XƏBƏR LENTİ
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021



Aqil ABBAS: HƏSƏN ZEYNALOV, SƏNİ DƏ AĞDAMDAKI TOYUMA DƏVƏT EDİRƏM…
YAZARLAR 14:44 / 29.12.2020

Bir Həsən Zeynalov var. Vaxtilə Qarsda  Azərbaycanın  Baş konsulu işləyib, sonra İstanbulda Azərbaycanın  Baş konsulu işləyib. Hazırda Türkmənistan və Əfqanıstanda Azərbaycanın  fövqəladə və səlahiyyətli səfiridi.

Nümayəndəlikdə işləyəndə Məmməd Arazla bağlı  bir tədbirdə tanış  oldum Həsən  Zeynalovla. Tale elə gətirdi ki,  oğlum onun oğluyla bir yerdə ən çətin, ən ağır  Türkiyə Polis Akademiyasında birlikdə  bu çətinliyə, bu ağırlığa  dözdü. Bu gün ikisi də Daxili İşlər  Nazirliyində, xüsusi  xidmət orqanlarında  müəyyən  vəzifələr  tuturlar. Və öz vəzifələrini də layiqincə yerinə yetirirlər.

Başlayaq Həsən Zeynalovun Qarsdakı Baş konsul  vəzifəsindən. Həmin vaxt  Azərbaycan  jurnalistləri, mən də içlərində olmaqla bir neçə  məsələnin  şahidi olmuşuq.

Bu adam Qarsda Baş konsul olarkən Kərbəlayı İsmayılın  Iqdırda  abidəsini  götürtmüşdü. 

Bilməyənlər üçün deyim. Türkiyənin müəyyən qanunları var, heç kim o qanundan  çıxa bilməz. Yəni Kərbəlayı İsmayılın  qəbri  üzərində abidə  ucaldırsansa, Türkiyə qanunlarına  görə bu  yasaqdır. Amma o yasağı  qaldıra  bildi. Təbii ki, Azərbaycanın dövlət  başçısı da bu məsələdə Həsən Zeynalova yardımçı oldu. Və Həsən Zeynalov təkcə Iqdırda Kərbəlayı İsmayılın büstünü  qaldırmadı, eyni  zamanda həmin qəbiristanlıqda yatanların bütün məzarlarına  diqqət  göstərdi.

Həsən Zeynalov Qarsda Baş konsul  işləyərkən orda bir  erməni  və türk  dostluğuyla bağlı  hündürlüyü təxminən 60 metr olan bir abidə ucaldılmışdı.

Həmin   vaxt  Azərbaycanın  aparıcı mediaları Həsən Zeynalovun çağırışı ilə bağlı dövlət hesabına Qarsa getdi. Mən də o tədbirlərdə iştirak edirdim. Və məhz Həsən Zeynalovun  apardığı mübarizə nəticəsində həmin abidənin tamamlanması  dayandırıldı. Bu çox asan məsələ deyildi. Həmin vaxt  az qalmışdı ki, Türkiyə ilə Ermənistanın  sərhədi  açılsın.

Türkiyə ilə Ermənistanın  sərhədinin  açılışı da  dayandırıldı, həmin  abidənin   başa  çatdırılması  da dayandırıldı.  Demək  olar ki, məsələ bitmişdi.

Daha sonra sayın  Rəcəb Tayyib Ərdoğan Həsən Zeynalovun Türkiyənin  Kültür  nazirliyinə  yazdıqları  məktublarını və s. nəzərə alaraq həmin  abidənin «ücübə» olduğunu söylədi və həmin  abidə söküldü. 

Yeri gəlmişkən, Iqdırda  ermənilərin  yaratdıqları  qətliamlarla bağlı azərbaycanlı professor, memar Cəfər Qiyasinin hazırladığı bir abidə var. Abidə beş qılıncla yaradılmış bir türk  çadırıdır, özü də  Boz qurd  qılınclarıyla. Deməli, gün çıxanda İrəvandan  həmin  abidə  görünür.

Yeri gəlmişkən, Cəfər Qiyasi  bu abidəyə görə alacağı  təxminən 300-400 min dollar qonorardan  imtina edib.

Ən maraqlısı nədir? Deməli, Həsən Zeynalov Qarsda Azərbaycanın  Baş  konsuludur, biz bir neçə dəfə onun  qonağı olduq.  Bilirsiniz nəyə şahidlik etdik? Qarsda  Azərbaycan türkləri  üstünlük təşkil edir. Onlar hər hansı bir problem olanda Qarsın valisinə və ya bələdiyyə  başqanına deyil, dərdlərini, problemlərini Həsən Zeynalova söyləyirdilər.

Şahidi olmuşam, birinin   evi  damır, biri uşağının   təhsil haqqını  ödəyə bilmir, birinin  toyu var və sair və ilaxır onlar  Həsən Zeynalovun  yanına  gəlirlər.  Elə bil ki, Həsən Zeynalov  Qarsın  icra başçısıdı və hamısına kömək  edirdi.

Qarsda Heydər Əliyev parkı yaratmışdı və Heydər Əliyevin  büstünü  qoydurmuşdu. Və hər gün  büstün üzərinə təkcə Həsən Zeynalov  yox, Baş konsuluğumuz yox, həm də qarslılar gül qoyurdular, əklil qoyurdular. Adama ləzzət edirdi.

Sonra Həsən Zeynalovu İstanbul Baş konsulluğuna göndərdilər.

Ona qədər İstanbul Baş konsulluğu  İstiqlal  caddəsində yerləşirdi (Allah  Abbas Abdullaya rəhmət eləsin,  çalışırdı ki, 1918-ci ildəki  səfirliyi bərpa eləsin).

Deməli, İstanbulun bahalı yerləri var, özü də  çox  bahalı. Və Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə ən bahalı yerdə Azərbaycan  Baş  konsulluğu  üçün  torpaq alındı. Və Həsən Zeynalov ən qısa zamanda həmin ərazidə Baş konsulluq  üçün  bina  tikdi.

Mən  İstanbula  getmişdim. Həsən müəllim məni tikilməkdə olan Baş konsulluğa  apardı, möhtəşəm bir bina tikirdi, Azərbaycanın  adına  layiq. Və sonra da həmin binada Baş konsulluq işə başlayanda da oldum. Doğrudan  Azərbaycanın  adına  layiq idi.

Deyə bilərsiniz ki, Möhtərəm Prezident  deyib, o da tikdirib, burda nə var ki?

Var! Ağcabədidə Cənab İlham Əliyev gedən  abadlıq işləriylə tanış olanda çox razı qaldı. Və mən dedim ki, Möhtərəm Prezident, bunlar hamısı  Sizin  diqqət  ayırdığınıza görədi.

Dedi ki, mən heç bir rayona  fərq qoymuram, amma hamısı Şahin Məmmədov kimi  yerinə yetirmir axı.

İndi Həsən Zeynalov da  Möhtərəm  Prezidentin tapşırığını ləyaqətlə yerinə yetirmişdi.

İstanbuldakı fəaliyyəti çox ağır idi.  Bilmirdi ki, Azərbaycan dövlətinin onun  qarşısına qoyduğu vəzifələrini  yerinə  yetirsin, yoxsa Fətullah Gülənin Türkiyədə və Azərbaycanda yaratdığı şəbəkə ilə mübarizə aparsın. Bu, çox ağır  bir məsələ idi.  Və bu,  hətta onun  Baş konsulluq  vəzifəsini  itirməyi ilə  başa gələ bilərdi. Amma o, vəzifəsini, bizim  dillə desək,  vecinə almadı, bütün  gücüylə FƏTÖ-nün  həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyətini  ifşa etməklə məşğul oldu. Düzdür, bunlar  ona  çox ağır  başa gəlirdi, amma bir addım da  geri  çəkilmirdi.

Həmin vaxt həm Ramiz Mehdiyevin, həm də XİN rəhbərlərinin Həsən Zeynalovu  yerində oturtmaq üçün  Baş konsulluqda  ən azı ayda bir dəfə  keçirtdiyi  yoxlamalardan da  xəbərim var. Bir-iki dəfə də mən bu  yoxlamaların  şahidi olmuşam. Həsən  Zeynalov gülürdü, axtarın, bir şey  tapsanız  mənə də deyin.  Təbii ki, heç bir  şey tapa  bilmirdilər.

Bir dəfə  «KQB»-dən  iki  nümayəndə  yoxlamaya gəlmişdi, mən də ordaydım. Həsən müəllim güldü, dedi  siz Allah, möhkəm  yoxlayın. Yoxladılar, yenə  heç nə  tapmadılar.

Ola bilərdi  beş  sabun  artıq  işlənmişdi, ya iki dənə  şampun, ya da…

Amma Azərbaycan  Prezidenti cənab İlham Əliyev heç kimin apardığı  araşdırmalara baxmayaraq, Həsən Zeynalovu yaxşı  tanıyırdı. XİN-in  apardığı  yoxlamalar heç bir nəticə vermədi və Möhtərəm  Prezident İlham Əliyev  Həsən Zeynalovun  fəaliyyəti haqqında  dəqiq  məlumatlara malik olduğu  üçün onu Türkmənistanın  və Əfqanıstanın  fövqəladə və səlahiyyətli səfiri  təyin  elədi.  Yəni onun  vəzifəsini daha da  böyütdü.  Və bu gün də Həsən Zeynalov həmin  vəzifəni qeyrətlə yerinə  yetirir.

Son olaraq Həsən Zeynalovun 2015-ci ildə Türkiyənin «Yeni çağ» qəzetinə verdiyi bir müsahibə ilə bitirmək  istəyirəm.

«- Biz torpaqlarımızı bir günə  erməni  işğalından  qurtara  bilərik.  Azərbaycan bir dövlətə  yaraşanı edir.  Beynəlxalq hüquq  və normalara  uyğun olaraq  əlaqələr  qurur, həqiqəti anlatmağa çalışır.  Biz qan tökmək  istəmirik, yoxsa Qarabağı bir gündə  ala bilərik. İrəvana da gedə bilərik. İqtisadi  gücümüz də, hüquq da buna  imkan verir. ATƏT-in Minsk  qrupu  davamlı olaraq «müharibə olmasın» deyir.  Ermənistan  hər dəfə növbəti  provakasiyaya əl atır. Səbrimiz qalmayıb. Dövlətimizin də,  xalqımızın da… Çox gözlədik.

İşğal bitsin, o  torpaqlara  gedim, ayağım dəysin, yetər.  İnsan   özünü  günahkar hesab edir. Mənim torpağım  işğal altındadırsa, dik gəzə bilmərəm. Bu ləkəni  siləcəyik. Bunun başqa yolu yoxdur. Bir qarış torpağımız da Ermənistana  qalmayacaq».

Həsən Zeynalovun  beş il bundani əvvəl  Türkiyənin  «Yeni  çağ» qəzetinə verdiyi  müsahibə həyata keçdi. Ali Baş Komandan və qəhrəman Milli Ordumuz  torpaqları işğaldan azad etdi.

Həsən müəllim, indi işğaldan  azad olunmuş torpaqlarda dik  gəzə  bilərsən, arzun  həyata  keçdi.

Həsən Zeynalov! Yanvarın 1-i sənin  70  yaşın  tamam olur. «Sən» dediyimə görə   bağışla, çünki  biz qardaşıq, qardaş qardaşa  «siz» deməz, «sən» deyər. Sənin 70 yaşın ən  xoşbəxt ilin  oldu!

Həsən müəllim, bir gün  sənin haqqında gözəl bir əsər  yazacam.

Nə isə…

Həsən müəllim, səni, səninlə birlikdə  yanvarın  1-də doğulan bütün  azərbaycanlıları  təbrik edirəm.

Və bir də  Həsən müəllim, 2021-ci ilin  mayın  16-da Ağdamda özümə yenidən  bir  toy edəcəm və həmin  toya səni bütün balalarınla,  nəvələrinlə  dəvət edirəm. Özü də  Həzrət Abbas haqqı,  pul  yazdırmaq  olmayacaq.

Sən də bizi  Naxçıvanda keçirəcəyin xoş günlərə  dəvət edərsən, biz də  gələrik.


1320 oxunub

InvestAZ