XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Səadət SULTAN - Kənd həsrəti
YAZARLAR 14:06 / 24.11.2020


 

Bir vaxtlar Nüsrət kişi külfətini rayondan paytaxt Bakıya məcburi köçkün kimi  gətirəcəyini ağlına belə gətirməzdi. Ailənin həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkməsi təkcə Səriyyə arvadı deyil, bütün ailəni çıxılmaz durumda qoymuşdu. Vəziyyətin bu yerə gəlib çıxması mənfur qonşuların torpaq iddiasına düşməsi nəticəsində baş vermişdi.

1992-ci ildə öz yurd-yuvasından didərgin salınan yerli əhali, müxtəlif aran rayonlarından başqa paytaxt Bakıya da üz tutmuşdular. O dönəm Bakı kəndlərinin bir çoxunda məcburi köçkünlərin sovet vaxtı pioner düşərgəsi kimi istifadə edilən məkanlarda yerləşdirilməsi adi hal idi.

Nüsrət dayının bir övladı vardı. Gözünün ağı-qarası olan oğlunu yenicə evləndirmişdi. Bu toy-büsat havasının muradı gözündə qaldı – zaman keçmədi ki, ermənilər talançılıq siyasətini yürüdərək, torpaqları zəbt etmək, böyük ermənisatan yaratmaq xülyasına düşdülər.

Oğlu Akifin ailəsində yenicə dünyaya gəlmiş oğlan uşağının sevincini tam yaşamadan, evindən-eşiyindən didərgin düşən ailə Bakının Buzovna qəsəbəsində məskunlaşa bildilər. Həyat yoldaşı Aliyə yenicə doğulan körpəsinin qayğıları ilə ailənin düşdüyü durumdan, əzab-əziyyət girdabından çıxmağa çalışırdı. Həyat yoldaşının mühəndis kimi harada işə düzələcəyi sual altında idi. Yenicə dünyaya göz açan körpənin qayğılarını çəkmək də vardı. Gəlin gəldiyi evdə evdar xanım idi Aliyə. Orta məktəbi bitirər-bitirməz elçi düşən Akifgilin ailəsində rəğbət qazanmışdı. Qaynana və qaynata qulluğunda dayanırdı. Gündəlik ailə-məişət işləri, qaynanasına kömək və həyat yoldaşının qulluğunda dayanmaq idi işi. Qəfil əsən düşmən küləyi ailənin sakitliyini büs-bütün darmadağın etdi. Məcburi köçkünlük həyatı başladı.

Bu minvalla Akif tikinti trestində işə başladı. Ailənin yükü yeganə övlad kimi onun üzərinə düşürdü. Atası Nüsrət aldığı pensiya məvacibini də nəvəsinin istəklərini yerinə yetirmək üçün xərcləyirdi. Amma ailənin qayğıları bitmirdi ki, bitmirdi. Nüsrət kişi daim qayğılı, fikirli və kədərli görünürdü. Beləcə, aylar illəri əvəz edirdi.

Nüsrət kişi ilə qapı-qonşu olan Amil payız ayları girəndə, soyuqlar düşməyə başlayanda balığa getməyi çox sevərdi. Tilovunu da götürüb səhər tezdən balıq tutmaq sevdası ilə evdən çıxardı. Amilgilin də külfəti çox idi. İki oğlu, beş qız övladı vardı. Onların azuqəsi, dolanışığı bu aylarda elə balıq yeməklə başa gəlirdi.

Bir gün adəti üzrə Amil yenə tilovunu götürüb balığa gedirdi. Dəniz çox təlatümlü idi. Həmişəki kimi sakit deyildi. Elə yenicə yerini rahatlayıb tilovunu dənizə atmaq istəyirdi ki, bir qədər aralıdan nalə səsi eşidildi. Qayalıqlara tərəf boylananda, ləpədöyəndən sezə bilmədiyi tanış bir kölgəni gördü. Uzaqdan qonşusu Nüsrət kişiyə oxşatdı. Yanılmamışdı. Nüsrət kişi özü idi.

Düzləri üstə qayanın üzərinə çöküb, başını göyə tərəf qaldırıb nalə çəkərək:

‒ Vətən həsrətinə, kənd həsrətinə dözə bilmirəm!!! Qoy, Allah məni bağışlasın! Hamınızdan halallıq istəyirəm – sözlərini bitirər-bitirməz, özünü ləpələrin qoynuna atdı....

    


1606 oxunub

InvestAZ