XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Şuşanın qərargah bayrağının “taleyi” - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 11:46 / 08.11.2020

1992-ci ilin may ayında işğal ərəfəsində Şuşa şəhərindən çıxarılan və birinci Qarabağ müharibəsinin şanlı yadigarı olan bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib

Bayraq elə bir rəmzdir ki, millətin keçmişi də, gələcəyi də onun rənglərində, nişanələrində danışır. Bayraq xalqların taleyidir. Elə simvollarında hər bir xalqın mənəvi ideoloji düşüncəsini əks etdirən bayraqların da "taleyi” olur. Vaxtilə Şuşa şəhərinin qərargahında saxlanılan üçrəngli, ayparalı, ulduzlu bayrağımızın qəribə "taleyi” də xalqımızın qərinələr boyu keçdiyi keşməkeşli, enişli-yoxuşlu, acılı-şirinli tale yollarına bənzəyir.

O zamanlar vahid komandanlığa əsaslanan güclü ordumuz yox idi. Buna baxmayaraq, canlarını torpaq uğrunda fəda edən mərd, qorxmaz, cəsarətli vətənpərvər Azərbaycan oğulları Vətənin müdafiəsinə qalxıb dişinə qədər silahlandırılan mənfur ermənilərə qarşı qətiyyətlə mübarizə aparırdılar. Cəbhə bölgələrində könüllü yaranan hərbi birləşmələr Vətənimizin adının, qüdrətinin, qeyrətinin rəmzi olan üçrəngli milli bayrağımızdan döyüş bayrağı kimi istifadə edirdilər. Amma Bakıda siyasi partiyaların təsirində olan ayrı-ayrı hərbi birləşmələrin rəhbərləri peşəkar zabitlər deyildilər. Nəticədə Azərbaycan çoxlu şəhidlər verdi, Qarabağ və onun ətrafındakı rayonlarımız işğal olundu.

Erməni yaraqlıları Şuşa şəhərinə hücum edərkən qərargahda saxlanılan bayraq düşmənin əlinə keçməsin deyə ağır yaralanmış əsgər onu son nəfəsində öz silah yoldaşına verir. Şuşanın işğalından düz yeddi il sonra elə qırmızı rəngini şəhid qanından alan həmin bayraq Masallının Xırmandalı kəndində yaradılmış muzeyə hədiyyə olunub. Muzeyin yaradıcısı, Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəri Əmirəli Yaqubovun dediyinə görə, Şuşanın qərargah bayrağı muzeyə təqdim olunanda üzərində qan ləkəsi olab, lakin eksponatlar arasında səliqəli və təmiz görünsün deyə o, bayrağı yuduzdurub: "Çox sonralar mənə məlum oldu ki, həmin qan bayrağı xilas edərkən şəhid olan əsgərin qanı imiş...”

İndi muzeydə 800-ə yaxın eksponatlar sırasında təbərrik qorunan Şuşa şəhərinin qərargah bayrağı çağırışçıların və könüllü olaraq cəbhəyə yollanan gənclərin ziyarət etdikləri ən müqəddəs məkana çevrilib.

Muzeydəki fotostendlərdə İkinci Dünya müharibəsində həyatını itirən, eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların təltif olunduğu medalları var.

Qeyd edək ki, muzeydə kəndin ərazisindən tapılmış qədim məişət əşyaları da diqqəti cəlb edir. Muzeyin yaradıcısı Ə.Yaqubovun isə ən böyük arzusu qiymətli eksponat kimi saxlanılan bayrağın tezliklə Şuşada dalğalanmasıdır: "27 sentyabrdan üzü bəri Azərbaycan Ordusunun hərbi qüdrətinin, zabit və əsgərlərimizdə vətənpərvərlik və döyüş ruhunun nə qədər yüksək olduğunun Müdafiə Nazirliyinin hər gün verdiyi məlumatlardan şahidi oluruq. İnanıram ki, rəşadətli hərbçilərimizin əldə etdikləri qələbələr nəticəsində arzum tezliklə gerçəkləşəcək, 1992-ci il Şuşadan çıxarılan qərargah bayrağı azad Şuşamıza dönəcək və orada bərpa ediləcək muzeyin dəyərli eksponatlarından biri olacaqdır.”

Bəli, bu gün işğaldan azad olan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız ruhumuzu göy üzünün ənginliklərinə qaldırır. Üç rəngiylə Tanrıya üç köynək yaxın olan bayrağımız xalqımıza əsgərlərimizin qələbə müjdəsini verir. Şükranlıq duyğuları ilə 9 noyabr Dövlət Bayrağı Günü ərəfəsində qoy şair Balayar Sadiqin bu misraları müqəddəs dua kimi qəlbimizdən qopub haqqa qovuşsun:

Sən Şuşanın, Laçının üzərində dalğalan,

Ey milli qeyrətimin ən ovxarlı yarağı,

Azərbaycan bayrağı!



1965 oxunub

InvestAZ