XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



«MİRVARİD – HİCRAN DAŞIDIR…» - ELÇİN yazır
Ədəbiyyat 15:50 / 11.11.2020

Oxucusu ilə bir yerdə olan şairə

Mirvarid Dilbazi ilk dəfə mənə bağışladığı kitaba - rəhmətlik Əli Vəliyevin önsözü ilə 1977-ci ildə nəşr olunmuş "Dağ çiçəyi" kitabına belə bir avtoqraf yazıb: "İstedadlı yazıçı, sevimli oğlumuz Elçinə dərin hörmət hissi ilə. Mirvarid Dilbazi. 12 .IV.77."

Mən 1975-ci ilin oktyabrında Yazıçılar İttifaqına katib gələndən sonra, iki nəfər mənə "oğlum, Elçin müəllim" deyirdi və bunlardan biri Mirvarid xanım, biri də bizim tanınmış ədibimiz və İlyas Əfəndiyevin də dostu, son dərəcə koloritli insan olan rəhmətlik Məmməd Əkbər idi.

Mirvarid xanım mənə "oğlum" desə də, həmişə "siz"lə danışırdı.

Mənfur COVİD-19-un karantin günündə onun yazdığı avtoqrafları bir-bir vərəqləyirəm və mən o avtoqrafları vərəqlədikcə, keçib getmiş günlərin cürbəcür epizodları da bir-birini əvəz edir.

Mirvarid Dilbazinin mənsub olduğu ədəbi nəslinin varlığına mən bizim ədəbiyyatımızda və ədəbi mühitimizdə bir epoxa kimi baxıram və bu ədəbi epoxada yaxşı-pis çox hadisələr olub, uğurlu da, uğursuz da çox əsərlər yazılıb, yazılarının səviyyəsindən asılı olmayaraq o yazıçıların arasında güclü, məğrur və bütöv xarakterlər də var idi. Mirvarid xanım çox zərif bir qadın idi, ancaq belə bir zəriflik müqabilində onda da güclü bir xarakter var idi və mən Yazıçılar İttifaqındakı toplantılarda, müzakirələrdə dəfələrlə bunun şahidi olmuşam ki, bu zərif xanım ədəbiyyatla bağlı dediyi sözü axıracan necə müdafiə edib.

O, öz ədəbi nəslinin (həmin epoxanın!) son mogikanlarından biri, hətta sonuncusu idi və 1997-ci ildə unudulmaz prezidentimiz, rəhmətlik Heydər Əliyevin sərəncamı ilə Mirvarid Dilbazinin 85 illiyi ilə bağlı ədəbiyyat xadimlərindən, yüksək vəzifəli dövlət işçilərindən ibarət yubiley Komissiyası yaradıldı, mən də o Kimissiyanın sədri idim. Elə həmin gün də Mirvarid xanıma təbrik teleqram gəndərdim, tam şəkildə yəqin ki, onun arxivində qalır, mən isə həmin teleqramdan iki cümləni bu yazıda da təkrar etmək istəyirəm: "... Sizin işıqlı poeziyanız oxucuları nəsillərdən-nəsillərə xeyirə, ləyaqətə, həssaslığa, vətənpərvərliyə, gözəlliyə, məhəbbətə səsləmişdir və buna görə də ürəklərə yol tapmışdır. Bu gözəl gündə mən İlyas Əfəndiyevin sizin yaradıcılığınızı və şəxsiyyətinizi yüksək qiymətləndirdiyini xatırdayıram və elə bil, özümlə bərabər, onun da adından sizi bir daha ürəkdən təbrik edirəm."

Bir neçə gündən sonra Mirvarid xanımdan təşəkkür məktubu aldım və həmin məktubda yazırdı: "Mən hələ Pirşağı "səhrasında" taxta evimin divarları arasında "münzəvi" bir həyat yaşayıram".

Ancaq görünən bu idi ki, belə bir "səhra münzəviliyi" onun həyat və sənət prinsiplərinə təsir edə bilmir.

Yubileyə hazırlıq dövründə - Bakıda və rayonlarda, yaradıcılıq təşkiltlarında, ali və orta məktəblərdə, kitabxanalarda və s. görüşlər, toplantılar keçirilirdi və onların bəzilərində mən də iştirak edirdim. Görüşə gələnlərin səmimi və mehriban hərarəti, poeziyaya, konkret olaraq, Dilbazi yaradıcılığına sevgisi bir daha göstərirdi ki, o, dediyim həmin epoxanın bir sıra nümayəndələri kimi, yaradıcılıqlarını da özləri ilə aparan müəlliflərdən deyil və hərdən elə olurdu ki, onu - bu zərif (və zəif) qadını o qədər ayaq üstə saxlayıb, alqışlayırdılar ki, axırda özü:

- Sən Allah, bəsdirin. Yoruluram...- deyirdi.

Elə bil, dünən idi - ancaq, baxın, aradan iyirmi üç il keçib - və 1997-ci il aprelin 23-də biz Respublika (indiki Heydər Əliyev) Sarayında Mirvarid Dilbazinin 85 illik yubileyini onun özü ilə bir yerdə bayram edirdik. O yubiley gecəsini mən açdım və indi, karantin günlərində bu yazını yazarkən, axtarıb, o giriş sözümün stenoqrafik yazısını tapdım və budur, həmin unudulmaz yubiley gecəsindəki mənim o qısa çıxışım:

"Bu gün biz sevimli Mirvarid xanımın, bizim əziz ağbirçəyimizin, görkəmli sənətkarımızın yubileyini keçirmək üçün bu saraya toplaşmışıq.

Bu sarayın həqiqətən gözəl ədəbi-mədəni ənənələri yaranmışdır. Bir müddət əvvəl biz burada Mirvarid xanımın həmkarı Səməd Vurğunun 90 illik yubileyini keçirdik. Lap bu yaxınlarda isə Süleyman Rüstəmin 90 illik yubileyi münasibətilə bu saraya yığışmışdıq. Biz bu qələm sahiblərini, onların sənətinə, ana dilimizin, ədəbiyyatımızın qarşısındakı xidmətlərinə görə yad etdik, xatırladıq.

Bu gün də bizim sevimli Mirvarid Dilbazinin təntənəli yubiley gecəsi!

Və nə böyük xöşbəxtlikdir ki, biz bu təntənəni şeirimizin ağbirçəyi Mirvarid xanımın özünün iştirakı ilə qeyd edirik, onun isti nəfəsini bilavasitə hiss edirik.

Mirvarid Dilbazi XX əsr Azərbaycan şairlərinin o nəslinə mənsubdur ki, onlar yalnız ədəbiyyatımızın deyil, ümumiyyətlə, müasir mədəniyyətimizin inkişafı naminə böyük xidmətlər göstərmişdir. İndicə adlarını çəkdiyim Səməd Vurğun, Süleyman Rüstəm, eləcə də Mikayıl Müşfiq, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli və başqaları...

Vaxt, zaman bu qələm sahiblərinin çoxunu cismən bizdən uzaqlaşdırsa da, elə bil ki, ruhən onlar bizə daha da yaxınlaşırlar.

Bu, heç nəyə, hətta vaxta, zamana belə tabe olmayan Sözün gücü, Sözün qüdrətidir.

Özü bu dərəcədə zərif olan Mirvarid xanım yeri düşəndə qətiyyətlə o böyük hərfli Sözün qeyrətini çəkmişdir və özünün yazdığı kimi, həmkarları, o cümlədən Səmçəd Vurğun da, Mehdi Hüseyn də bunu görmüş və qiymətləndirmişdir:

Vurğun da, Mehdi də görsə nə zaman

"El oğlu" deyərdi mənim adıma...

Mirvarid xanım məhəbbətdən, təbiətdən, təmiz, pak insani hissiyyatdan yazmışdır, ancaq eyni zamanda, bütün bu zərifliyin, kövrəkliyin arxasında xalqa, Vətənə, ana dilinə böyük bir Vətəndaş bağlılığı dayanmışdır.

Mirvarid xanım xoşbəxt bir sənətkardır. Onun əsərləri zamanın sınağından çıxmış və oxucuların məhəbbətini qazanmışdır.

Mirvarid xanım xoşbəxt bir insan və canlı bir tarixdir. O, əlində qələm, XX əsr Azərbaycan tarixini cismən yaşamışdır. Hələ uşaq ikən Azərbaycan Demokratik Respublikasının vətəndaşı olmuşdur.

Sonra Sovet Azərbaycanı və ziddiyyətli, mürəkkəb, bəzən kədərli, hətta qorxunc, qəddar, bəzən də sevincli bir yaşantı.

Sonra nəhəng Sovet imperiyasının tarmar olması.

Və nəhayət, bir daha müstəqil Azərbaycan!

Mirvarid xanım bütün bu epoxal hadisələrin şahidi olmuşdur və bütün bu dövr ərzində o öz qələmi ilə, əslində, xalqın, Vətənin, ana dilinin naminə bədii mücadilə aparmışdır.

Və burası da, əlbəttə, təsadüfi deyil ki, möhtərəm Prezidentimiz Heydər Əliyev Mirvarid Dilbazini müstəqil respublikamızın yüksək mükafatı ilə təltif etmiş və həmişəki kimi, öz ürək sözlərinin ifadəsi olaraq ona təbrik məktubu göndərmişdir. Cənab Prezident, fürsətdən istifadə edərək, ədəbiyyat xadimlərinə və ümumiyyətlə, sənətkarlara göstərdiyiniz diqqətə görə, onlprı heç zaman unutmadığınıza, xatirələrini uca tutduğunuza görə Sizə təşəkkür və minnətdarlığımızı bildirirəm.

İndi isə mən, əzizim Mirvarid xanım, sizin özünüzə müraciət edirəm.

Sizin 85 illiyiniz mənim üçün həm də şəxsi bir bayramdır, çünki mən hər dəfə sizi görəndə, elə bil, sizinlə birlikdə, uşaqlıq çağlarımdan etibarən əhatələrində olduğum, sonralar bərabər işlədiyim, yalnız ədəbi deyil, ən səmimi insani münasibətlərdə olduğum görkəmli qələm sahiblərimizi, o cümlədən, İlyas Əfəndiyevi də görürəm, onların hərarətini hiss edirəm.

Əslində, bu gün onlar da buradadırlar, bizim başımızın üstündədirlər və mən, az qala, cismani surətdə hiss edirəm ki, bu gözəl gecədə, bu sənət, poeziya məclisində onların da ruhu şad olur.

Bundan gözəl nə ola bilər?"

Və həmin yubiley gecəsində Mirvarid xanım mənimlə yanaşı əyləşmişdi və çıxışımı bitirib oturanda, o heç nə demədi, heç mənə baxmadı da, sadəcə, əlini mənim ədimin üstünə qoydu. Onun o balaca və qurumuş əlində elə bir mehribanlıq və məhrəmlik vardı ki, deyiləcək hansısa sözlərdən, hansısa baxışlardan artığını deyirdi və indi bu sətirləri yazarkən, elə bil, bu kiçik vicudlu, zərif ağbirçəkdən gələn o mehriban hərarəti yenidən hiss edirəm.

Bu hissiyatının daxili mündərəcatında, əlbəttə, bir tərəfdən də "heyhat..." əhval-ruhiyyəsi var - Mirvarid xanım artıq haqq dünyasındadır, o biri tərəfdən isə cismani ömrün mənəvi bir şair ömrü ilə əvəz olunması da var, çünki Mirvarid xanımın poeziyası bu "gidi dünya" kədərinin çərçivələrindən kənara çıxmağı bacardı və illərin sınağından çıxdı.

İndicə Səməd Vurğunun 90 illiyini xatırlatdım və elə o yubileylə də bağlı bir xatirə yadıma düşdü. 1996-cı ildə Prezidentimizin sərəncamı ilə Səməd Vurğunun yubileyinin keçirilməsi haqqında da Komissiya yaradıldı və mən o Komissiyanın da sədri təyin edildim. Yubiley qabağı o qədər görüşlər, poeziya bayramları, konfranslar oldu ki, yubildeyin özünü biz yalnız 1997-ci il martın 7- də keçirə bildik.

Mən ardıcıl gündəlik yazmırdım, ancaq ara-sıra qeydlər edirdim (elə indi də belədir) və o vaxtkı yazılarımın arasında belə bir qeyd var:

"5 mart 1997.

... Günorta qəbulum var idi, qurtarıb qayıdanda dedilər ki, Mirvarid xanım zəng eləmişdi. Ona zəng etdim. Səməd Vurğunun yubileyində çıxış etmək istəyir.

Doğrusu, sonuncu dəfə onu poliklinikada görmüşəm, çox cansız idi. Buna görə də soruşdum ki, "Sizə əziyyət olmaz?"

- Olsun də -dedi.

- Özümə borc bilirəm.

- Bir neçə an susandan sonra:

- Bizlərdən daha kim qalıb ki?.. - dedi".

Və martın 7-də Respublika Sarayında sözü Mirvarid xanıma daxili bir nigarançılıqla verdim, ancaq 85 yaşlıbu zərif (və zəifləmiş) qadın çox səmimi, hərarətli, səlis bir nitq söylədi vəbu nitqi ilə, elə bil, Səməd Vurğun ədəbi nəslinin doğma aurasını Respublika Sarayına gətirdi. Həmin nitqi bu sözlərlə başladı (stenorqramda olduğu kimi yazıram):

"- Məni bu tribunaya gətirən mənəvi borcum oldu. Çünki mən Səməd Vurğun dövründən ağacda qalmış yeganə tək yarpağam, onun yeganə müasiriyəm. Buna görə də onun haqqındakı xatirələrimin bir hissəsini sizə danışmalıyam".

Eyni zamanda, Mirvarid xanım deyəndə ki:

Şairəm, odludur ürəkdə qanım,

Odludur həsrətim, eşqim, hicranım…

- şairənin bu «poetik bəyənatı»nı onun poeziyasının estetik siqləti, bədii çəkisi təsdiq edir, yəni Mirvarid xanımın yaradıcılığındakı poetik iddia ilə poetik imkan arasında üzvi bir vəhdət var.

Onun, misal üçün, Cənub həsrəti nə qədər zərif və incədirsə, bir o qədər də odlu-alovludur. Onun eşqi nə qədər saf və təmizdirsə, bir o qədər də etibarlı və sədaqətlidir. Onun hicranı nə qədər kədərli-qüssəlidirsə, bir o qədər də əzm və dözümdən xəbər verir.

Oxucu yəqin mənimlə şərik olar ki, bizim ən gözəl romanslarımızdan biri Ağabacı Rzayevanın A.Puşkinin məşhur şeirinə («Gözəl qız, gəl, yetər, oxuma belə // Gürcüstanın qəmli nəğmələrini…») yazdığı «Oxuma, gözəl» romansıdır və baxın, Mirvarid xanımın bəstəkar rəfiqəsinin xatirəsinə yazdığı şeirdə nə qədər səmimi bir həzinlik var, qüssə var:

«Gözəl qız, gəl, yetər, oxuma belə»,

Oxuma bu həzin, qəmli nəğməni…

Vurma mizrabını o qəmli telə,

Oxuma… Pərişan edərsən məni…

İndi isə Mirvarid xanımın yurdu işğal olunmuş Anaya dediklərinə fikir verin:

Yurd deyib ağlama, gözünə qurban!

Orda nə yurd qalıb, nə ocaq daşı.

Orda düşmənlərin tökdükləri qan,

Orda nalələr var, orda göz yaşı…

… Amandır, ağlama, mərdlər anası!

Sıyır qılıncını dərdlər anası!

Və buradakı bu sərtliyin, hətta mən deyərdim ki, impulsif amansızlığın özündə də bir səmimiyyət var, incəlik, zəriflik var, çünki yurdu işğal edilmiş o Ananı amansızlığa çağıran şairənin özü də böyük hərfli Anadır (el Anası!) və başqa bir şeirində olduğu kimi, onun özünün də sinəsi dağlı, gözü yaşlıdır:

Oğul deyib, mən sinəmi dağlaram,

Ağ başıma qara yaylıq bağlaram,

Ağlayanda gizlin-gizlin ağlaram…

O, nə üçün ağlayanda «gizlin-gizlin» ağlayır?

Çünki:

Düşmən mənim göz yaşımı görməsin!

Mirvarid xanımın təbiət şeirlərində təsvir etdiyi gözəlliklə bərabər, incə bir qəmginlik hissini də yaşayrsan – fikir verin:

Açdı qanadını sabah yelləri,

Günəşin eşqilə meşə oyandı.

Ağcaqayınların ipək telləri

Göllərin üstündə hey dalğalandı…

Hər yarpaq bir öpüş verdi günəşə,

Gözündə sevincdən yaş parlayaraq.

Sabah nağılını başladı meşə,

Qurtara bilmədi axşama ancaq…

Və meşənin o nağılı heç zaman bitməyəcək – yarımçıq qalmış o nağıl, 100 il yaşasan da yarımçıq qalmış bir ömürdür və bu nisgil daimidir, başlanğıcdan sona qədər ömrün tərəf-müqabilidir.

Yaxud, Mirvarid xanımın lirik qəhrəmanı:

Bir qanadlı ürəyim var,

Yuvasında tutmur qərar,

Düzənlərə nazlı bahar

Yaşıl xalı döşəyəndə…

- deyir, ancaq o, bu idilliyaya qapanıb, gözəlliklərdən «məst» olmur, çünki onun poetik ruhu narahatdır – niyə? – ona görə ki:

İstəyirəm günəş olum

Bənövşələr üşüyəndə.

Həmin lirik qəhrəman:

Hər duyğunun öz adı var,

Fikrin qəmlisi, şadı var…

- deyir və düz deyir, ancaq nə olsun? Məsələ burasındadır ki, həmin anlarda onun könlü özü ilə deyil, o, könülsüzdür, çünki:

Könlüm qaldı qoca çinar

Kölgəsini salan yerdə.

Buna görə də o:

Mənə dərman verməyin,

Çiçək verin, təbiblər,

Həyatımın sonunda.

- deyir.

Mirvarid Dilbazi poetik nəfəsi ilə el ədəbiyyatına ən çox bağlı olan şairlərimizdən birididir. Aşıq Ələsgərin bir misrası ilə başlayan bu şeir – məhəbbət lirikasının bu sadə və səmimi nümunəsi Dilbazi yaradıcılığının estetik mayasını, estetik platformasını ifadə edir:

«Bülbül öldü meyli güldə.»

Mizrab susdu incə teldə.

Qəribsədim uzaq eldə,

Gözüm gəlməz, canım gəlməz.

Bəndi qırılmış çaylaram,

Selləri coşğun aylaram,

Hey səslərəm, haraylaram,

Mənim o sultanım gəlməz.

Keçir ilim, ayım, günüm,

Çatmır ona səsim, ünüm,

İstər selə, çaya dönüm,

İstər oda yanım, gəlməz.

Mən yuxarıda dedim ki, Mirvarid Dilbazi epoxa nümayəndəsidir və o epoxanın poeziyaya siyasi müdaxilə və təzyiqi ilə onun da yaradıcılığında rastlaşırıq, ancaq bu şairənin xoşbəxtliyi bundadır ki, onun istedadı sosrealizm çərçivələrinə pərçim olaraq qalmayıb, imkan tapdıqca azadlığa çıxmağı bacarıb.

Bu gün onu yaşadan da – həmin bacarığın qoyub getdiyi ən yaxşı şeirləridir.

Bu gün Mirvarid xanımın şeirləri deyir ki, onun şair ömrü də sosrealizm nikbinliyi içində keçməyib.

O, 1973-cü ildə «Mirvarid» adlı bir şeir yazıb və bu şeir mənim təsəvvürümdə onun özünün tam bir portretidir:

Mavi ümmandan ayrılan

Mirvarid – hicran daşıdır.

İntizardan ürəyi qan,

Bir gözəlin göz yaşıdır.

Sədəfdən ayrılıb o dürr,

Onunçün belə qəmlidir.

Kədərdən, qəmdən incəlib,

Həsrət ona üstün gəlib.

Mənim də bəxtimi bilib,

Mirvarid ad qoyub anam.

Bir incə dürrəm, ayrıldım

Mən də o mavi ümmandan.

Artıq sözə, elə bilirəm ki, ehtiyac yoxdur.

3.

1966-cı ildə mənim «Gənc yazıçının ilk kitabı» seriyasından «Min gecədən biri» adlı hekayələr kitabçam nəşr olundu və mən bir gənclik həvəsi və hövsələsizliyi ilə Yazıçılar İttifaqına qəbul olunmaq üçün ərizə yazdım.

Yazıçılar İttifaqı Rəyasət Heyəti qəbul ərizələrinə baxarkən, Mirvarid Dilbazi mənə etiraz etmişdi ki, hələ çox cavandır, indidən İttifaqa qəbul etmək düz deyil, qoy, onu həm yazıçı kimi, həm də bir şəxs kimi yaxşı tanıyaq, sonra baxarıq və beləliklə, mənim ərizəm kənara qoyulmuşdu.

Bu hadisədən 21 il sonra – 1987-ci il iyunun 18-də Yazıçılar İttifaqının təşkilat məsələsinə həsr olunmuş plenumu keçirilirdi.

Yazıçıların 1986-cı ilin mayında keçirilən VIII qurultayında rəhmətlik İsmayıl Şıxlı Birinci katib seçildi, ancaq çox keçməmiş, İsmayıl müəllim öz təşəbbüsü ilə işdən getməsi barədə AKP MK-da məsələ qaldırdı və MK-nın ideoloji işlər üzrə katibi Ramiz Mehdiyevin, eləcə də Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadənin iştirak etdiyi həmin 18 iyun plenumunda İttifaqın yeni Birinci katibi seçilməli idi.

Mən artıq bilirdim ki, Anar Birinci katib seçiləcək.

Məsələ burasındaydı ki, iki gün əvvəl axşam Anar mənə zəng etdi, həmişəki kimi gəzib, söhbətləşmək üçün dənizkənarı bulvarda görüşdük və səmimi söhbətimiz əsnasında Anar dedi ki, onun Birinci katib seçilməsi barədə fikir var.

Uzun sözün qısası, səhərisi gün, yəni iyunun 17-də MK-nın o zamankı Birinci katibi, rəhmətlik Kamran Bağırov məni görüşə dəvət edib, bir sıra vəzifələr təklif etdi və o cümlədən dedi ki, SovİKP MK-nın Siyasi Bürosu Azərbaycanda Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyətinin yaradılması ilə bağlı qərar qəbul edib. Bu qərar üçün çox çalışdıqlarından danışdı, Ermənistanda neçə illərdən bəri belə bir Dövlət Komitsinin fəaliyyət göstərdiyini, bizimlə bağlı Siyasi Büroda ən çox müqavimət göstərənin də Andrey Qromıko olduğunu dedi və bu Cəmiyyətin sədrliyini də mənə təklif etdi. Mən fikirləşib cavab verəcəyimi dedim. Sonda K.Bağırov bunu da soruşdu ki, Anarın Yazıçılar Birliyinin Birinci katibi seçilməsinə yazıçıların münasibəti yaxşı olacaq? Mən də: «- Əlbəttə!»- dedim.

Beləliklə, həmin təşkilat plenumunda ilk olaraq Əkrəm Əylisli Anarın namizədliyini irəli sürdü və Anar yekdilliklə Birinci katib seçildi.

Mən bütün bunları ona görə danışıram ki, Əkrəmdən sonra, birdən-birə və mənim üçün tamam gözlənilmədən Mirvarid Dilbazi ayağa qalxıb, mənim də namizədliyimi irəli sürdü. Mən ona təşəkkürmü bildirdim və təbii ki, namizədliyimi geri götürdüm.

Orasını da deyim ki, MK-ya mən özüm zəng etmədim, 18-də Anara dedim ki, «Vətən»lə bağlı razılığımı MK-ya çatdırsın, Anar da elə mənim yanımda Vəfa Quluzadəyə zəng etdi.

İndi baxın, 1966-cı ildə Yazıçılar İttifaqında Rəyasət Heyətinin iclası ilə 87-ci il plenumu arasından, dediyim kimi, 21 il keçmişdi və bu 21 ildə mən İttifaqın üzvü də oldum, 12 il orada mətbuat orqanları ilə iş və tənqid üzrə katib də işlədim (əvvəllər təşkilat işləri də məndə idi, sonra bununla rəhmətlik İshaq İbrahimov məşqul oldu). Bütün bu dövrdə Mirvarid xanım bir dəfə də olsun, məndən nəsə xahiş, mənə nəyləsə bağlı müraciət etməmişdi, ümumiyyətlə, Yazıçılar İttifaqına yalnız ədəbi məclislər, müzakirələr, tədbirlər zamanı gəlirdi və həmişə də öz sözünü deyirdi, sonacan da dediyi sözün arxasında dururdu, hərdən də mətbuatda bir yazım çıxanda mənə zəng edib təəssüratını söyləyirdi, fikrini deyirdi – ancaq bu qədər.

Yəni mən ona nəsə bir kömək edim, hansısa bir işinə yardımçı olum- filan – belə bir şey olmamışdı, sadəcə, Mirvarid Dilbazi ədəbiyyatı, ədəbi prosesi izləyirdi və başqalarının fikrindən asılı olmayaraq, lazım bildiyini də deyirdi.

Mən uzun illər bundan əvvəlki bu epizodu xatırlamaqla, obıvatelin hansısa özünə layiq nəticə çıxarması, güya mənimlə Anar arasında mənasız və çürük «qarşıdurma» mifi axtarması üçün yox, Mirvarid xanımın xarakterini, bu 21 ildəki təbəddülatı göstərmək üçün yazdım və bunu da yazmaq istəyirəm ki, o, mənimlə söhbətlərində, telefon danışıqlarında bizim ədəbi nəslin nümayəndələrinin yazılarını izlədiyini, təəssüratlarını söyləyirdi.

Onu da deyim ki, Mirvarid xanım yalnız bizim ədəbi nəslin yazı-pozusunu yox, ümumiyyətlə, ədəbi prosesi izləfyirdi, fikrini söyləyirdi və bu baxımdan onun İlyas Əfəndiyev haqqındakı xatirələrindən səciyyəvi bir epizodu qeyd etmək istəyirəm. Mirvarid xanım «İlyas Əfəndiyevin əsərlərini maraqla oxuyan oxucular sırasında» olduğunu deyərəçk, yazır: «Mən «Sən həmişə mənimləsən» pyesinə tamaşa etmişdim. Bu əsərə televiziyada 1996-cı ildə (İlyas Əfəndiyevin həyatının sonuncu ilində- E.) təkrar tamaşa etdiyim zamanyaşadığım duyğuların güclü təsiri ilə İlyas müəllimə və Həsənzadə obrazının mahir ifaçısı, ömrümdə bir dəfə kəlmə kəsmədiyim aktyor Rasim Balayevə zəng vurub, əsərin belə həlli və belə ifası üçün təşəkkür etdim.» (Sən həmişə bizimləsən, Bakı, «Gənclik», 1999, səh. 134.)

Və bir halda ki, söz İlyas Əfəndiyevdən düşdü, Mirvarid xanımın ömrünün sonlarında yazdığı «Fani dünya» şeirindəki («Ədəbiyyat qəzeti», 16 oktyabr 1998.) bu misraları da xatırlayıram:

Hanı İlyas, səhnəmizin bərbəzəyi?

Nurlu sənətkar ürəyi?..

Bu zərif vücudlu qadında böyük ədəbiyyat təəssübkeşliyi var idi və o, bütün daxili «mən»i ilə təmənnasız ədəbiyyat adamı idi.

4.

Bu dəfə isə xatirə məni 1993-cü ilə aparır.

Sentyabrın 1-də Baş nazirin müavini vəzifəsinə təyin edilmişdim və gəlib məni təbrik edən ilk adalardan biri də Mirvarid Dilbazi oldu. Bir daha təkrar edirəm ki, heç bir xahişi yox idi, sadəcə, on beş-iyirmi dəqiqə ədəbiyyatdan, sənətdən söhbət etdik, vəssalam.

Bizim münasibətlərimiz – ədəbiyyata münasibətimizin (ədəbiyyatla dostluğumuzun!) ifadəsi idi.

Bir müddət sonra isə Mirvarid xanımdan məktub aldım. Bu o vaxtlar idi ki, Mirvarid xanımın bacısı, yazıçı Yaqut Dilbazi (görkəmli ədəbiyyatşünasımız, mən gənclik illərində Nizami adına Ədəbiyyat İnstitutunda işləyəndə, bizim direktorumuz, professor Mirzağa Quluzadənin həyat yoldaşı, rəhmətlik Vəfa Quluzadənin anası) vəfat etmişdi.

Həmin məktubda mənimlə və İlyas Əfəndiyevlə bağlı yazılmış və bu gün mənim üçün çox əziz və qiymətli olan sözlər var. Arxivimdəki 20 dekabr 1993-cü il tarixli bu məktubu tam oxumaq, belə ümid edək ki, gələcək tədqiqatiçılar üçün maraqlı ola bilər, ancaq müasir oxucumuzda Mirvarid xanımın şəxsiyyəti və məramı barədə müəyyən bir təsəvvür yaratmaq üçün, həmin məktubdan heç olmasa kiçik bir parçanı, olsun ki, bir az da şəxsi təvazödən uzaqlaşıb, oxuculara təqdim etmək istəyirəm.

Mirvarid xanımın həmin məktubunda belə bir abzas var:

«Vəzifələr məhək daşıdır. İnsanın kamilliyi, naqisliyi burada sınanır. Vəzifələr sözün əsil mənasında nəcib, xeyirxah, ondan asılı olanlara əl uzadan, ləyaqətini uca tutan ziyalılara, nəcib, əməkçi insanlara verilməlidir. Ləyaqətli, kamil şəxs başqasının ləyaqətini də gözləyə bilir. Vəzifə başında Sizinlə ilk görüşümüzdən sonra yuxarıda dediyim müsbət keyfiyytləri Sizdə tapdığıma çox şad oldum.»

Mənim hələ uşaqlıq çağlarımdan etibarən tanıdığım və ehtiram bəslədiyim Mirvarid Dilbazi ömrünün sonuna kimi məhz belə bir ləyaqətlə yaşadı.

O məktubda belə bir cümlə də var: «Yeganə bacımı itirməklə dərdim yaşımdan çox oldu.»

82 yaşlı şairənin dərdi yaşından çox idi.

Bu gün 107 yaşlı Mirvarid Dilbazi isə xoşbəxt sənətkardır, çünki illər keçir, o isə öz oxucusu ilə bir yerdə olur.

Mirvarid xanımın xəstəxanada yazdığı belə bir kiçik şeiri də var:

Dörd divar,

Bir tavan,

Bir döşəmə.

Bir də

Ürəyimdə sıxıntı,

Kədər.

Sabahı gözləyən ümidlər…

Sabahım da bu günümə bənzəsə əgər?..

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də 88 yaşında vəfat etdi.

Mirvarid xanımın bu gün də oxunması, tanınması, əslində, xəstəxanadakı həmin «sabah» ümidlərinin təcəssümü və təsdiqidür və nə yaxşı ki, o «sabah»ın işığı heç vəchlə xəstəxana palatasına sığışıb qalmadı.

Onun «sabahı gözləyən ümidləri» gerçək oldu.

1 avqust 2020. Bilgəh.

P.S. Mən bu yazını adətim üzrə bir müddətdən sonra bir də nəzərdən keçirmək istədiyim vaxt, televizorda Prezidentimizin, Ali Baş Komapndanın xalqa müraciəti göstərildi və həyatım boyu eşitdiyim ən gözəl xəbərlərdən birini, birincilərdən birini eşitdim: Şuşa işğaldan azad edilib!

Və Mirvarid xanımın Şuşa mənzərəsini, Şuşa ab-havasını ifadə edən bu şeiri yadıma düşdü, elə bğu gün də onun kitabını açdım və o şeiri təzədən oxudum:

Ağ duman bürüdü dərəni, dağı,

Gizləndi dağların gözəli Şuşa.

Meh vurub uçurdu o ağ duvağı,

Göründü şairin öz eli Şuşa.

Buludlar dayanıb qabaq-qabağa,

Şimşək alovunu tökəndə dağa,

Çökən qaranlığı bağçaya, bağa,

Nə gözəl dağıtdı yaz yeli, Şuşa.

Çəmənlər yuyundu yağış selində,

Açsıldı yarpağı qönçə gülün də,

Duman seyrəkləşdi dağlar belində,

Ötdü qumruların şən dili, Şuşa.

Nur saçdı al qurşaq göyün üzündən,

Meh ətir payladı Cıdır düzündən,

Daşdı çeşmələrin suyu gözündən,

Axdı dərələrdən dağ seli, Şuşa.

Sənə Natəvanın gözüylə baxdım,

Coşğun çeşmə kimi, çay kimi axdım,

Açıldı mənim də şairə baxtım,

Ey yaşıl düzlərin gözəli Şuşa.

Sən qədim şəhərsən, möhkəm qalasan,

İstərəm gün-gündən abad olasan,

Dağların qoynuna işıq salasan,

Dünya görə bizim gözəli, Şuşa.

Güman edirəm ki, oxucu da bu misralardakı sevimli Şuşa məhəbbətini, Şuşa təmizliyini hiss edəcək.

8 noyabr 2020. Bilgəh.


2207 oxunub

InvestAZ