XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020



BU GÜN ON MİLYON BİR NƏFƏRDİ
MÜSAHİBƏ 17:02 / 23.10.2020

Biz o günlərin astanasındayıq

Bütün Azərbaycan tarixinin ən şərəfli anlarını yaşayır. Bu şərəfi də bizə bəxş edən Ordumuz və onun Ali Baş Komandanıdır. Belə məqamda qazilərlə, Qarabağ savaşının ilk mərhələsinin iştirakçıları ilə həmsöhbət olmaq, onların baş verənlərə münasibətini, eləcə də xatirələrini dinləmək bir növü sevincə sevinc qatmaqdır. Bax, elə "Azərbaycan” nəşriyyatında qarşılaşdığım sabiq komandirlərdən biri, Laçın Alayının ilk təşkilatçısı və rəhbəri olmuş qazi Arif Paşa ilə söhbətimdə də həmin o hissləri, o duyğuları, o məqamları bölüşməyə çalışdım. Necə deyərlər, bir növü fürsətdən yararlandım. Və...

- Arif bəy, xoş gördük. Bizim də, sizin də, bütövlükdə xalqımızın da gözləri aydın!

- Təşəkkür edirəm. Həqiqətən xoşbəxt anlar yaşayırıq.

- Arif bəy, birbaşa soruşacam, bu günü gözləyirdinizmi?

- Bilirsiniz, hər bir qazi kimi, hər bir müharibə iştirakçısı kimi, hər bir yurdunu-yuvasını itirmiş soydaşımız kimi bu günü yuxumda da, xəyalımda da görürdüm. Qismət oldu, bu xəyallar, bu yuxular gerçəkləşdi. Necə deyərlər, bizim nəsilə bu xoşbəxtlik nəsib oldu. Düşünürəm ki, insan olan üçün, insan doğulan üçün bundan böyük xoşbəxtlik yoxdur. Şükürlər bu günə...

- Arif bəy, sizi tanıyan hər kəs, o cümlədən də mən keçdiyiniz döyüş yolundan xəbərdaram. Dəfələrlə də həmsöhbət olmuşuq. Sonuncu dəfə sizi Füzuli ərazisində görəndə üz-gözünüzdən yorğunluqla yanaşı, bir qəzəb də tökülürdü. Sanki yerə, göyə asi düşmüşdünüz. Bu gün isə çöhrənizdən nur yağır.

- Bilirsən, onda Qubadlının, Laçının yaraları qan verirdi. Mən ağlıma sığışdıra bilmirdim ki, düşmən o yerləri alıb. Çəkdiyimiz əziyyətlər, verdiyimiz şəhidlərin qanı ortada qalıb. Bizim olana düşmən sahib çıxıb. Üstəlik, döyüşdə gözümün önündə şəhid düşən əsgərlərimin çöhrələri, son sözləri, ümumiyyətlə, o zamanın özü bir ağrıya-acıya çevrilib məni xışlayırdı. Ona görə də əsəbi idim, gərgin idim. Hətta sizlərlə də, digər dostlarla da danışanda özümü ələ ala bilmirdim. Bu gün də o qisas, o ağrı-acı hiss canımda, qanımdadı. Amma həmin o qisas hissini, o ağrı-acını bir məlhəm ovudur. Bu məlhəm də azad olunan torpaqlar, kəndlər, qəsəbələr, rayonlardı. İçimdəki nə varsa, elə orda qalır. O vaxta qədər qalacaq ki, bütün işğal olunmuş torpaqlarımız azad olunacaq. Hər kənddə, hər rayon mərkəzində bayraqlarımız dalğalanacaqdı, sərhədlərimizin bütövlüyü təmin olunacaqdı. Ondan sonra isə mən yalnız içimdə düşmənə nifrət hissini yaşadacam. Çünki o düşmən insan deyil, o əqrəbdi, o insanlıqdan uzaq vəhşi bir zümrədi. Onlara ancaq nifrət etmək lazımdır. Sənin qeyd etdiyin məqam, yəni çöhrəndəki nur, təbəssüm də, məhz qələbəmizin ifadəsidir.

- Arif bəy, Azərbaycan tarixində elə bir hadisə baş verib ki, onu nə Sovet dönəmində, nə də müstəqil Azərbaycanın tarixində 27 sentyabr 2020-ci ilə qədər müşahidə etməmişdik. Yəni 27 sentyabrdan sonra ölkədə mövcud olan 50 siyasi partiya Azərbaycanın Ali Baş Komandanına müraciət etdi. Xalq, ordu və hakimiyyət Ali Baş Komandanın ətrafında birləşdi. Bax, bu birlikdə siz hardasınız?

- Doğru buyurursan, həqiqətən fenomen bir hadisə baş verdi. 88-ci ilin Azadlıq meydanı, 20 Yanvar faciəsi bunlar hamımızın gözünün önündədir. Biz onda da bir araya gəlmişdik xalq olaraq. Amma ordu və hakimiyyət onda xalqdan uzaq idi. Çünki ordu ayrı-ayrı qrupları özündə ifadə edirdi, könüllü və özünümüdafiə dəstələri idi. Hakimiyyət isə sovet rejiminin tör-töküntüsü idi. Həqiqətən Böyük Vətən Müharibəmiz 10 milyonu bir nəfər etdi. Mən müsahibələrimin birində vurğulamışam ki, əvvəllər biz 10 milyon insan başqa-başqa sifətlərdə, başqa-başqa nöqtələrdə olmaqla, hərəmiz də bir fərd idik. Birimiz 10 milyon ola bilmirdik. Bu gün isə 10 milyon bir nəfərdi, o da Ali Baş Komandandı. Ordumuzu da, xalqımızı da, dövlətimizi də idarə edir. Mən də o on milyonun içərisindəyəm.

- Arif bəy, döyüş bölgəsindən, orada baş, verənlərdən xəbəriniz var? Ümumiyyətlə, baş verənlərdən məlumatlısınız?

- Bəli, öncə Müdafiə Nazirliyinin rəsmi məlumatlarını, Ali Baş Komandanın xalqa müraciətlərini hamı kimi mən də səbrsizliklə gözləyir və qələbə xəbərlərini böyük coşqu ilə qarşılayıram. Qeyri-rəsmi formada isə bu gün səngərdə olan keçmiş əsgərlərim, dostlarım var. Onlarla da tez-tez bu və ya digər şəkildə əlaqə saxlayıram. Birmənalı şəkildə görürəm və eşidirəm ki, ordumuzda son dərəcə yüksək ruh yüksəkliyi var. Bu da əsas məsələdi. Ordunun döyüş qabiliyyətinin ən birinci şərti onun ruhudur. Qalib gəlmək üçün bu, ən vacib məsələdir. İkincisi isə bugünkü ordumuz bizim döyüşdüyümüz zamanın ordusu deyil. Vahid komandanlıq, vahid döyüş taktikası, müasir silah-sursat, yüksək texniki, həm də elektron idarəetmə imkanlarımız şəxsən məndə qürur hissi yaradır. İndi Azərbaycan Ordusu XXI əsrin ordusudu. Onun hər cür imkanları və ən vacibi də vətən təəssüfü, torpaq sevgisi var. Bunu üçün ancaq sevinmək lazımdır. Yeri gəlmişkən, xatırladım ki, müharibənin ilk mərhələsində ermənilərə ruslar hər cür silah-sursat verir, hətta özləri də onlarla birlikdə bizə qarşı döyüşürdülər. Bu, tarixi gerçəklikdi. Bu gün isə biz artıq onların özlərini də, onlara silah verənləri də, himayə edənləri də üstələmişik. Təbii ki, bu da rəhbərliyin xidmətidir.

- Arif bəy, döyüşlərin ağır getdiyi danılmaz gerçəklikdir. Düşəmnin nəyə arxayın olduğu da məlumdur. Belə bir məqamda siz döyüş bölgəsinin müəyyən bir sahəsini idarə edən komandirlərdən biri olmaq istərdinizmi?

- Bilirsən, bu barədə xeyli düşünmüşəm. Hətta elektron vasitə ilə Ali Baş Komandana da müraciət etmişəm. Digər səlahiyyətli dostlara, tanışlara üz tutmuşam ki, məni də səfərbərliyə alsınlar, o ərazini, o coğrafiyanı bilən bir adam kimi mən də səngərdə olum. Hətta biz keçmiş döyüşçülər, qazilər bir araya gəlib müəyyən güc birliyi yaratmışıq və hər an əmr gözləyirik. O ki, qaldı dediyiniz məqama, mən dəfələrlə vurğulamışdım, bu gün də demək istəyirəm ki, düşməndən alınmış ərazilərimizdəki hərbi istehkamlara baxanda içimdəki qisas hissinə bir qəzəb hissi də qarışır. Çünki 30 ildi onların orda nə iş gördüyünü beynəlxalq təşkilatlar, xüsusilə Minsk qrupu, onların monitorinq keçirən nümayəndələri məgər ermənilərin istehkam tikdiklərini görmürdülər? Necə silahandıqlarından xəbərsiz idilər? Əgər görmürdülərsə, demək kor idilər... xəbərləri yox idisə, demək kar idilər. Artıq bizim o qruplara və o monitorinqlərə heç bir ehtiyacımız yoxdur. Indi söz Ali Baş Komandanın və Azərbaycan əsgərinindi! Onlar da sözünü təkcə ermənilərə yox, həm də bütün dünyaya deyir. İndi biz diqtə edirik şərtləri: düşmən Azərbaycan torpağından çıxmalıdır! Onların başqa seçimi yoxdur!

- Arif bəy, bu gün bütün Azərbaycan sizin də, mənim də etiraf etdiyim kimi, artıq BİR NƏFƏRDİ. Belə bir anda siz həm sabiq komandir, həm qazi, həm də yurd həsrətli bir Azərbaycan vətəndaşı kimi özünüzü Laçınlı günlərdə necə görürsünüz?

- Bu sual hər zaman məni düşündürür. Amma o düşündüklərimin içərisində cavabını da çoxdan tapmışam. Bilirəm ki, söhbət Laçından gedir... ora qayıtdığım ilk gündən gedir... Sizi və oxucularınızı inandırıram ki, Laçına qayırdığım ilk anda mütləq məzarlığa gedəcəm. O məzarların önündə, özü də hər birinin bir anlıq sükutda dayanacam. Sonra dağdağan ağacının dibinə gedəcəm. laçında bizim bir dağdağan ağacı var. O, simvolumuzdu, onu ziyarət edəcəm. Həmişə ətrafına yığışardıq onun. Təbii ki, bundan sonra evimizə, doğmaların ünvanlarına baş çəkəcəm. Amma bütün bunlar mənim ağrılarıma məlhəm olmayacaq. Çünki erməni vandalizminin nəyə qadir olduğunu bildiyimdən ordakı məzarlığı da, evləri də gözümün önünə gətirmişəm. Ona görə içimdəki ağrı-acını, göynərtini sakitləşdirmək üçün əsgərlərimizin Laçında qaldırdığı bayrağın altına gedəcəm. Orada dayanıb hər şeyi həm xatırlayacam, həm də şükürlər edəcəm. Çünki bu torpaq üçün tökülən qan yerdə qalmadı. Biz qisasımızı da aldıq, gücümüzü də göstərdik. Bunu isə duymaq və yaşamaq lazımdır.

- Arif bəy, biz müharibənin nə olduğunu da bilirik, səngəri də tanıyırıq, yaşanan dərdlərin də çəkisini, ölçüsünü bilirik. Yəni hər ikimiz vətəndə vətənsiz olmuşuq. Bu gün isə şükürlər olsun, itirdiklərimizi geri alırıq. Belə məqamda ordumuza, oxucularımıza sözünüz.

- Mən hər kəsə gözün aydın olsun! – deyirəm. Ordumuzun hər bir əsgərinin qəhrəmanlığı önündə baş əyirəm. Və demək istəyirəm ki, bu gün üçün onlara sonsuz ölçüdə minnətdaram. Və nəhayət, biz özümüzə qayıdırıq. Deməli, biz böyükülüyümüzü bərpa edirik. Bu yolda xidməti olan hər kəsə, Ali Baş Komandandan tutmuş sıravi əsgərə qədər, ümumiyyətlə, ordu ilə bağlı xidməti olan hər kəsə təşəkkür edirəm. Və demək istəyirəm ki, canımla, qanımla, ruhumla onların yanındayam. Allah xalqımızı qorusun! Allah Azərbaycanı qorusun! Qarabağ Azərbaycandır!

... Mən Arif Paşa ilə etdiyim atüstü söhbətin müəyyən məqamlarını diqqətinizə təqdim etdim. Düşünürəm ki, bu məqamların, bu söylənən fikirlərin özündə də bir qazi məntiqi, bir qazi ruhu, bir qazi kimliyi göründü. O görünən bizim Laçınlı günlərimizdi. Biz o günlərin astanasındayıq.

Əbülfət MƏDƏTOĞLU


1557 oxunub

InvestAZ