XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



20 yanvar – şəhidlərin ad günü
Gündəm 11:08 / 20.01.2021


"20 YANVAR – ŞƏHİDLƏRİN AD GÜNÜ” məqaləsində Akif

Şahverdiyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə

Bakıda baş verən qanlı hadisə barədə fikirlərini və həmin

gecə itkin düşmüş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin

müfəttişi Osmanov Tofiq Nurəddin oğlu ilə söhbəti qələmə

alıb:

"Hələ ki, o qanlı şənbə gecəsi haqda şahidlər öz sözlərini

tam deməyib. Xatırlanıb deyiləsi sözlər, gətiriləsi sübutlar

hələ çox olacaq. Həmin gecənin tam mənzərəsini canlandırmaq,

hər şeyi olduğu kimi şərh etmək, hadisələrə düzgün

qiymət vermək üçün hələ uzun illər lazım gələcək. Nəsillər

dəyişəcək, dolaşmış kələfin ucu açılacaq, yüzlərlə, minlərlə

fikir yaranacaq, ümumiləşmələr aparılacaq və nəticə çıxarılacaq

– o gecə Azərbaycanın tarix səhifəsinə qızıl qanla

Azadlıq kəlməsi yazılıb. O günün böyüklüyünü, o gecənin

işıqlığını, tökülən qanların qiymətini və ölümüylə xalqına

şərəf-şan, azadlıq qazandıran övladların böyüklüyünü

göstərməklə biz yeni nəsli vətənpərvər kimi tərbiyə etmiş

olarıq. Odur ki, vaxtaşırı o günü xatırlamaq və xatırlatmaq

borcumuzdur. Necə deyərlər, unutsaq, unudularıq”.

Osmanov Tofiq Nurəddin oğlunun söhbəti:

"Yanvarın 19-da Sumqayıtdan qaynım gəlmişdi. İkimiz

də səhərisi gün Kürdəmirə, əmi uşağının toyuna getməliydik.

O vaxt Bakıda izdiham, mitinq, bir sözlə, qaynarlıq

olsa da, rayon yerində sakitlik idi. Qaynımla birlikdə düşdük

Azneftə. Əlirza adlı bir taksi sürücüsü vardı. Dost idik. Dedim,

sabah gedərik Kürdəmirə toya. Razılaşdı. Sözün düzü,

işdən icazə almışdım. Amma vəziyyət paytaxtda o qədər

qarışıq idi ki, özümü çox narahat hiss edirdim. Axşam saat

22-yə yaxın qaynımı evimizə ötürüb özüm gəldim Bakı

Dövlət Avtomobil Müfəttişliyinə (o vaxtkı adı beləydi). Axşam

sıra yoxlaması zamanı bildirdilər ki, SSRİ-nin Daxili işlər

naziri Bakatin Bakıdadır, şəhərdə də vəziyyət yaxşı deyil.

Odur ki, yenidən müxtəlif sahələrə bölünüb qrup halında

çıxdıq küçələrə. Mən, Yusif və Azər bir yerdə Binəqədi şosesinə,

İnqilab küçəsi istiqamətinə çıxdıq. Maşını mən sürürdüm.

Gecə saat 1-ə 5 dəqiqə işləmişdi ki, Salyan kazarması

tərəfdən atışma başladı və biz İnqilab küçəsi ilə ora istiqamət

götürdük. Yol boyu gördük ki, əliyalın adamlar əks

istiqamətdə qaçır, arxadan isə tanklar onları qovur. Yusif

dedi ki, sən öl, deyəsən, qoşun girib şəhərə. Yolu dəyişərək

3-cü mikrorayonun kolxoz bazarı tərəfindən Tbilisi prospektinə

girdik. Tank gurultusu, ağlaşma, qışqırtı səsi, güllə

vıyıltısı ətrafı bürümüşdü. Ağır bir yaralını maşına qoyub

Semaşko xəstəxanasına gətirdik. Bu dəfə Tbilisi prospektinə

yuxarı – 4-cü mikrorayon tərəfdən girdik. Allah bir də

göstərməsin, tankların böyüklü-kiçikli adamları necə əzməsini

gözümüzlə gördük. Neyləyəsən, özümüzü tamam itirmişdik.

Bir balaca tapança ilə tankın qabağına çıxmaqmı

olardı?! Tankların arasından birtəhər çıxıb Tağızadə küçəsi

ilə İnqilab küçəsinə yol aldıq. Körpüdən keçmişdik ki, 4-cü

ordunun qərargahı deyilən yerdə bizi saxladılar. Maşının

qapısı açılmaqla bizim söyüşlə təhqir olunmağımız bir oldu.

İtələyə-itələyə bizi içəri apardılar. Hər üçümüzdə silah olsa

da, bu qədər avtomatlı əsgərin qarşısında aciz idik. General

Sokolov bizim müfəttiş olduğumuzu bilən kimi: – Deyəsən,

çox yığmısınız. Gecə ovuna çıxmışdınız? – dedi.

Nə isə, poqonumuzu və silahımızı, sənədlərimizi, pulumuzu,

nə vardı üstümüzdə soyub, bizi xırda bir otağa – vedrə,

süpürgə saxlanılan otağa saldılar. Nə başını ağrıdım, çox

təhqir olunduq. Moskvadan gəlmiş mülki paltarlı cavan bir

rus oğlan bizdən izahat aldı.

Yanvarın 23-dən 24-ə keçən gecə dəhlizdən mülayim,

tanış bir səs eşitdik. Sevincimizin həddi yox idi. Bu bizim

qərargah rəisi polkovnik Adil Allahverdiyev idi.

Yanvarın 19-dan 20-nə keçən gecə sürdüyüm maşını

axtardım. Söküb skeletini saxlamışdılar. Oradan gəldim evə.

Evdə bir ağlamaq vardı ki, gəl görəsən. Məni meyitlərin arasında

axtarıblar, qəbiristanlıqlarda təzə məzarlara baş çəkiblər,

nə bilim, o vaxt şəhərdə söz gəzirdi ki, yüzlərlə

adamı gəmiyə doldurub harasa aparıblar. Bunlar da fikirləşiblər

ki, mən də getmişəm gedər-gəlməzə. Özünü itirən

yoldaşım soruşdu ki, hardaydın bu vaxtacan? Bilmədim nə

deyim. Sevinimmi? Ağlayımmı? Nə isə, özümü ələ alıb dedim

ki, yol hərəkəti qaydaları pozulmuşdu, oradaydım. Allah

sizinkiləri də saxlasın, bir oğlum var, adı Orxandır. 4-cü

sinifdə oxuyur. O vaxt 4 yaşı vardı. İndi deyir ki, ata, 20

yanvar günü yadımdadır. Sən evə üzü tüklü gəlmişdin.

Nə deyim, vallah, indi bilirsən necə fəxrlə gəzirəm? Allaha

şükür, respublikamız müstəqil, azaddır, öz ordumuz,

öz əsgərimiz var. Müstəmləkəçiliyin son qamçısını dadan

bir adam kimi, azadlığın necə şirin bir nemət olduğunu

bilən bir vətəndaş kimi, 20 yanvar gecəsinin şahidi kimi övlad,

dost, qohum itirənlərin hamısına təsəlli, səbir diləyərək

onlara demək istəyirəm ki, qoy onlar nikbin olsunlar, bilsinlər

ki, onların əzizləri 20 yanvarda ölməyib, həmin günü

doğulublar. Qəribə çıxmasın, istəyirəm deyəm ki, ad gününüz

mübarək, şəhidlər!

("Azərbaycan Ordusu” qəzeti, 12 yanvar 1996-ci il, "20-

YANVAR – ŞƏHİDLƏRİN AD GÜNÜ”, "And” qəzeti, 19-26

yanvar 1999-cu il, "O gecə bütün qaydalar pozulmuşdu”)

"Akif Şahverdiyev” kitabından

Gülər Eldarqızı
2706 oxunub

InvestAZ