Müstəqillik dönəmi ictimai-siyasi və ədəbi-mədəni həyatda üzə çıxan
sürprizləri və nou-hauları ilə maraqlı personaları tanıtdı: kimisi
olan-qalan hörmətini itirdi, kimisi bütün sahələrdə olmasa da, fəaliyyət
göstərdiyi cameədə olimpə yüksəldi və… 32 il ərzində diri qalan,
sabit-stabil yüksəliş yolu keçən, milli-mental dəyərləri qoruyaraq
bəşəri-beynəlxalq mərhələyə adlayan, dövlət və xalq üçün normal-sivil
imic sərgiləyən çox az isimlər qaldı! Daha dogrusu, üç-beş güvəniləsi,
umanılası ünvanımız var.
Maraqlı nüanslardan biri də o oldu ki, milli-azadlıq mücadiləsi,
eyni zamanda və həm də qiyam-çevriliş, dini-sosial cərəyanlardan
bəhrələnərək bu və ya digər şəkildə hakimiyyətə yönlənən bir xeyli
ictimai-siyasi, dini-sosial riyakarlar üzə çıxdı: hakimiyyət əlaltıları,
saxta və satqın müxalifət qəhrəmanları, zamana konyunktura və
volyuntarist prinsip-prizmasıyla yanaşanlar sonucda fiaskolarını
yaşadılar – 32 il az vaxt deyil! Tarix üçün bir qərinədən bir il az olsa
da!
Müstəqillik dönəmi - QƏRİNƏsində biz bir ismi artıq etiraf
edirik, sevirik, dəyərləndiririk, qürur duyuruq və yalnız və yalnız
"halal olsun” deyib uğurlar arrzulayırıq: Qənirə Paşayeva!
Qənirə Paşayeva ilk uğurunu teleməkandan boylandırdı. Əslində,
təhsilinə və naturasına görə həkim-loğman olan Qənirə xanım başqa
rakursdan "həkim-loğman”lığa üz tutdu və bacardı! Hər hansı bir təbibin
konkret sayda Azərbaycan vətəndaşını cismən sagaltdığı saydan qat-qat
artıq Azərbaycan vətəndaşını "sağaltmaqda” oldu: hakimiyyət məmurlarının
incitdiyi, dərdə-"xəstəliyə” düçar etdiyi sadə, adi, öləri vətəndaşları
"sağaltmağa”-ayağa qaldırmağa Qənirə Paşayevanın efirdən səsləndirdiyi
süjet, reportaj, veriliş konkretlikdən ümumiliyəcən hamını əhatə etdi!
Mən xarici jurnalistikadan səhih misallara malik deyiləm, amma
postsovet dönəmində Rusiya teleməkanında kosmik sürətlə oliqarxlaşan,
siyasiləşən jurnalistləri adbaad sadalaya bilərəm Kiselyovdan,
Svanidzedən, Sorokinadan, Mitkovadan üzübəri və anrı hamısını. Rus
teleməkanında və mətbuatında siyasiləşən və bu hesaba da oliqarxlaşan
mediamaqnatlar dövlət ərkanında sanbal yiyəsi olmaqla yanaşı, xalqın
içində olan etimadlarını da itirmədilər, yəni bizdəkindən fərqli olaraq,
hakimiyyətin uğurlarını təbliğ üçün efir vaxtı ayıranda ucugüləbətinli,
onikitaxta tumanlı söyüşlərəcən "yaltaq, satqın” və s. təşbeh və epitetlərlə bəzəmədilər onları, bəzənmədilər. Özləri demişkən, "yest vostoçnaya podxalimstva, i yest zapadnaya podxalimstva”
– yəni şərqli tərifi-təbliği elə aparır ki, adını yaltaqlıqdan başqa
bir şey qoya bilmirsən, qərbli bunu edəndə isə ən azından… demokratik
dəyərlərdən çıxış edilən alternativ fikir… olur!
Şəxsən mənim üçün Qənirə Paşayeva haqqında dediyim xoş söz… "zapadnaya podxalimstva”
qrafasına salınsa, sevinərəm! Çünki qruplaşan-klanlaşan və kölələşən
Azərbaycan mətbuatının "münsif-indikator”, "manometr-barometr” tipli
ələngələri şəxsi, qrup, tayfa, firqə maraqları üstündə çamur atmadıqları
kimsənə saxlamayıblar.
Qənirə Paşayevanı da arada-bərədə "söz konusu” etmək cəhdləri
olub, olacaq – çünki hər dəfə adı bir vəzifəyə təyinatda hallananda
marıqda duranlar "mətbuat fədailəri”nə bunu ötürür. Amma və lakin…
xoş olan odur ki, Qənirə Paşayevanı ittihamlar tez də səngiyir – o
biriləri kimi, "atanşik”lərə kimsələr elçi düşmür ki, sən allah, o
yazıları sil, (tula)payın gələcək.
İlk növbədə, mənə xoş olan odur ki, ixtisasca və naturaca
həkim-loğman olan Qənirə Paşayeva jurnalist və efir-ekran adamı olaraq
da təbibliyində-loğmanlığında vəhdət yarada bilib – ilk gündən indiyə
qədər!
Qənirə Paşayeva XALQ TELEMƏKANInı haça-paça yazılarıyla, əvvəl müxalif, sonra iqtidar yazarəsi olmaq sınağından keçməməklə qazanıb!
Məqsədi təbiblik-loğmanlıq olan Qənirə Paşayeva bugünkü siyasi
olimpə iddiasını heç bir zaman sərgiləməyib… jurnalist fəaliyyəti
dönəmində. Amma zaman - TARİX VƏ TALE Ona bu şansı verib!
Göstərilən etimada cavab olaraq, fəaliyyət sferasında vəzifə
səlahiyyətlərindən maksimum yararlanmaqla, vəzifə mükəlləfiyyətlərinə
maksimum vicdanla əməl etməklə cilalayıb!
Son yazımda – İlham Rəhimovun 70 illiyinə yazdığım təbrikdə qeyd
etmişəm: Milli Məclisə deputatlığa namizədliyini verərkən alternativ
Qənirə Paşayeva idi! Və… İlham Rəhimov namizədliyini Qənirə xanıma görə
geri götürdü!
Bax mən o gündən ötən 15 ildə həmişə Qənirə xanımı izləmişəm. İrəli
gedib deyim ki, Qənirə Paşayevanın mübarizə şarmı, xarizma sərgisi
ürəyimcə olub! Heç bir seçicidə o qənaət yaranmayıb bu 15 ildə:
ədalətsizlik oldu, - deyə.
Qənirə Paşayevanın layiqli millət vəkili olmasını 15 il öncədən
görənlər, duyanlar, etiraf edənlər həqiqətən də Azərbaycanı
istəyənlərdir!
Azərbaycan seçicisinə, Azərbaycan vətəndaşına Qənirə Paşayeva
qədər doğma, yaxın iki-üç deputatımız olub, var: fəaliyyətdə olan Aqil
Abbas, zamanında Ümid Partiyasının sədri İqbal Ağazadə, KXCP sədri
Mirmahmud Mirəlioğlu, Əlövsət Ağalarov…
Son savaş dönəmində anamla görüşəndə soruşurdu ki, Aydın, Aqil Abbasla Qənirə Paşayevadan başqa deputat yoxdu?
Deməyim o ki, ölkədə çox az deputat, özü də deputat olmamışdan da
xalqa yaxın olan jurnalist var ki, onlardan sıraca birinci olmasa da,
sayca birincilərdən biridir Qənirə Paşayeva.
Həm də… kişi deputatlarla bir sırada!
Yazını yazmaqda məqsədim də elə budur: bir Azərbaycan qadını
xarizma və insanlıq sərgiləsə, onu mütləq xalq sevgisi zirvəsi öz
qoynuna alacaq! Üstəlik də… əgər bunu lazım olan anda lazım olan yerdə
etsə! Sabit siyasi yönü olmalıdır, hədəfini aydınlaşdırmalı və
konkretləşdirməlidir, bəlli dəyərlər üstündə ictimai faydalı töhfələr
verməlidir həm də! O halda hətta ağlına gətirə bilmədiyi uğurlar belə
onu üzük qaşı kimi dövrələyəcək!
Çox az millət vəkillərimizdəndir ki, Qənirə xanımın özünün
imicmeyker, PR institut yoxdur, əvəzində ona üz tutanlara vaxtında və
qaneedici cavabı çatdırmaq üçün yardımçıları var!
Dediyim kimi, 15 ildə hər zaman Qənirə xanımı izləmişəm – kimsə
özünü "Koroglu” körpüsündən atanda da, Kənan Hacı yoxa çıxanda da, Murad
Köhnəqala həbsə alınanda da ürəyimin tam dərinliyindən ta tam səthinə
qədər səmimiliklə səslənib: "sağ ol, ay BACI!”
Bax bu məqamda sentimental və lirik-epik təsvirə keçim: biz təpik
özümüzə dəyəndə səsimizi çıxaranlarıq! Kimsə bizdən humanist,
qonaqpərvər, nə bilim, demokrat-zad qayırmasın! Və ictimai dəstək… bizdə
daha çox məhəllə arvadlarının hay-küy salmaq anlamından o yana deyil.
Üç-beş rezultativ-nəticəli aksiya fundamental obrazımız deyil bizim –
sosial şəbəkələrdə yüzlərlə müraciət başına döyə-döyə qalıb! Amma haçan,
harda Qənirə xanım haylanıbsa, soraqlanıbsa, həmən hər yer xəbərdar
olunub, hər yerə əl atılıb, ağız açılıb!
Qənirə xanım yüzlərlə faktın içində bizi əvəz edib: Murad
Köhnəqalaya heç cür yardım edə bilməyəndə də, Kənan Hacı tapılmayanda
da, körpüdən özünü atmaq istəyən gəncin yanında da mənim, sənin, onun,
hamımızın əvəzinə olub!
Və heç birimiz həmin anda o adamların yaxınlarının, əzizlərinin nə
düşündüyünü, nələr çəkdiyini təsəvvür etməmişik, təxmin etsək də, fəhmlə
təəssüf etsək də. Amma bir insanı - əzab və zülm içində olanı
qurtarmaq, qurtara bilmək, bunun üçün adı və varlığı belə bəs edən biri
olmaq… İlahi lütfdür!
Son günlər an məsələsi oldu… görkəmli tarixçi alimimiz, dəyərli
insan, milli-azadlıq hərəkatı mübarizəsinin öncülü, bütöv Azərbaycan
sevdalısı, torpaqlarımızın işğaldan azad olunması üçün zamanında əyninə
əsgər paltarı geyinən Dilavər Əzimlinin həyatı tükdən asılı idi!
Qızımın müəllimi və insan, dost olaraq bir-birimizə rəğbətimiz
olan Dilavər Əzimlinin yanında olmaq, onu ölümlə üz-üzə qoymamaq, ona
"sən xilas olacaqsan, ediləcəksən, əziz dost!” deyə bilmək şansımız,
güvəncimiz oldu Qənirə xanım Paşayeva!
Telefonda şəxsən təşəkkür etmişəm, bu yazı da mənim rəsmən
təşəkkürümdür, etirafımdır: nəinki təkcə seçicisinə, eləcə bizə, hər bir
azərbaycanlıya BACI qədər ürəyiyanımlı, əlyetirən, səssalan… ikinci bir
kimsəmiz yox o parlamentdə də, həyatımızda da!
Mən duyğu sömürüsü yapmayacam, amma bir anlıq düşünün: oğul xaricdə
təhsil alır, yollar bağlı, ata süni nəfəs aparatında, evdə xanımı və
qızı kimsənin dəstək verə biləcəyini ağlına gətirə bilmir… təkcə yoluxma
faktı nəhayətsiz qorxu, həyəcan yaradan xəstəliyin bir müəllim ailəsinə
divan tutması nə deməkdir? – hələ üstəlik müalicə zamanı hər bir
əməliyyatı böyük pullar istəyən, xüsusi tapşırıqlarsız keçinməyən,
bahalı aparatların bahalı mütəxəssislərini müalicəyə cəlbetmə…
təşkilatçılığı! Kimin kimi eşitdiyi bəlli olmayan bir məmləkətdə bir
xanımın, bir deputatın əlçatar, ünyetər olması nə böyük səadət!
"Getsin, gəlməsin”,- deyək dostlarımızın, həmkarlarımızın,
soydaşlarımızın elə yaşantılarına, amma bir də nəzər salın: sosial
şəbəkədə həyəcan təbili çalınır, ziyalılar müraciət imzalayır və Qənirə
xanım Paşayeva hara, kimə nə demək, nəyi çatdırmaq lazımdırsa bunu edir!
Dildə bir cümləlikdir e, reallıqda isə…
Dövlət başçısı səviyyəsində… qələminin mürəkkəbi yetmiş şəhidin
qanına bərabər bir aliminin-ziyalının həyatı qorunur, qorunmaq üçün
gərəkən edilir!
Adama bunu hətta bacı da istəsə edə bilməz – bacı yad evində,
dəftər-kitab oxumayan, mətbəx qadınıdırsa, amma adam üçün bu fədakarlığı
elə… bacı edər!
Yekunlaşdırım: Qənirə xanım yaşamı, əməlləriylə adıyla təzad təşkil
edir və elə yaşamı, əməlləriylə AZƏRBAYCAN İNSANININ RUHU CÖVLAN EDƏN
SƏMALARDA, FƏZALARDA hakimi-mütləqdir!
Azadlığın bu QƏRİNƏSİNDƏ
qənirsiz imzamız, ünvanımız QƏNİRƏ xanıma öz arzularımı, təşəkkürümü az
bilirəm, balaca, kiçik, cuppulu sayıram: Onu bizim üçün bu mənsəbdə, bu
gözəllikdə, bu ürəkdə Yaradan Tanrıya üz tutaraq deyirəm: Sən bizə
qarşı çox mərhəmətlisən, Rəbbim! Bizim bütün eyiblərimizi ört-basdır
edib, bizə həyat, azadlıq bəxş etmək üçün çalışan-vuruşan, sidq-ürəklə
BACI deyə çağıra biləcəyimiz bir dəyər bəxş edibsən!
Dəfələrlə yazmışam, bir də möhürbənd kimi deyirəm: mən insanların
mənə münasibətindən asılı olmayaraq, cəmiyyətə və insanlığa faydasına
görə dəyər verirəm! Həyatımı pozmuş adamları belə xeyirxah, humanist
görəndə sevinirəm!
Bir jurnalist, bir şair, bir alim, bir müəllim, bir əsgər üçün
ayağa durmağı özünə borc bilən bir xanımı böyük məmnuniyyətlə bioloji
bacım qədər əziz sayır və sevgilərimi, səcdələrimi ifadə edirəm!
SON SÖZ ƏVƏZİ:
Qənirə xanım Paşayevanı Azərbaycanlı qadın üçün uğur İlahəsi kimi
nümunə göstərdim, yazıboyu nədənini axtaranlara deyim: insan, illah da
ki qadın, öz layiq olduğu zirvəni dava-dalaşla, tumanı başına çəkməklə
yox, əməlləriylə alır, o əməlləriylə ki…
Qənirə Paşayevanın bir qərinəlik həyat və fəaliyyəti yaşam və uğur
kodeksi sayıla bilər – bir kimsə dönük də deyə bilməz, satqın da,
yaltaq da, ən azı, ən azı… BACI çağrılarsınız! Hər bir Azərbaycanlının
BACISI olmaq elə MƏLEYKƏ olmağa bərabər bir ucalıq!
Hörmətlə,
Aydın CAN(ıyev)
1256 oxunub