixtisasca həkim Şahlar Əliyev Ağdərə istiqamətində, Suqovuşanda, Talışda vuruşurdu. Özü də həm döyüşçü kimi, həm də bir həkim kimi. Yaralılara birbaşa səngərdə  ilk yardımı göstərirdi.  Hələ də Vətənin keşiyindədi.

Deyəsən, yadımdan çıxanlar da var. Yadımdan  çıxan əmioğlanları bağışlasın.

Buyurun, bu da mənim Qarabağ  müharibəsində döyüşən nəslim.

Özüm də 30 ildi nə yazmışamsa Qarabağla bağlı yazmışam – həm  Qarabağın tarixi, həm də müharibəsi ilə bağlı.  Qarabağ müharibəsi haqqında yazılan ən gözəl və ən ağrılı romanlardan biri «Dolu»nu və Qarabağ müharibəsi haqqında çəkilən  ən gözəl filmlərin birincilərindən olan  «Dolu» filmini  yaratmışam.

Rəhbərlik etdiyim «Ədalət» qəzeti də Birinci Qarabağ savaşında cəbhə qəzetinə çevrilmişdi. Həm özüm, həm də əməkdaşlarım birbaşa səngərlərdən reportajlar verir, döyüşləri işıqlandırır, əsgərlərimizi ruhlandırır, şəhid və yaralılarımız haqqında demək olar ki, hər gün  materiallar  verirdi. Bu günə qədər də «Ədalət» həmin yolu davam etdirir. «Ədalət» qəzetinin qapıları şəhid ailələrinin və qazilərin  üzünə həmişə  açıq olub. Redaksiyaya ümidlə gələn naəlac qayıtmayıb. Hazırda da bu belədi.

Birinci Qarabağ savaşında Daxili Qoşunların 20 nəfər şəhidinin ailəsinə hər ay 100 dollar təqaüd kəsmişdim.  Daxili Qoşunların qəzetinə həm maddi, həm də mənəvi dəstək göstərirdim. Buna görə də dəfələrlə Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların komandanlığı tərəfindən Fəxri Fərmanla həm redaksiya, həm də  mən təltif olunmuşuq.

Başqa suallarınız varsa, utanmayın, deyin. Cavab  verərəm.


904 oxunub

InvestAZ