XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



“Gözümün qabağında düşmən evimizi yandırdı, heç nə edə bilmədim, dəhşətli mənzərə idi..."
Gündəm 12:05 / 01.02.2021
"Tuğ kəndi deyəndə mən bütün həyatımı, doğmalarımı, səcərələrimi gözümün önünə gətirirəm. Çünki insanın bir başlanğıcı var və bir varlıq olaraq mənim də başlanğıcım Tuğdan başlayır”

Bunu Moderator.az-a açıqlamasında şair, publisist Əbülfət Mədətoğlu deyib. Əməkdar jurnalist doğma Tuğ kəndindin işğaldan azad edilməsinə görə sevindiyini bildirib:

"Tuğ kəndi deyəndə mən bütün həyatımı, doğmalarımı, səcərələrimi gözümün önünə gətirirəm. Çünki insanın bir başlanğıcı var və bir varlıq olaraq mənim də başlanğıcım Tuğdan başlayır. Orda doğulmuşam, orta məktəbi oxumuşam, 16 yaşıma qədər yaşamışam, həyata münasibətim orda formalaşıb və bir yazı adamı olaraq ilk şeirlərimi orda yazmışam. Məqalələrim qəzetlərdə çap olunub, şirin qonararımı da orda almışam. Ona görə Tuğ elə mənim hardasa özümdü. Güzgüyə baxanda özümü necə görürəmsə, Tuğu da elə görürəm. Onun  dağları, hər iki tərəfindən axan çayı, bulaqları, xüsusilə onun şor bulaqları eləydi ki, qışda onun içində elə bilirdin ki, qızdırıcı nəsə var, istiliyindən əl vurmaq olmurdu. Yayda isə buz kimi olurdu, dodağını üşüdürdü. Belə yerlər insanın bir ömrüdür, bütövlükdə mənasıdır. Mənim üçün Tuğ budur. 

Şair ata evinin onun gözü qarşısında düşmən tərəfindən yandırıldığını və bu dəhşətli mənzərəni heç vaxt unutmayacağını bildirib:

"Bizim evi gözümün qarşısında 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə düşmən yandırdı və mən də baxa-baxa qaldım. Onda Dağlıq Qarabağda Təşkilat Komitəsində işləyirdim. Rusların Sovet ordusunun döyüş maşının içindən yanan evimizə baxırdım, amma heç nə edə bilmirdim. Təsəvvür edin ki, gözünün qabağında evin yana və sən də buna baxa-baxa qalasan. Çox dəhşətli bir mənzərə idi. İndi kəndimiz işğaldan azad ediləndən sonra qardaşım və oğlu gedib kəndimizə baş çəkiblər. Qardaşım oğlu polis əməkdaşıdır, orda xidmət edir. Şəkilləri mənə gətiriblər və təsəvvür edin ki, yanan evimizin yerində əncir ağacı bitib. Ora mənim ata yurdum idi və bizim məhlədə isə heç vaxt əncir ağacı olmayıb və bu nədir bilmirəm, bəlkə bunun da bir yozumu var”. 

Ə.Mədətoğlu doğma kəndində qayıdacağını deyib:

"İnşallah kəndimizə qayıdacağıq. İnsan doğulduğu yerə ən azından ölmək üçün qayıtmalıdır. Allah verən ömür nədirsə, mütləq ora dönərik. Diqqətinizə görə mən sizlərə də minnətdaram”.

Qeyd edək ki, Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 
 
Vasif Əlihüseyn

1859 oxunub

InvestAZ