XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021



MÜHARİBƏ REALLIQLARI VƏ SOSİAL ŞƏBƏKƏDƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
YAZARLAR 17:09 / 30.10.2020

Yeni texnologiyaların təşəkkül tapdığı müasir dövrdə dövlətlər arasında hərbi münaqişələrin həllinə yönəlmiş savaş yalnız məhdud döyüş meydanında getmir, həm də geniş informasiya məkanında yaşanır.

Bu gün Azərbaycan Ordusunun 30 il ərzində Ermənistan silahlı qüvvələrinin tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı Vətən müharibəsi bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar keçirməklə strateji yüksəklikləri, kənd, qəsəbə və şəhərləri işğaldan azad edən, bununla da haqq və ədalətin qələbəsinə imza atan müzəffər Azərbaycan Ordusu ölkə başçısının qeyd etdiyi kimi, faktiki olaraq BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi, lakin bu günə kimi masa üzərində qalmış məlum qətnamələrini təkbaşına icra etməkdədir.

Acınacaqlı taleyinə məğlubiyyət hökmü yazıldığına baxmayaraq gündən-günə azğınlaşan, insanlıq simasını itirən düşmən hər gün dinc əhalini hədəfə götürür, cəbhə xəttindən uzaq yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur, günahsız körpələrin, qadınların və qocaların həyatına son qoyur.

Beynəlxalq birlik hələ də susur... Ağızdolusu haqq və ədalətdən danışan, münaqişəli problemlərə ikili standartlarla yanaşmağa isə adətkərdə olmuş nüfuzlu (?) beynəlxalq təşkilatlar öz mənfur niyyəti və insanlıqdan uzaq əməlləri ilə sülhü və əmin-amanlığı təhlükə altında qoyan işğalçı dövləti cəzalandırmağa tələsmir.

Bütün bunlar xalqımızın 30 illik ümidlərini 30 günə gerşəkləşdirən Vətən müharibəsinin reallıqlarıdır. Ölkə ərazisində yaşanan hadisələr kütləvi informasiya vasitələrində geniş şərh olunur, sosial şəbəkələrdə müzakirə edilir. Otuz il qaçqın və köçkün həyatı yaşamış, yurd-yuvasından didərgin düşmüş, bu gün isə doğma torpağa qədəm basmaq imkanından sevinc hissi yaşayan soydaşlarımızla yanaşı, müharibənin ağrı-acısından uzaq olan, məşəqqətli qaçqın həyatını dadmayan həm yaşlı insanlar, həm də gənclər baş verən hadisələrə sosial şəbəkələrdə öz münasibətlərini bildirir, müharibə reallıqları ilə bağlı fikirlərini bölüşürlər.

"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi son bir ay ərzində məlum hadisələrlə bağlı sosial şəbəkələrdə istifadəçilər tərəfindən paylaşılan məlumatları nəzərdən keçirmiş, onları forma və məzmun baxımından təhlil edərək müəyyən nəticələr əldə etmişdir. Məlum olmuşdur ki, Facebook səhifələrinin əsas mövzusu bu gün Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün, bölgədə haqq və ədalətin, sülhün və əmin-amanlığın təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi döyüş əməliyyatları, igid əsgər və zabitlərimizin rəşadəti və qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyətli mövqeyi, erməni vandallarının dinc əhaliyə qarşı törətdikləri cinayətlər, beynəlxalq birliyin ölkə ərazisində baş verən genişmiqyaslı terror aktlarına tam laqeydliyi, təcavüzkarın raket zərbələri nəticəsində dağıdılmış şəhərlər və kəndlər, amansızlıqla qətlə yetirilmiş körpələr, qadınlar və qocalar barədə rəngarəng məzmunlu məlumatlardan ibarətdir.

Müxtəlif yaş qrupuna aid bir qrup şəbəkə istifadəçisinin səhifələri ilə tanışlıq nəticəsində son bir ay ərzində məhz bu mövzuların ümumi yazışmaların təqribən 96 faizini təşkil etdiyi bəlli olmuşdur. Sosial şəbəkə vasitəsilə fikirlərini və hisslərini bölüşənlər Orduya yüksək əzm və məharətlə rəhbərlik edən Ali Baş Komandana öz dərin hörmət, ehtiram və sevgisini ifadə edir, Prezidentin dövlətimizin və xalqımızın milli maraqlarından qaynaqlanan, hər bir vətəndaşın arzusu və istəyini əks etdirən qətiyyətli mövqeyini ürəkdən dəstəklədiklərini bildirirlər. Şəbəkə istifadəçilərinin Ordumuza olan inamı, Vətən yolunda canından keçməyə hazır olan əsgər və zabitlərimizə sonsuz sevgisi paylaşmaların əsas leytmotivini təşkil edir. Döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimiz, terror aktları nəticəsində amansızlıqla qətlə yetirilmiş günahsız insanlar barədə yazılar və fotoşəkillər isə hər bir izləyicini hədsiz dərəcədə kədərləndirir, onun mənfur düşmənə qəzəb və nifrətini artırır.

Səhifələrlə tanışlıq bir daha göstərir ki, vətənpərvərlik ruhunda fikirlərini paylaşan şəbəkə istifadəçiləri yaşından, milli mənsubiyyətindən, sosial durumundan asılı olmayaraq, 30 il həsrətlə gözlədiyimiz böyük qələbənin çox yaxın zamanlarda arzudan reallığa çevriləcəyinə, sülhün və ədalətin bərpa olunacağına tam əmindirlər. Təsadüfi deyildir ki, yazı müəlliflərinin fikirlərini tamamlayan təsvirlərin böyük əksəriyyətində dövlət bayrağı (mövzu ilə bağlı fotoşəkillərin 75%-ində) və ölkə xəritəsi (44%) öz əksini tapmış, işğaldan azad edilmiş ərazilərin tarixinə, təbiətinə dair çoxsaylı fotoşəkillər yerləşdirilmişdir.

Ən önəmlisi isə son iki həftə ərzində sosial şəbəkədə yerləşdirilən məlumatların izləyicilərə yalnız dövlət dilində deyil, həm də bir çox xarici dillərdə təqdim edilməsidir. Erməni qəsbkarları tərəfindən törədilən cinayətlər, sonsuz qəddarlıqla həyata keçirilən təxribatlar, Gəncə, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və qəsəbələrdə dinc əhali arasında itkilərlə nəticələnən terror aktları barədə fikirlərin ingilis, alman, fransız, rus, çin, ərəb, fars və digər dillərdə şəbəkə izləyicilərinə çatdırılması ölkədə ictimai rəyi əks etdirmək iqtidarında olan sosial şəbəkənin sıravi istifadəçilərinin xarici ölkə vətəndaşlarını və KİV nümayəndələrini düzgün və dolğun məlumatlandırmaq istəyindən irəli gəlir və olduqca təqdirəlayiqdir.

Lakin apardığımız müşahidələr bəzi istifadəçilərin şəbəkədə ünsiyyət mədəniyyətinə kifayət qədər malik olmadıqlarını, rəsmi dövlət qurumlarının dəfələrlə edilmiş xəbərdarlıqlarına baxmayaraq hərbi silah və sursat, coğrafi mövqe, yüksəkrütbəli hərbiçilərlə bağlı məlumatları əks etdirən fotoşəkillər paylaşdıqlarını, ədəbsiz söz və ifadələrdən, hətta küçə söyüşlərindən istifadə etdiklərini üzə çıxarmışdır. Düşmənə olan nifrəti ifadə etməkdə çətinlik çəkən, lüğət ehtiyatında müvafiq söz tapmayan yeniyetmə və gənc yaşlı istifadəçilərin etik çərçivədən tamamilə kənar və milli əxlaqımıza yaraşmayan sözlərdən, daha doğrusu, "çoxmərtəbəli” söyüşlərdən istifadə etməsi təəssüf hissi doğurur. Düşüncə və hisslərin bu cür ifadə tərzi haqq və ədalət, sülh və sabitlik, işğaldan azad olunan ərazilərdə mədəni irsin bərpası uğrunda mübarizəyə qalxmış sivil dövlətin vətəndaşına, mədəni xalqın övladına baş ucalığı gətirmir.

Unutmayaq ki, sosial mühitdə (bu mühit virtual olsa belə) insanlar arasında ünsiyyət mədəniyyəti hər bir kəsin şəxsi davranış mədəniyyətinin, onun mənəviyyatının və əxlaqının göstəricisidir. Həm də cəmiyyətin sosial mədəniyyətinin əksidir. Bəlli şəraitdə uğur əldə etmək naminə, düşmənlə savaşda qələbə naminə bir sıra itkilərə məruz qala bilərik. Amma mənəviyyatımızın, əxlaqi dəyərlərimizin itirilməsi qətiyyən yolverilməzdir. Belə olan halda bütün varlığı ilə insanlıqdan uzaq düşmüş, mənəviyyatı murdaşlaşmış düşməndən nə fərqimiz?

Bu gün hər birimiz ekran qarşısında əyləşib Ali Baş Komandanın müzəffər Ordumuzun böyük qələbəyə yol açan növbəti uğurları barədə xoş xəbəri böyük səbirsizliklə gözləyir. Eşidib qürurlanır və sevinirik...

Şəhidlərimiz və dinc əhali arasında həlak olanlar barədə məlumatlar bizi sarsıdır. Qəhərlənirik...

Beynəlxalq aləm susmaqdadır. Təssüflənirik...

Taleyinə məğlubiyyət yazdığımız düşmən azğınlaşır. Qəzəblənirik...

Ana dilimiz yaşadığımız bu hissləri ifadə edə biləcək sözlərlə kifayət qədər zəngindir. Həm canlı, həm də virtual ünsiyyətdə bu zənginliyi qoruyub saxlamaq hər birimizin borcudur.

Ruhiyyə Məmmədova,

"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri


3032 oxunub

InvestAZ