XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Qızıl payız Şuşaya bayram libası biçib... - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 10:50 / 06.11.2020

Qarabağın amfiteatrı adlandırılan Şuşanın başı üzərindəki qara buludlar yavaş-yavaş dağılmaqdadır. Əsil - nəsibi Cavanşir elindən olan Pənahəli xanın Arran memarlıq üslubunda inşa etdirdiyi qədim Qalanın keşikçi bürcləri neçə gündür ki, yuxusunu qaçırıb. Qala körpüsü, Cıdır düzü, naxışlı xalı kimi qızılı xəzəl döşənmiş yollar, çığırlar Azərbaycan əsgərlərinin pişvazına çıxmağa hazırlaşırlar. Payız küləklərinin işğaldan azad edilən yüksəkliklərdə dalğalandırdığı üçrəngli bayraqlarımız Qarabağ səmasında şahin quşları kimi qanad açıb, məğrur-məğrur süzürlər. Üzü Şuşaya addımlayan müzəffər ordumuzun ötüb-keçdiyi döyüş yollarında doğma Vətənin ağacları ağac, bulaqları bulaq, qayaları qaya, daşları daş, quşları quş dilində əsgər və zabitlərimizə "xoş gəldiniz” deyirlər...

Payız fəslinin bu mülayim günlərində biz hamımız –arxa cəbhədə olanlar dua edirik ki, havalar xoş keçsin, qələbələri ilə ömrümüzə bahar təravəti qatan cəsur Azərbaycan oğullarını Allah hifz eləsin! Qoy payızın soyuğu, qışın ayazlı-şaxtalı günləri gələnə qədər Milli Ordumuz həsrətini illərlə çəkdiyimiz yurd yerlərini son qarışınacan işğaldan azad etsin! Bəli, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıdan sonra indi qızılı boyalı payız Şuşaya sanki bayram libası biçib...

Hər guşəsində bir az xəfif, bir az da səssiz, gah nisgilli, gah da ümid dolu musiqi dolaşan Qarabağın baş tacı işğala qədər ulu Tanrının yaratdığı gözəl sənət əsərinə bənzəyirdi. Sahəsi 350 hektar olan Şuşanın qərb tərəfi dəniz səviyyəsindən təxminən 1800 metr, şərq tərəfi isə 1400 metr yüksəklikdədir. Şəhərin "Cıdır düzü” adlanan cənub tərəfi nisbətən hündür və horizontal düzənlikdir. Azərbaycan musiqisinin məbədi və beşiyi olan bu füsunkar şəhərin mərkəzinə yeganə nəqliyyat yolu Ağdam-Əsgəran-Xocalı-Xanbağı-Ağa körpüsündən ötüb keçirdi. Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Şuşa şüşə kimi təmiz, saf havası, səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Hələ 1903-cü ildə Tiflisdə nəşr olunmuş "Vestnik Kavkaza” jurnalında Şuşanın görünüşünün orta əsr Avropa şəhərlərini xatırlatdığı barədə məqalə dərc edilmişdi. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, onlar Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayıblar. Azərbaycanın tarixi şəhəri olan Şuşa xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən möcüzəvi "Xarı bülbül” gülü ilə də dillər əzbəridir. "Xarı bülbül" təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir.

Şuşanın gözəlliyini bütün dövrlərdə səyyahlar, salnaməçilər, şair və yazıçılar vəsf ediblər. Haqqında nə deyilsə, nə söylənsə, hamısı da Şuşaya yaraşır. Vaxtilə Azərbaycanın bənzərsiz şəhəri olan Şuşanın gözəlliyini, möhtəşəm gecəsini seyr edən xalq şairi Məmməd Araz demişdi:

Gecənin qoynunda yanır dağ şəhər,

Fəzadan asılı, çilçıraq şəhər.

Dağlar öz ovcunda yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu...

Şübhəsiz ki, bu gün Şuşada hara baxırsan bax, hansı küçəyə, meydana boylanırsan boylan, orada başdan-başa dağıdılmış tarix, mədəniyyət abidələrini görəcəksən. Qafqazın kiçik Parisi adlandırılan bu şəhər XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. İlk dəfə 1905-1907-ci illərdə ermənilər tərəfindən hücuma məruz qalan Şuşa şəhəri yandırılmışdı. 1920-ci ildə isə ikinci dəfə şəhərin xeyli hissəsi daşnak quldurları tərəfindən dağıdılmışdı. 1992-ci ilin mayında Qarabağın qeyrət rəmzi olan Şuşa ücüncü dəfə erməni təcavüzünə məruz qaldı... 30 ilə yaxındır ki, Şuşanın xarabalıqlarını internet saytlarında, xarici jurnalistlərin çəkdiyi şəkillərdə görürük.

Burada 300-ə yaxın dini, tarixi-mədəniyyət abidəsi, o cümlədən Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox qədim yaşayış binası, məbədgah və məscidlər, eləcə də 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, səkkiz mədəniyyət evi, dörd texnikum, iki institut filialı, yeddi uşaq bağçası, dörd kinoteatr, beş mədəniyyət və istirahət parkı, iki sanatoriya, turist bazası, iki mehmanxana, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi dağıdılaraq talan edilib. Onu da qeyd edək ki, tarixi abidələrdən 23-ü respublika və dünyamiqyaslı abidələrə şamil olunurdu...

Xan qızı Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və sair abidələr Şuşada itirdiyimiz maddi-mədəniyyət xəzinələridir. Şuşada 17 məhəllə, hər məhəllədə hamam, məscid, bulaq vardı. Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı.

Məscidlərin qapı-pəncərələri, dam örtüyü sökülüb, Tanrı dərgahına ucalan minarələrini mərmilər dağıdıb. Bəzi məscidlərdə ermənilər donuz saxlamaqla özlərinin müsəlman türklərinə sonsuz nifrətini sərgiləyirlər. Amma bu kin-kidurət şəhərin qürurunu, qəddini düşmənin murdar niyyətləri qarşısında əyə bilmədi, işğalçı ermənilər nə qədər vəhşiliklər törətsələr də, Şuşanın gözəlliklərini əlindən ala bilməyiblər... Bir sözlə, Qarabağın ürəyi adlanan belə bir müqəddəs şəhərdə hiyləgər, məkrli, işğalçı erməni-faşistlərinin sonu yaxınlaşır. Şuşanın azadlığına gedən yollar təkcə Mеşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Daşaltıdan ötüb keçmir, həm Azərbaycanın hər bir bölgəsindən, hər bir vətəndaşının qəlbindən keçib gedir. Qələbə ovqatı bəxş edən bu günləri uzun illərdir gözləyirdik...

Şairlər adətən payıza ayrılıq fəsli də deyirlər... Payızdan bahara da yollar görünür. Atalar deyib ki, xeyir içində şərim olunca, şər içində xeyrim olsun! Mərd ərənlərimiz Vətən uğrunda qanından-canından keçirlər. Doğma Azərbaycanımızın göz bəbəyi Şuşa nisgilimiz də əminik ki, xalqımıza Qələbə gətirən bu payız günlərində, 29 illik ayrılıqdan sonra başa çatacaq... Beləcə vüsalına qovuşduğumuz Şuşamızın sonra qış nağılı başlayacaq: düşmənin bağrına dağ basıb, yandırıb-yaxan igid Azərbaycan əsgərinin gücündən, qüdrətindən bəhs edən gerçək qəhrəmanlıq nağılı...

Bəli, Şuşamız neçə payız görüb, neçə qış görüb. Amma ötən payızlara bənzəməyən bu payız günlərində işğal da bitəcək, həsrət də, didərginlik də... Bakımızın da, Şuşamızın da, Odlar yurdumuzun bütün şəhər və kəndlərinin də bu payız arzuları çıçək açacaq. Vətənimizin başı üzərində qələbə və azadlıq günəşi doğacaq... Yenə dağlar qoynunda amfiteatra bənzəyən Şuşadan ovuc içi kimi görünən Xankəndiyə yüksəklikdən boylanacağıq və fəxrlə bütün dünyaya "Qarabağ Azərbaycandır!” deyəcəyik...

05.11.2020


1766 oxunub

InvestAZ