XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Sülhməramlıların məramı - Mehman Cavadoğlu yazır
YAZARLAR 09:10 / 05.12.2020

İkinci Qarabağ savaşının ilk mərhələsində Rusiyanın, ən başlıcasısa, prezident Putinin zahirən prosesə seyrçi münasibəti çoxlarının təəccübünə səbəb olsa da ürəyincəydi. Çünki Azərbaycan ordusunun ard-arda qələbələriylə müşayət olunan döyüş əməliyyatları boyu Moskvanın susqunluğuyla keçən hər gün az qala yeni bölgələrin azad olunması üçün əlavə fürsət idi. Şuşanın qurtuluşundan sonra, yəniXankəndinin azad olunmasına artıq sayılı günlər, bəlkə də saatlar qaldığı bir vaxtda Putinin məsələyə təcili müdaxiləsi vəziyyəti kökündən dəyişdi, 44 günlük zəfər yürüşünə son nöqtəni, daha doğrusu, nidanı qoymaq vəzifəsiordudan alınıb diplomatların sərəncamına verildi.

Ancaq hadisələrin axarı göstərdi ki, Kreml başçısının "seyrçi mövqeyi” haqqında formalaşmış təsəvvürlər yanlışdı, o hər şeyi diqqətlə izləyir və öz məqamını gözləyirmiş. Elə bir məqamı ki, döyüş əməliyyatlarının dayandırılması ilk növbədə Rusiyanın maraqlarına cavab versin. Sonradan kadr arxasında gedən danışıqların mətbuata sızan detalları da bu deyilənləri təsdiq elədi. Məlum oldu ki, müharibənin ilk fazasında Ermənistan özünü bir qarış da torpaq verməyəcək qədər ötkəm, "Azərbaycan ya tam qələbə, ya da Şuşasız heç nə” – deyə olduqca qətiyyətli aparırmış. Sonda elə bu qətiyyətli mövqe də ordumuzun qələbəsini təmin eləyən əsas amilə çevrildi.

Putinin son davranışları, problemə praqmatik yanaşması ilk baxışda onun rus siyasətinin Qafqazda erməni-azərbaycanlı münasibətləri müstəvisində formalaşmış çoxəsrlik ənənəsini pozmaq, bu siyasətə ciddi korrektələr etmək cəhdinə oxşayırdı. Elə təəssürat yaranırdı ki, Rusiya sanki daim çiynində gəzdirdiyi Ermənistan boyda ağır yükdən birdəfəlik azad olmaq fikrinə düşüb. Amma patriarxın bu boyda siyasi etirafda bulunacaq qədər praqmatikolduğunu düşünmək sadəlövhlük olardı.Şübhəsiz ki, onun əsas məqsədi Ermənistandan can qurtarmaq yox,  bu ölkənin səadətini okeanın o tərəfində axtarmaq eşqinə düşmüş, bu azmış kimi, öz düşük perfomanslarıyla uzun müddətdir ki, canını boğazına yığmış hüştürümlü baş nazirini cəzalandırmaq idi.Böyük siyasət xırda ambisiyaların fövqündə durmağı tələb etsə də, mütləq hakimlərin qərarlarında belə kiçik detallar daha həlledici rol oynayır.

Nə isə, artıq elə bir məqam çatmışdı ki, "manqal inqilabı”ndan başılovlu çıxmış baş naziri cəzalandırmaq, ona qulaqburması vermək rəsmi Kreml üçün həyati zərurətə çevrilmişdi. Putin Ermənistandan vaz keçmək, onu taleyin girdabına buraxmaq fikrində deyildi. Ona ya Paşinyansız Ermənistan, ya da zəif, müti Paşinyan lazım idi. Odur ki, Ermənistanı tam iflasdan xilas eləmək üçün mümkün köməyini də ondan əsirgəmirdi. 

Savaş günlərində Azərbaycan mətbuatında, demək olar ki, hər gün Rusiyanın müxtəlif şəhərlərindən onlarla ağır tonnajlı yük təyyarələrinin Ermənistana uçduğu barədə mötəbər mənbələrə istinadən məlumatlar dərc olunurdu. Təbii ki, həmin təyyarələr bu basabasda "strateji tərəfdaşa”ın mülki və hərbi aeorodromlarına yağəppək və ya koronavirus vaksini daşımırdı.

Atəşkəsdən sonra elə Putinin özü də bunu açıq etiraf eləməyə məcbur oldu. Sitat: "Moskva Yerevanla hərbi-texniki yardım çərçivəsindəki bütün öhdəliklərinə tam əməl etdi. Sizi inandırıram ki, Ermənistan özünü tənha və atılmış hiss eləmədi. Bundan ötrü Rusiya hər şey etdi”. Ardınca Paşinyan özü də bunu təsdiqlədi. Sitat: "Müharibə dövründə biz daim Rusiya Federasiyasının dəstəyini hiss elədik”.

Bu fasiləsiz yardımlarla Azərbaycan ordusunun qarşısını kəsmək olmadı. Artıq Rusiyanın öa qoşununu birbaşa hərbi əməliyyatlara cəlb eləməkdən başqa yolu qalmamışdı. Bunsuz  ermənilərin xilası mümkünsüz idi. Meydan PKK, Suriya,  Livan, Fransa terrorçularının meydanı deyildi. Düz, 27 il sərasər özlərinə "məğlubedilməz ordu” yarlığı yapışdıranlar elə I Qarabağ savaşındakı uğurlarına görə də rus ordusuna borcludu, hansısa Monte Melkumyanlara yox.

Rusiya sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsinin artıq burnu ovulmuş Paşinyan və paşinyançılar qarışıq Ermənistan cəmiyyətinin bütün siyasi və ictimai dairələri tərəfindən az qala "sürəkli alqışlar”la qarşılanması da bu  reallıqlarla bağlıdır. 

Bu qoşunun bölgəyə gəlişi əsasən Azərbaycan cəmiyyətində xeyli suallar, narahatlıqlar yaratdı. Amma xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq qaçılmaz gəliş idi. Qərb demokratiyasının vaxtilə güvəndiyimiz "ədaləti” Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, işğal olunmuş ərazilərinin geri qaytarılması işinə yaramadı. Onlar bundan ötrü heç nə etmədi və yaxud etmək istəmədi. Ara-sıra candərdi səsləndirdikləri "ərazi bütövlüyünü tanıyırıq” ifadəsinin arxasında gizlənərək işğalı unutdurmaq və bizi onunla barışdırmaq siyasəti yeritdilər. Ermənilərin öz müqəddaratını ikinci dəfə müəyyənləşdirmək haqqını təkrarlamaqdan yorulmadılar, ancaq bu yanaşmanı SSRİ-dəki digər münaqişə ocaqlarına tətbiq etmədilər. Nəinki Dnestryanıda və Ukraynada rusların özlərini ikinci dəfə, heç Abxaziyada abxazların, Cənubi Osetiyada osetinlərin özlərini birinci dəfə təyin eləmək haqlarını tanımadılar. Haqlı olaraq onlara tanımadıqları kimi ermənilərə də tanımamalıydılar.

Bəs, Azərbaycana yönəlik bu ikili standartı necə başa düşəməliydik? Təbii ki, öz gücümüzlə başımıza çarə qılmalıydıq. Qıldıq da. Hələburasını da unutmayaq ki, Rusiyanın, sadəcə, mövcudluğu bu müharibədə karımıza çatan ən böyük amil oldu. Yoxsa, onlar yalnız gündə bir antiazərbaycan bəyanatı verməklə yaxamızdan əl çəkəsi deyildilər. 

Rusiya sülhməramlılarının hər addımının cəmiyyətimiz tərəfindən diqqətlə izlənməsi və incələnməsi, müxtəlif reaksiyalar doğurması təbii haldır və həmin ordu orda durduqca gündəmin ən həssas mövzusu olaraq qalacaq.

Əvvəcə qoşunların Ermənistandan gəlməyi etirazlar doğurdusa, sonra Azərbaycandan keçərək getməsinə iradlar başladı. Əslində, bu qoşun lap başlanğıcdan məhz Azəbaycandan keçərək münaqişə bölgəsinə yollanmalıydı.  Çünki bölgə tam şəkildə onun ərazisində yerləşirdi, üstəlik, daha ucuz başa gəlirdi. Ucuz demişkən, hələ ki, sülhməramlıların ordakı xərclərinin kimin çəkəcəyi barədə dinib-danışan yoxdu deyə işin bu tərəfi xeyli qaranlıqdı. Hər halda Azərbaycanın öhdəsinə məhz ona görə heç bir maddi yük düşməməlidir ki, hazırkı hərbi-siyasi reallıqda həmin qoşunların orda yerləşməsi üç ölkə arasında yalnız onun maraqlarına cavab vermir.

Qıcıq doğuran məslədən biri də humanitar yardımlarla bağlıdır. İndi sülhməramlı qüvvələr təkcə atəşkəsi və dinc əhalinin təhlükəsizliyini təmin etmir, humanitar yardımlar daşıyan çoxsaylı maşın karvanlarını da müşayət edir. Başadüşüləndir. Bölgə ağır müharibədən çıxıb, infrastrukturlar dağılıb, həyatın ritmi pozulub. Ermənistandan gələn  humanitar yardımın birmənalı olaraq Stepanakertə və yaxud digər erməni yaşayış məntəqələrinə daşınmasıyla da işimiz yoxdur. Bu yardımlar ermənilərin xaricdəki böyük bacı-qardaşları tərəfindən məhz onlara göndərilir. Bəs, ölkənin  rəsmi strukturlarının müşayətiylə Azərbaycan ərazisində daşınan humanitar yüklərə nə deyirsiniz? Bunu ki münaqişənin arbitri rolunda çıxış eləyən Rusiya göndərir və bilir ki, tikinti materiallarıyla dolu bu maşın karvanı dağılmış Bərdənin içindən, artıq bizim Vətən müharibəsinin Stalinqradına çevrilmiş Tərtərin böyründən keçib gedəcək. Tərtər Stepanakertdən on dəfə kiçik şəhər olsa da, dağıntılarının səviyyəsinə görə onu yüz dəfə üstələyir. Məntiqlə həmin maşınlar heç olmasa, yükünün cüzi hissəsindən azad ola-ola son ünvanına çatmalıydı. Ən azından sözkəsənlik üçün. Təəssüf ki, rəsmi Kreml bu çür incə məqamları nəzərə almağa hazır görünmür, hələlik, azərbaycanlıları müxtəlif humanitar missiyaların başına müsəlmanları qoymaqla ovundurmağa çalışır.

Laçının Azərbaycana qaytarılarkən bəzi ermənilərin dirəniş göstərməsi də xeyli cavabsız suallar yaradır. Sülhməramlılar deyirlər ki, bizə qulluq üçün 200 adam lazımdır. Böyük bir dövlətin ordusunun özünə qulluq üçün kənardan adam axtarması, kiməsə möhtac olması bir başqa tamaşadır – bununla işimiz yox. Amma onların həqiqətən belə köməyə ehtiyacı varsa, onda azərbaycanlıları elə indidən hissə-hissə ora köçürməyə başlamalıdırlar. Kababı da ermənidən yaxşı bişirir, hələ istəsən onlardan yaxşı tut arağı da çəkməyi bacarırlar.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 1988-ci ilə kimi Dağlıq Qarabağda yaşayan ermənilərin və onların törəmələrinin öz yurd-yuvalarında yaşamağı üçün hər cür şərait yaradılacaq. Otuz illik olmazın müsibətlərindən sonra Azərbaycan xalqı üçün çox ağır olsa da, onun sülhpərvər ruhu bunu həzm eləməyə yardımçı olacaq. Bundan əvvəl də ermənilərazərbaycanlılara qarşı çox qətliamlar törədib, amma ara soyuyan kimi gəlib süfrəsinin başında oturmaqdan ar-abır etməyiblər. 

İndi, yəni sülhməramlılar ordaykən ən azı Laçın şossesinin üzbəüz tərəflərində birgəyaşayışın kiçik modellərini yaratmaq olardı. Ancaq çox təəssüf, mümkün deyil,  "əmması” da odur ki, Laçında heç vaxt erməni yaşamayıb, orda məskunlaşanlar Yaxın Şərqdən zorla gətirilən,Avropadan könüllü gələn ermənilərdir ki, gec-tez hamısı gəldikləri yolla da geri qayıtmağa məcbur olacaqlar.



1159 oxunub

InvestAZ